“Paşinyan, sən gör nə səviyyəyə enmisən ki…” – SƏMƏD SEYİDOV

Səməd SEYİDOV: Sən orada rəqs edirsən, biz burdan TANAP-ı, Cənub Qaz Dəhlizini tapıb çəkirik. Sən orada rəqs edirsən,  amma beynəlxalq səviyyədə Azərbaycanın sərhədlərinin toxunulmazlığı ilə bağlı məsələlər sənədlərdə öz əksini tapır. Sən orada mahnı oxuyursan, ancaq dünyanın bütün  nümayəndələri  Azərbaycana gəlib, burada dünya məsələlərini həll edirlər. Sən oradan bizi qıcıqlandırırsan, ancaq Qoşulmama Hərəkatının Zirvə toplantısı Azərbaycanda keçirilir…

Etikxeber.az-ın müxbirinin suallarını Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov cavablandırır:

“İndi tamamilə fərqli-güclü, dünyada öz yerinə, çəkisinə malik, beynalxalq səviyyədə beynəlxalq qanunlara riayət edən və dünyanın beynəlxalq münasibətlərini formalaşdırmaq istiqamətində addım atmaq iqtidarında olan Azərbaycan var. Bu Azərbaycanla bu cür davranışlar artıq keçmir”

samad-metbuat kon-foto

-Səməd müəllim, Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə növbəti dəfə bütün beynəlxalq hüquq normalarını açıq-aşkar tapdalayaraq, Azərbaycanın işğal altında olan ərazilərinə, Dağlıq Qarabağa qanunsuz səfər etdi, “Qarabağ Ermənistandır, Ermənistanındır” dedi, “miatsum” şüarını dilə gətirdi, Azərbaycan sərhədlərini tərk edərkən, yenə Azərbaycanın qədim-“Köçəri” havasına rəqs etdi, Azərbaycan cəmiyyətinin bütövlükdə hissləri ilə oynadı, sülh danışıqlarını növbəti dəfə ağır zərbə altında qoydu. Sizcə, niyə belə edir, bunun axırı hara gedib çıxır?

-Çox təəssüflər olsun ki, Ermənistanın baş naziri Nikol Paşinyan populist siyasətçilər cərgəsində, sırasındadır. Populizm isə ilk növbədə məsuliyyətdən qaçmaq və məsuliyyəti heç bir halda çiyinləri üzərinə götürməməkdir. Sadəcə, hansısa populist fikirləri cəmiyyətə, xalqa çatdırmaq və bunun ətrafında reytinqini yüksəltməkdir. Biz də Paşinyanın timsalında məhz bunun birbaşa şahidi oluruq və bu populist siyasət, öz xalqını aldatmaq, boş, reallıqdan uzaq olan vədlər vermək  indi onu rəqs etməyə,atılıb-düşməyə vadar edir.Paşinyanın populistliyi onu həm də bir siyasətçi kimi oturub-düşünüb, xalqın taleyini fikirləşməkdən qaçmağa məcbur edir. Paşinyan özü üçün yalnız bir məqsəd, hədəf seçib, o da Azərbaycanı mümkün qədər provakasiyaya çəkməkdir.

Çünki Paşinyan çox gözəl başa düşür ki, Dağlıq Qarabağ məsələsi elə bir böyük məsuliyyətdir, elə bir ağır yükdür ki, onun kimi cılız siyasətçilər bu problemi öz çiyinlərində daşıya bilməyəcək, o problem öz ağırlığı ilə onları tapdalayıb keçəcək. Ona görə o məsuliyyəti boynundan atmaq üçün provakasiya yolunu seçib. Özü də provakasiya yolunu hiyləgər formada seçib. Bildiyiniz kimi, bir neçə müddət bundan əvvəl sərhəddə, təmas xəttində təxribat xarakterli atışmalar baş verdi, atəşkəs pozuldu, biz bir neçə əsgərimizi-zabitimizi Səhid verdik.

Ondan sonra Azərbaycan xalqının hissləri ilə oynamaq, rəqs etmək, oxumaq, hoppanıb-düşmək, daha sonra hansısa bəyanatlar verib, dərhal da həmin bəyanatlardan qaçmaq, onlardan imtina etmək yolunu tutdu.Çünki Paşinyan özü də çox yaxşı başa düşür ki, bu bəyanatlar tamamilə ciddi siyasət və ciddi siyasətçi üçün qəbul olunmaz bəyanatlardır. Burada məqsəd yalnız bir dənədir-Azərbaycanı provakasiyalara çəkmək, təxribatlara sürükləmək, Azərbaycanı hansısa ciddi addımlar astmağa sövq etmək və bununla da dünyaya yenə özlərini məzlum, zavallı xalq kimi göstərmək, “görün, baxın bizi qırırlar-çatırlar, bizi sıxırlar, biz təzyiq altındayıq” mesajlarını çatdırmaqdır.

Onun məqsədi, niyyəti budur. Budur onun düşündüyü, fikirləşdiyi, qurduğu tələ. Bu, tələdir və mən bir neçə dəfə də bunu demişəm. Bu, gücsüzlüyün əlamətidir. Çünki arxasında real güc dayandığını hesab edən siyasətçi dərhal danışıqlara-özü də ciddi danışıqlara başlayar. Biz də o danışıqları  substantiv danışıqlar adlandırırıq və bu danışıqların nəticəsində xalqı üçün hansısa bir müsbət nəticə əldə etməyə çalışar.Ancaq Paşinyanın niyyəti, məqsədi danışıqlar formatından qaçaraq, bu formatı kənara qoyaraq, danışıqları pozmaq xəttini gündəmə gətirərək, əks tərəfi hansısa bir addıma sövq etmək, qıcıqlandırmaq, onun hissləri ilə oynamaq, sərhədlərdə provakasiyalar törətmək və bununla da  “mən məsuliyyət daşımıram, məsuliyyəti başqaları -əks tərəf daşıyır” mesajını dünyaya çatdırmaqdır. 

Amma dünya da o qədər sadəlövh dünya deyil, hər şeyi görür, bilir. İkincisi, bu gün dünyada fərqli-başqa bir Azərbaycan mövcuddur.25-30 il bundan əvvəl ermənilər, erməni diasporu, onları dəstəkləyən qruplar tərəfindən istədikləri tərzdə təqdim olunacaq və olunan Azərbaycan indi yoxdur. İndi tamamilə fərqli-güclü, dünyada öz yerinə, çəkisinə malik, beynalxalq səviyyədə beynəlxalq qanunlara riayət edən və dünyanın beynəlxalq münasibətlərini formalaşdırmaq istiqamətində addım atmaq iqtidarında olan Azərbaycan var. Bu Azərbaycanla bu cür davranışlar artıq keçmir. Bu isə Paşinyanın həm zəifliyidir, həm də “arsenal”ında olan sonuncu alətlərdir ki, onlara əl atır.

Görək bundan sonra bu neyləyəcək. Hoppandın-düşdün, bəyanat verdin, sonra da sənin işçin sənin özünü inkar etdi, edir. Deyir ki, belə olmayıb, belə deməyib, başqa cür deyib, başqa məna daşıyır. Sən gör nə səviyyəyə enmisən ki, sən dediyini sənin işçin təkzib edir, sənə bəraət qazandırmaq cəhdini ortaya qoyur. Ona görə bizim siyasətimiz davam etdirilməlidir. Biz çox ciddi, güclü, məntiqli xarici siyasət aparmışıq və bu siyasətin nəticəsində biz dividentləri qazanmışıq…

-Amma bəzən də deyilir ki,  bu illər ərzində  axı, nə qazanılıb, hansı torpaqlar əldə olunub, qaytarılıb…

-Bəli, təəssüflər olsun ki, belə deyənlər, belə iddia irəli sürənlər də var. Amma mən bunlarla razılaşmıram. Birincisi, torpaqlar da əldə olunub, Aprel döyüşləri, Cünnüt əməliyyatı zamanı torpaqlarımızın bir hissəsi işğal azad edilib, Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı və sair. İkincisi, beynəlxalq səviyyədə Azərbaycanın nüfuzu, onun qəbul olunma səviyyəsi tamamilə fərqlidir. Üçüncüsü, Azərbaycanın mövqeyi- ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, ümumiyyətlə, beynəlxalq hüquq normalarının regionda bərpa olunması məsələləri beynəlxalq sənədlərdə öz əksini daha çox  tapmağa başlayır. Yəni, necə deyərlər, tərəzinin ağır, xeyirli olan hissəsi, çəki bizə tərəfdir. Ona görə biz ciddi bu provakasiyaları təhlil etməliyik və başa düşməliyik ki, bundan sonra da provakasiyalar olacaq. Ancaq bunun provakasiyası rəqs provakasiyasıdır.

nikosss

SAMAD

Mahnı oxumaq provakasiyasıdır. Atılıb, düşmək, oynamaq provakasiyasıdır. Ermənilər bir vaxt bunu ediblər və güclərini də göstəriblər ona görə ki, Azərbaycan zəif bir Azərbaycan idi, dağılma mərhələsinə çatdırılmış bir Azərbaycan idi. Ancaq Azərbaycan bu uçurumdan  çıxdı, Azərbaycan yüksəldi və Azərbaycan bu gün belə provakasiyalara təmkinlə, səbrlə və konkret olaraq mövqeyi ilə, gördüyü işlərlə cavab vermək iqtidarındadır. Onu da biz veririk. Sən orada rəqs edirsən, biz burdan TANAP-ı, Cənub Qaz Dəhlizini tapıb çəkirik. Sən orada rəqs edirsən,  amma beynəlxalq səviyyədə Azərbaycanın sərhədlərinin toxunulmazlığı ilə bağlı məsələlər sənədlərdə öz əksini tapır. Sən orada mahnı oxuyursan, ancaq dünyanın bütün  nümayəndələri  Azərbaycana gəlib, burada dünya məsələlərini həll edirlər. Sən oradan bizi qıcıqlandırırsan, ancaq Qoşulmama Hərəkatının Zirvə toplantısı Azərbaycanda keçirilir.

Bilirsiniz, erməni xalqının faciəsidir ki, onun son 25-30 ildə rəhbərliyinə gələnlər ya cinayətkarlar, ya da populistlər olub. Ciddi bir siyasətçi mövcud idi, onu da hakimiyyətdən dərhal çevirdilər və kənara qoydular. Söhbət Levon Ter-Petrosyandan gedir. Azdan-çoxdan Ermənistan siyasətinin, siyasətçilərinin içərisində hansısa formada məsuliyyəti öz boynuna götürmək və normal danışıqlar aparmaq niyyətində olan bir şəxs o idi, o da dərhal dövlət çevrilişi əsasında hakimiyyətdən uzaqlaşdırıldı. Budur bunların faciəsi.

O günədək ki, Ermənistan xalqı öz içərisindən, sözün əsl mənasında,  siyasi lideri formalaşdırıb hakimiyyətə gətirə bilməyəcək və o siyasi lideri ki, çətin, faciəvi bir dövrdə Ermənistan xalqı üçün Qarabağ məsuliyyətini boynuna götürüb deməyəcək ki, bizim gələcəyimiz Azərbaycanla müsbət, normal münasibətlərin formalaşmasından bağlıdır, o zamanadək Ermənistan xalqı bu faciənin içərisində yaşayacaq və rəqs etməkdən başqa, mahnı oxumaqdan başqa bunların əllərində heç nə qalmayacaq.

-Bu hadisələrin fonunda Paşinyanın hakimiyyət-siyasi taleyi necə olacaq? O, gərgin münasibətlərdə olduğu “Qarabağ klanı” ilə anlaşıb, onların dəstəyini qazanıb, hakimiyyətinə davam edəcək, yoxsa, onu da hərbi canilər-Kocaryanla Sarkisyanın taleyi, aqibəti gözləyəcək?

– Bu gün biz görürük ki, “Qarabağ klanı”nın Paşinyan hakimiyyəti və onun adamları ilə münasibətləri heç cür formalaşdırıla bilmir. Qarabağda da çox gözəl başa düşürlər ki, Paşinyanın provakasiyalarının qurbanı Paşinyanın özü yox, Qarabağda yaşayan ermənilər ola biləcək. Onlar çox gözəl başa düşürlər ki, bu adam məsuliyyəti boynuna götürə bilmirsə, axırda bu məsuliyyətin, bu davranışın, bu hərəkətlərin, bu provakasiyaların məsuliyyəti elə Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşları olan ermənilər özləri daşımalı olacaqlar.

Məgər orada, onların işərisində düşünən insanlar yoxdur? Onlar çox gözəl başa düşürlər ki, Paşinyanın bəyanatları onları nəyə sürükləyir. Ona görə də Paşinyanla onlar arasındakı bu uçurum çoxalacaq, böyüyəcək. Onun öz məqsədləri var. O məqsədlərə də nə Ermənistanın özündə, nə Dağlıq Qarabağda çata bilir. Mən inanmıram ki, çata  da bilsin.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha bir Şəhid verdik – NAXÇIVANDA

Read Next

“Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir” – MÜBARİZ QURBANLI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir