Parlamentin payız sessiyasında təkliflər “sel kimi” axışdı, qarşılıqlı ittihamlar göydə uçuşdu… – YENİLƏNİB

QÜDRƏT HƏSƏNQULİYEVDƏN ARAZ ƏLİZADƏYƏ SƏRT SÖZLƏR…

Oktyabrın 1-də Milli Məclisin (MM) 2018-ci il payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, payız sessiyası dövlət himninin səslənməsi və oxuması ilə öz işinə start verib.

Parlament prezidentə minnətdarlıq etdi

İclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, parlamentin100 illiyi ilə bağlı sentyabrın 21-də xüsusi təntənəli iclas keçirilib: “ İclasda dövlət başçısı çıxış etdi. Prezident iclasda çıxışı zamanı parlamentin əhəmiyyətini xüsusi qiymətləndirdi və bu bizim üçün çox əhəmiyyətlidir. O dedi ki, Azərbaycanın qanunverici bazası çox mükəmməldir. Parlamentin fəaliyyətinə bu cür yüksək qiymət verdiyinə görə mən öz adımdan, həm də sizin adınızdan ölkə başçısına minnətdarlığımı bildirirəm”. Qeyd edək ki, spikerin sözləri alqışlarla qarşılanıb.

Spiker eyni zamanda əlavə edib ki, ötən yaz sessiyasında və növbədənkənar sessiyada parlamentdə 16 iclas keçirilib və 261 qanun və qərar qəbul edilib.

Fazil Mustafa: Azərbaycan məmurlarının qorunmasına ehtiyac var

Millət vəkili Fazil Mustafa çıxışında deyib ki, Azərbaycanda məmurları qoruyacaq heç bir mexanizm yoxdur. O, qeyd edib ki, ölkədəki məmurlar öz işlərini bilən savadlı və dürüst mütəxəssislərdir: “Amma müəssisə sahibi, komitə sədri, nazir dəyişən kimi məmurların problemləri yaranır. Hər bir nazir ya komitə sədri “öz meyarlarını” gətirir və oranı istədiyi kimi idarə edir. “Sözə baxmayanları” isə istədiyi vaxt işdən çıxarır. Heç  nəyi , o cümlədən, həmin məmurun keçmiş fəaliyyətini nəzərə almır. Ona görə də məmurları qoruyacaq hüquqi mexanizmlərin yaradılmasına ehtiyac var. Parlament bu məsələdə  öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.

 

Vahid Əhmədov:  Prezidentə müraciət edək ki,qanunun vaxtını uzatsın

İclasda əmanətlərin tam sığortalanması müddətinin uzadılması təklif olunub. Bu barədə millət vəkili Vahid Əhmədovzamanı deyib.
Onun sözlərinə görə, “Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi 2019-cu ilin mart ayında qüvvədən düşəcək: “Bu qanun layisəi 3 il müddətinə tam sığortalanmanı nəzərdə tuturdu ki, bu müddət də gələn ilin martında yekunlaşır. Xahiş edirəm ki, prezident bu qanun layihəsinin müddətini uzatsın. Çünki bank sektorunda vəziyyət ağırdır. Tam sığortalanm müddətinin uzadılmaması əhalinin banklardan əmanətlərini geri çəkməsi, banklarda kapitallaşma ilə bağlı problemlər yarada bilər. Onsuz ağır vəziyyətdə olan bank sektorunda vəziyyət daha da ağırlaşa bilər. Çünki bank sektorunda olan 8,4 milyard vəsaitin  40  faizi əmanətdir”.

YAP: Bələdiyyə üzvlərinin sayı azaldılsın

Deputat, YAP icra katibinin müavini  Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib. Qeyd edib ki, gələn il Azərbaycanda bələdiyyə seçkiləri  keçiriləcək: “Bələdiyyələrlə bağlı kifayət qədər qanunlar var. Amma bunların təkmilləşdirilməsinə ehtiyac var. Vaxt və say baxımından təkmilləşmə olmalıdır. Çünki bələdiyyə üzvlərinin sayı həddindən artıq say çoxdur. Bu qədər sayda bələdiyyə üzvünün təmsilçiliyinə ehtiyac yoxdur. Elə rayon var ki, 500-ə yaxın bələdiyyə üzvü var. Ən kiçik kəndlərdə belə 3-5 bələdiyyə üzvü seçilir. Bunlar nəyə lazımdır?”.

Deputat həmçinin milli adətlərlə bağlı olan  qanunlarımızın sərtləşdirilməsini təklif edib: “Burada istər yas, istərsə də toy mərasimləri yer alır. Artıq zamanı gəlib çatıb ki, bu məsələlər qanunla tənzimlənsin. İndi bunu ictimai tənbehlə tənzimləmək mümkün deyil. Ziyalılar çıxış edir, deputatlar da deyir, amma  nəticəsi yoxdur. Ona görə də qanun qəbul olunmalıdır”. 

Hikmət Babaoğlu: Sosial şəbəkələr qanunla tənzimlənsin

milli_meclis_esas_0478

Millət vəkili Hikmət Babaoğlu təklif edib ki, Azərbaycanda sosial şəbəkə istifadəçilərinin fəaliyyəti qanunla tənzimlənməlidir. O, qeyd edib ki, sosial şəbəkədən geniş istifadə olunur və bu baxımdan, bu sahənin qanunla tənzimlənməsi zəruridir. Deputatın sözlərinə görə, informasiya təhlükəsizliyi diqqət mərkəzində saxlanılmalıdır.

Spiker deputatlardan şikayətləndi…

Millət vəkili Qüdrət Həsənquliyev ingilis dilinin tədrisi ilə bağlı məsələ qaldırıb. Millət vəkili çıxışı zamanı deyib ki, bu gün ingilis  dili beynəlxalq dildir, ancaq Azərbaycanda bu dilin öyrənilmə səviyyəsi yetərli deyil: “Xüsusilə də, beynəlxalq tədbirlərdə iştirak zamanı bu məsələdə ciddi problemlər yaranır. Gürcülər və ermənilərlə müqayisədə bizimkilər bu dildə yaxşı danışa bilmirlər”.

Deputata cavabında isə spiker  bunları bildirib: “Mən bir müddət əvvəl parlamentdə  ingilis dilinin öyrənilməsi ilə bağlı təşəbbüslə çıxış etdim. Amma kurslar açılmasına baxmayaraq, öyrənməyə gedən olmadı. Kurslar yarımçıq qaldı…”.

Araz Əlizadənin  xahişi Qüdrət Həsənquliyevi əsəbləşdirdi…

“Bəzi deputatlar Qarabağ məsələsində insanlarda ruh düşkünlüyü yaradırlar”. Bunu millət vəkili Araz Əlizadə deyib. “Bəziləri deyirlər ki, gəlin filankəsə, filan dövlətə yalvaraq ki, bizim torpaqlarımızı qaytarsın. Biz kiməsə yalvarmamalıq. Ölkə başçımız da bu məsələdə öz iradəsini, qətiyyətini ortaya qoyub. Dəfələrlə deyib ki, lazım gəldiyi vaxt torpaqlarımızı güc yolu ilə də qaytara bilərik. Ona görə Oqtay müəllim Sizdən xahiş edirəm ki, deputatlara göstəriş verəsiniz ki, insanlarda ruh düşkünlüyü yaradan fikirlər söyləməsinlər”, – deyə deputat bildirib.

Buna cavabında O. Əsədov bu məsələdə həddindən atrıq ehtiyatlı davranılmasının gərəkdiyini bildirib: “Düzdür, mən kiməsə göstəriş verə bilmərəm ki, hansısa fikri söyləməsin, amma onu bilirəm ki, bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq. İndi mən çox məsələləri dilə gətirmək, debat açmaq istəmirəm, amma ehtiyatlı olmalıyıq”.

A.Əlizadənin fikirləri isə deputat Q. Həsənquliyevi əsəbiləşdirib.  O, qeyd edib ki, sentyabrın 15-də Bakıda möhtəşəm parad keçirildi. Bu parad müəyyən dairələrdə də qıcıq yaratdı: “O cümlədən, Rusiyayönümlü deputatları da qıcıqlandırdı. Yəqin ki, Araz Əlizadəni də narahat etdi. İndi bu cür çıxışları ilə Araz Əlizadə öz keçmişini və  kimliyini unutdura bilməz. Biz bilirik ki, o 90- cı illərdə burada necə çıxış edib. Hansı işləri görüb və kimə bağlıdır”.

Yenidən müzakirəyə müdaxilə edən O. Əsədov isə belə deyib: “Çalışaq ki, bir-birimizə dözümlü olaq. Mən çalışıram ki, kiminsə xətrinə dəyməyim”.

“İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”. Bunu Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov təklif edib. Ə.Amaşov bildirib ki, internet medianın hüquqi əsasları qanunla tənzimlənməlidir: “Bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər”. Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.

 

Deputatların çıxışlarından sonra payız sessiyasının qanunvericilik işləri planı səsə qoyularaq, qəbul edilib.

***

Vaxt itkisinə yol verməmək üçün qanuna dəyişiklik edilir

İclasda sonra “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik məsələsi parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, qanunun 29.2-ci maddəsində “Bir” sözünün  “Ad və ya rəqəm dəyişiklikləri ilə əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla, bir” sözünün  ilə əvəz edilməsi təklif olunur. Qeyd edək ki, normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədi ilə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa əsasən belə bir təklif edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Qənirə Paşayeva və Əli Məsimlidən təhsillə bağlı önəmli təkliflər…

Read Next

Məcburi köçkünlərə növbəti güzəşt: Qanunlara bununla bağlı dəyişiklik edilir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir