Parlamentin payız sessiyası öz işinə başladı – YENİLƏNİR

Zahid ORUC: “Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək”

Oktyabrın 2-də  Milli Məclisin (MM) növbəti payız sessiyası öz işinə başlayıb.

Sessiya öz işinə dövlət himninin oxunması ilə srart verib.

zahid_oruc_esas

Etikxeber.az xəbər verir ki, sessiyanın ilk plenar iclasında cari məsələlərin müzakirəsi zamanı MM-in sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib:

O. Əsədov bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil: “O bu yaxınlarda Azərbaycanda səfərdə oldu. Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlamentdə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Burdan sonra Ermənistana səfər etdi, orada Ermənistan rəhbərliyi ilə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Bu onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə təyin edilməsinin özü də yanlışdır”. Spiker Azərbaycan prezidentinin BMT tribunasından qərb təşkilatlarının ikili standartlara yol verməsini bəyan etdiyini də xatırladıb.

Siyavuş Novruzov: “Bəzi partiyalar xaricdə müxtəlif yerlərdən qrantlar alır, heç bir maliyyə hesabatı vermir”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədə maliyyə hesabatı verməyən partiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edib. Bildirib ki, bəzi partiyalar xaricdə müxtəlif yerlərdən qrantlar alır, heç bir maliyyə hesabatı vermir: “Bir dəfə “Siyasi partiyalarhaqqında” qanuna dəyişiklik etdik və bunun Mərkəzi Seçki Komissiyasına konkret hesabat verməsini göstərdik. Amma indi MSK bildirir ki, bir qrup partiya maliyyə hesabatı versə də, bir hissəsi vermir. Biz ona görə bununla bağlı yenə dəyişiklik etməliyik ki, onlar maliyyə hesabatı versin”.

Vahid Əhmədov: “İnsanların banklara borcu 2 milyard manatdır ki…”

“Bu gün Azərbaycanda insanların banklara borcu 2 milyard manatdır. Bu, həddən artıq böyük və narahatedici rəqəmdir. Ötən il bu rəqəm 1,6 milyard manat olub”.Bunu millət vəkili Vahid Əhmədov bildirib.Millət vəkili qeyd edib ki, əhalinin kredit borcunun yüksək olması maliyyə bazarına neqativ təsir edən amillərdən biridir: “Bu gün banklar 28-30 faizlə kreditlər verir. Problemli kreditlərin həcmi azalmaqdansa, daha da artır. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra düşünürdük ki, banklarla ciddi məşğul olacaq. Amma təəssüf ki, bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatın sabitliyini qoruyur. Bu, müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Mən bunu dəfələrlə demişəm və bir daha təklif edirəm ki, yığışaq və banklarla söhbət edək. Soruşaq ki, nəyə görə kredit faizləri bu qədər yüksəkdir? Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək çətinləşir. Bunu da soruşaq ki, problemli kreditlərin öhdəsindən necə gələcəklər? Anlamalıyıq ki, bu, Azərbaycan iqtisadiyyatına neqativ təsir edən amillərdəndir. Təklif edirəm ki, bank rəhbərlərini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına çağıraq. Onlar da bizə məlumat versinlər ki, bu proses hara gedir, sonu necə olacaq”.

Zahid Oruc: “İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir…”

Millət vəkili Zahid Oruc isə Aşura mərasimi ilə bağlı danışıb: “Mən başa düşürəm ki, ölkəmizdə İmam Hüseyn müsibəti ürək ağrısı ilə yad edilir. Amma İmam Hüseynin müsibəti, İsa Məsihin çarmıxı kimi səhnələr din və qeyri-din adamlarını düşündürməlidir. Biz ötən gün bununla bağlı narahatlıq doğuran səhnələrin şahidi olduq”. Z. Oruc islam və xristian dinlərindəki mərasimləri müqayisə edib: “Xristianların dini mərasimlərində zəncir vurulduğunu, qan tökdüyünü, azyaşlıların belə səhnələri izləməyə aparıldığını görmüsünüz? Biz hansı dövrdəyik və hansı mərasimləri keçiririk? Məktəbi və kitabxananı Aşura mərasiminə qarşı qoymuram. Onlar deyirlər ki, məsciddə də kitabları yerləşdirmək olar. Məsciddən dövlət idarə olunmaz. Bir neçə gün öncə Suriyada dağıntıların altından tapılan 2 yaşlı Həcər və 3 yaşlı Abdullanı gördük. Valideynləri onları cənnət ümidi ilə xarabalığa aparıblar. Aşura mərasimində hicaba, çarşaba bürünən və dinin mahiyyətini anlamayan uşaqları gördükdə düşündüm ki, gələcəkdə Suriyaya göndərilən kamikadzelər yetişəcək. Mərasimlərin bu formada keçirilməsinə etiraz edirəm. Bunu inzibati qayda ilə tənzimləmək çətindir. Təhsil və təbliğatla bunun qarşısını almaq olar, biz bu barədə ciddi düşünməliyik”.

Məsələyə münasibət bildirən spiker öz növbəsində vəziyyətin diqqət cəlb etdiyini deyib. O, qanunvericiliyi xatırladaraq bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır: “Bizdə dövlət məsciddən idarə olunmur, oluna da bilməz”.

Aydın Mirzəzadə: “Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”

Digər YAP-çı millət vəkili Aydın Mirzəzadə Avropa Şurasının (AŞ) baş katibi Yaqlandın Azərbaycanla bağlı mövqeyinə toxunub: “Avropa Şurasının baş katibi Yaqland təşkilatın statusundan istifadə edərək Azərbaycana qarşı kampaniya aparır. O, artıq öz səlahiyyətlərinin çərçivəsini aşır. Deputat bildirib ki, Azərbaycan AŞ-yə öz dəyərlərinə söykənərək, şüurlu şəkildə qəbul olunub: “Lakin Avropa Şurasının baş katibi Yaqland Azərbaycanla təşkilat arasında soyuqluq yaratmağa, körpüləri yandırmağa çalışır. Onun hərəkətləri Avropa Şurasının nüfuzuna xələlə gətirir”. A.Mirzəzadə qeyd edib ki, AŞPA və Nazirlər Komitəsi bu məsələyə qiymət verməlidir. “Heç kim heç bir halda Azərbaycana qarşı kurator vəzifəsini yerinə yetirə bilməz. Azərbaycandan beynəlxal hüquq normalarına  zidd həhərəkət tələb etmək beynəlxalq diplomatik etikanı pozmaq deməkdir. Yaqland bilməlidir ki, Azərbaycan qarşı qeyri-qanunu addımlar atmaqla heç nə əldə etməyəcək”.

Qənirə Paşayeva: “Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir”

“Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var. Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk qrupuna aid olan ölkə vətəndaşının olmasıdır”. Bunu da plenar iclasda çıxışı zamanı deputat  Qənirə Paşayeva deyib. Deputat bildirib ki, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir: “Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır. Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk. Çox təəssüf ki, Minsk qrupuna daxil olan ölkələr, onlatın təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə, sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, işğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”. Q.Paşayeva Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə toxunub: “Türkiyə vətəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq”.

Cari məsələlərin müzakirəsindən sonra  MM-in payız sessiyasının qanunvericilik işlər planı müzakirə və qəbul olunub. 

İşlər planına Azərbaycan Prezidentinin, MM deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında”, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihələri, eləcə də Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri daxildir. Həmçinin, payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında”, “Kinematoqrafiya haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Peşə təhsili haqqında” qanun layihələri və s. daxildir.

Sonra iclasda  Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilməsi məsələsinə baxılıb.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, X.Abdullayev başqa işə keçməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması üçün müraciət edib. Millət vəkilləri müraciətə müsbət yanaşıblar.

Etikxeber.az

 

Read Previous

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan – Türkiyə 1-3 – FOTO- YENİLƏNİB (3)

Read Next

Deputatlar Zakir Fərəcovun separatçı “Bərzanipərəst” kadrından danışdılar və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir