Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olunacaq…

Əli Əhmədov: “Sarkisyanın işğal altında olan ərazilərə səfəri qanunsuzdur”

YAP rəsmisi sosial şəbəklərdən, icbari tibbi sığorta və saxta dərmanlardan da danışıb

“Ermənistan prezidenti Armen Sarkisyanın ötən gün Azərbaycanın işğal altında olan ərazilərinə səfəri qanunsuzdur və bu qanunsuzluğa görə məhz o, məsuliyyət daşıyır”.

Etikxeber.az xəbər verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərlə söhbətində deyib.

Ə.Əhmədov bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunu, eyni zamanda, Azərbaycan torpaqlarının geri qaytarılması üçün səy göstərən, bəyanatlar verən bütün dövlətləri də narahat etməlidir: “Əks halda, münaqişənin həll olunması üçün yol tapmaq çətin olacaq”. Baş nazirin müavini qeyd edib ki, vaxt gələcək, bu qanunsuzluğu törədənlər cavab verməli olacaqlar.

Ə. Əhmədov sonra iqtidar-müxalifət münasibətlərinə və bu münasibətlərin sosial şəbəkələrdə əksinə toxunub:

“Rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxurlar, sosial şəbəkə pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər. Bu siyasi mədəniyyətə sığımır”.YAP rəsmisi bildirib ki, YAP gəncləri sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər: “İstərdim ki, gənclərimiz bu sahədə olan fəallığı zəiflətməsinlər, əksinə artırsınlar.Çox təəssüf ki, rəqiblərimiz texnoloji imkanlardan siyasi etikaya uyğun gəlməyən formada istifadə edirlər”.Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil, yəqin gələcəkdə belə halları məhdudlaşdırmaq mümkün olacaq: “Rəqiblərimiz üz-üzə gələ bilməyərək, sosial şəbəkələrin pərdəsi arxasında gizlənib tərbiyəsizliyə yol verirlər, sosial şəbəkələrdən Azərbaycanın adına uyğun gəlməyən formada istifadə edirlər.Bütün bunlar  heç kimə başucalığı gətirmir.Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onların ətrafında olan az sayda gənc bu yolu seçib. İstərdim ki, bizim gənclərimiz sosial şəbəkələrdən siyasi etikaya, insanlığa sığmayan formada istifadə edənlərə geniş meydan verməsinlər”.

ALI AHMEDOV-11

Baş nazirin müavini jurnalistlərlə söhbətində icbari tibbi sığorta və saxta dərmanlar məsələsindən də  danışıb:

“Elə bir sistem yaradılmağa çalışılır ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın”. Ə. Əhmədov  bildirib ki, Nazirlər Kabinetində bununla bağlı toplantı keçirilib, müvafiq qurumlar dəvət olunub: “Ciddi araşdırmalar aparılıb. Həmçinin işçi qrupu yaradılıb ki, ölkəyə saxta dərman gətirilməsinin qarşısının alınması üçün təkliflər versin. Bu, bütün dünyada problemdir, ancaq biz çalışacağıq ki, ölkəyə saxta dərman gətirilməsi səviyyəsi ciddi şəkildə aşağıya salınsın və insanlarımız bundan ciddi əziyyət çəkməsinlər”. Baş nazirin müavini eyni zamanda, güman edir ki, yaxın illərdə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək. Ə.Əhmədov deyib ki, Yevlax, Mingəçevir və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi uğurlu nəticə verib. Onun dediyinə görə, payız aylarında Milli Məclisə (MM) icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələri, eyni zamanda qanunlara yeni dəyişikliklər təqdim ediləcək: “Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq”. İcbari tibbi sığorta haqqına gəlincə isə baş nazirin müavini bildirib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər:  “Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad olunacaqlar. Dövlət bu vəzifəni öz üzərinə götürəcək”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

 

Read Previous

3-cü devalvasiya gəlir? – AÇIQLAMA

Read Next

Ali məktəbə qəbul olmaq istəyənlər üçün ərizə qəbulunun vaxtı uzadıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir