“Paşinyan, Ermənistan tərəfi yenə öz dilinin bəlasına düşdü desək, səhv etmiş olmarıq”-DEPUTATLAR “ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİNİ DƏYƏRLƏNDİRDİLƏR

Avropaya inteqrasiya ilə bağlı fəal siyasət yürüdən Azərbaycanın bu istiqamətdə atdığı addımlar Qərbdə geniş təqdir olunmaqdadır. Elə bunun nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini vacib hesab edirlər. Milli maraqlarımız çərçivəsində görülən işlərin əsas məqsədi dünya dövlətləri ilə qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir.

Etikxeber.az xəbər verir ki, bu sözləri deputat Müşfiq Cəfərov söyləyib.

O, bildirib ki, “Şərq tərəfdaşlığı” proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. 2008-ci ilin may ayında təsis olunan proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü sürətləndirmək və bu istiqamətdə əməli addımlar atmaq idi. “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqının son illərdə Şərq qonşuları ilə əlaqələrinin inkişaf etməsinə, daha da dərinləşməsinə xidmət edir.

M. Cəfərov deyib ki, “Şərq tərəfdaşlığı” proqramına daxil edilən ölkələr, o cümlədən Azərbaycan son dövrlərdə xeyli üstünlüklər əldə edib. Buna nümunə kimi proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsini göstərmək olar. Bununla da vahid və hərtərəfli azad ticarətin inkişafına zəmin yaradıldı.

“Şərq tərəfdaşlığı”nın fəaliyyətini təhlil edən deputat bildirib ki, proqramda perspektivdə tərəfdaş ölkələrin vətəndaşları üçün vizasız rejimin tətbiqinin nəzərdə tutulması lahiyəsinin hazırlanması da nəzərdə tutulurdu:

“Bu proqram ölkəmiz üçün həyata keçirilən növbəti uğurlu addım oldu. Bununla da 2013-cü ildə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalandı. Bu, Avropaya inteqrasiyanı daha da sürətləndirən amil oldu. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Bu gün Azərbaycan vətəndaşlarına qısamüddətli Şengen vizası almaq üçün daha az sənəd toplusu hazırlamaq lazım olur, onların baxılma prosesi də daha az vaxt tələb edir. Həmçinin vizanın qiyməti də iki dəfə azaldılıb.

2019-cu ildə proqramın yaradılmasının on illik hesabatında göstərilirdi ki, bu illər heç də hədər keçmədi, əksinə, tərəflərin müxtəlif sahələrdə qurulan əməkdaşlığında əhəmiyyətli nəticələrə nail olundu. Avropa İttifaqına təqdim olunan hesabata görə, 10 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayəlar qoyub və ölkənin əsas ticarət tərəfdaşı olub. Ölkəmizin ümumi ticarət dövriyyəsinin 48,6 faizi təşkilata üzv ölkələrin payına düşüb. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı ilə əhatə olunan 9 üzv ölkələrin içərisində Avropa İttifaqı ilə həyata keçirilən Tvinninq layihələrinin sayına görə də ön sıralarda dayanır. Bu lahiyələrin 38-i reallaşıb, 10-i isə hələ də həyata keçirilməkdədir”.

Deputat qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının mövcudluğu, proqrama daxil olan ölkələr arasında əlaqələr, birgə proqramlar, daha çox dəstək bütün bu proseslərin daha güclü strukturlaşmış şəkildə həyata keçməsinə imkan yaratdı. Proqrama daxil olan dövlətlərin inteqrasiyaya və islahatlara olan marağı bir-birindən fərqlənir. Azərbaycan bu sahədə özünü doğrultmaqla Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu təsdiq etmişdir. Ümumiyyətlə, “Şərq tərəfdaşlığı” kimi birləşdirici platformalar Aİ ilə Şərq ölkələrini qarşılıqlı faydalı layihələr üzərində birgə işləməyə sövq edir.

M. Cəfərov onu da bildirib ki, “Şərq tərəfdaşlığı” proqramına qoşulan ölkələrin fəaliyyət istiqamətlərinin içərisində dörd prioritet sahə var – təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi:

“Avropa İttifaqı, Azərbaycanda inkişafa yönəlmiş bütün layihələrə hər zaman iki kateqoriyaya aid vətəndaşları – Dağlıq Qarabağ münaqişəsində daha ağır zərbələrə məruz qalmış qaçqın və məcburi köçkünləri, eləcə də qadınları cəlb etməyə çalışır. Hansı ki ölkədə hələ də istifadə olunmayan irimiqyaslı potensialı təşkil edir. Bu da təşkilatın Dağlıq Qarabağ məsələsində dövlətimizə dəstəyini və ədalətli mövqeyinin əyani təzahürüdür. Azərbaycan daim hərtərəfli və genişləndirilmiş siyasəti ilə Avropa ölkələrinin diqqət mərkəzində olub. İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətdəki uğurlarının daha bir göstəricisi kimi qəbul olunmalıdır. Bu da öz növbəsində beynəlxalq arenada dövlətin mövqeyinin güclənməsinə xidmət edir. Görüşdə iştirak edən Ermənistan tərəfi yenə öz dilinin bəlasına düşdü desək, səhv etmiş olmarıq. Ramin Səfərovla bağlı açıqlamaya Prezidentin göstərdiyi fakt, yəqin ki, Nikol Paşinyan üçün gözlənilməz oldu. Paşinyan belə beynəlxalq səviyyəli görüşdə ictimaiyyət qarşısında özünü gülüş vəziyyətə salmaqla Avropa İttifaqının gözündən düşmüş oldu. Hətta Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını belə saxtalaşdırmaqdan çəkinməyən Ermənistanın baş naziri bir daha öz yalançı siyasətini ifşa etdi”.

“Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərdə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib”.

Bunu isə digər deputat Naqif Həmzəyev söyləyib.

Millət vəkili bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib:

“Öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin Ali nümayəndəsi Cozef Borelin iştirakı ilə iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.

N. Həmzəyev deyib ki, Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsiziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır:

“Özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun, bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. Avropa Parlamentinin Avropa Qonşuluq Siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, Şərq Tərəfdaşlığına üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Videokonfransda Azərbaycanın ərazi bütövlüyü bərpa olunması məsələsinə xüsusi diqqət çəkən Prezident İlham Əliyev bildirdi ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.

Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı. Paşinyanın hər zaman olduğu kimi, məntiqsiz, cəfəngiyat, yalan ilə dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi dövlətimizin başçısı tərəfindən kəskin şəkildə cavablandırıldı. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammit Münxen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olmasının növbəti nümayişi oldu.

Ermənistanın baş nazirinin yersiz replikasına Prezident İlham Əliyevin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesaj oldu. Eyni zamanda, Sammit Azərbaycanın tam müstəqil mövqeyə malik dövlət olduğunun nümayiş etdirdi” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

“Ananın Oğul qızı!”-XANIM MİLLƏT VƏKİLİ QIZINI BELƏ TƏBRİK ETDİ – FOTO

Read Next

Milli Məclisin növbəti iclası iyunun 23-də keçiriləcək-17 MƏSƏLƏ MÜZAKİRƏ EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir