“Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşa tövsiyə olundu

İsa Həbibbəyli: “Bu sənəd ölkədə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir”

Milli Məclisin (MM) Elm və təhsil komitəsinin martın 15-də keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, adıçəkilən komitənin sədri, akademik İsa Həbibbəyli məlumat verib ki, bu sənəd Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən birinci oxunuşdan sonra Prezident Administrasiyasında (PA) mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Onun qeyd etdiyinə görə, konstruktiv fikir mübadiləsində 5 fəsil, 26 maddədən ibarət qanun layihəsi daha da təkmilləşdirilib:

“Bütün bunlar ölkədə dövlətin təhsilə və gənclərə qayğısının bariz nümunəsidir”. 

İclasda “Peşə təhsili haqqında” qanun layihəsinin təkmilləşmiş variantı barədə ətraflı məlumat dinlənildikdən sonra müzakirələr başlanıb.

Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlar Şəmsəddin Hacıyev, Musa Qasımlı, Kamilə Əliyeva, Gövhər Baxşəliyeva qanun layihəsi barədə müsbət fikirlər söylədilər, təkliflərini səsləndiriblər. Çıxışlarda vurğulanıb ki, peşə təhsili ilə bağlı qanun layihəsinin hazırlanmasından məqsəd ölkəmizdə ali məktəblərə qəbul oluna bilməyən gənclərin həyatının tənzimlənməsi, əmək bazarında öz yerini tuta bilməsidir. Millət vəkilləri bildiriblər ki, bu sənəd ən işlək qanunlardan biri olacaq və peşə təhsilinin inkişafında mühüm rol oynayacaq.

Sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev müzakirədə toxunulmuş bir sıra məqamlara aydınlıq gətirib, bölgələrdə peşə təhsilinin inkişafı məqsədi ilə inşa edilən məktəblər barədə deputatları məlumatlandırıb.

Müzakirələrin yekununda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva bir sıra rəsmilərlə görüşdü – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Əliyev Marianna Vardinoyannis Fondunun prezidentinə “Dostluq” ordeni təqdim etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir