Pensiyaçıların 30 faizini əlillər təşkil edəcək – HADİ RƏCƏBLİ – YENİLƏNİB

Pensiya islahatları ilə bağlı yeni qanunun tətbiq olunması hesabına əlillərin sayı 5 faiz azalıb. Gələn il pensiyaçıların 30 faizini əlillər təşkil edəcək. Qanuna etdiyimiz dəyişikliklərə görə II və III qrup əlillər güzəştli pensiyaya çıxmaq hüququndan məhrum olublar.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il  büdcə layihəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

HADİ-HADİ-1
O, əlilliyin qeydə alınması ilə bağlı başqa bir parodoksun ortaya çıxdığını qeyd edib: “Bu da son aylar vaxtından əvvəl güzəştli pensiya sənədləşdirmək istəyən I qrup əlillərinin xeyli çoxalmasına gətirib çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə bu sahədə olan uyğunsuzluqları aradan qaldırmaq üçün çox ciddi, əsaslı tədbirlər görməlidir. Düşünürəm ki, bunun nəticəsində həmin sahədə bəzi neqativ hallar aradan qalxacaq”.

Hazırda DSMF-nin büdcəsi ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin  məruzəsi dinlənilir.

***

Nazir bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa əsasən, bu ilin sonuna qədər mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin dəqiq müəyyən edilməsi işləri yekunlaşdırılacaq:

“Bundan sonra hər il dövlət büdcəsindən DSMF-yə nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar isə Fondun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi hesabına mümkün olacaq” .

Onun sözlərinə görə, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib:

“Birinci istiqamət, 1992-ci ilə qədər əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-nə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda “Əmək pensiyaları haqqında” qanunun 19-cu və 20-cu maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərindən ibarət komissiya yaradılıb. Komissiya Bakının Xəzər və Xətai rayonlarında uçotda olan pensiyaçıların işlərini tam araşdırıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmləri müəyyən edilib. Eyni zamanda Lerik və Qax rayonlarında da bu işlər aparılmaqdadır”. 

siyaqus

Siyavuş Novruzov: Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır

Müzakirələr zamanı isə MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün ölkədə sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir və düşünürəm ki, görülən işlər nəticəsində çatışmazlıqlar aradan qaldırılacaq.

 

Deputat bildirib ki, müharibə veteranları ilə bağlı addımlar atılmalıdır:“Qarabağa gedən yol Qarabağ əlillərinin sosial müdafiəsinin gücləndirilməsindən keçir. Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən veteranların sosial müdafiəsi istiqamətində kifayət qədər addımlar atılır. Özəl sektor da onların müdafiəsi istiqamətində addımlar atmalıdır”.S.Novruzov deyib ki, əlillərin işə cəlb edilməsində Qarabağ əlilləri əsas rol oynamalıdır:
“Əgər Qarabağ əlili hansısa təşkilatda işləyirsə, ixtisarlar ən son onlara şamil olunmalıdır. Bura Əfqanıstan veteranlarını da şamil edirəm. Onların arasında əlillər, veteranlar, Qarabağ müharibəsində iştirak edənləri var ki, onların sosial müdafiəsi istiqamətində addımlar atılmalıdır”. Deputat qeyd edib ki, veteranlara 56 manat müavinət verilir, lakin onlar təqaüdə çıxdıqdan sonra həmin puldan 18 manat tutulur:“Bu müavinət onlara avtobus, qaz, işıqdan pulsuz istifadənin ləğvindən sonra ayrılıb. Bunun təqaüdə nə aidiyyatı var? Məgər kimsə təqaüdə çıxanda həmin şəxslər veteranlıqdan çıxır?”.Veteranların mənzil şəraitinin yaxşılaşdırılmasına toxunan S. Novruzov söyləyib ki, Əfqanıstan veteranları da buradan kənarda qalmamalıdır.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Büdcə müzakirlərində kino məsələsi yenidən qaldırıldı… VƏ BÜDCƏ QƏBUL OLUNDU – YENİLƏNİB – (1)

Read Next

“Qoy bu proses uzadılsın…” – ELMİRA AXUNDOVA DAHA NƏLƏRDƏN DANIŞDI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir