“Beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik…”-Pezeşkianın Azərbaycana səfəri başladı, qarşılanma mərasimi oldu-AZƏRBAYCAN VƏ İRAN LİDERLƏRİNİN MƏHDUD VƏ GENİŞ TƏRKİBDƏ GÖRÜŞÜ KEÇİRİLDİ, SƏNƏDLƏR İMZALANDI, BƏYANATLAR VERİLDİ – FOTOLAR – YENİLƏNİB – (9)

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü başlayıb.

14:00

***

Aprelin 28-də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Seyid Abbas Əraqçi mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı”nı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid Rza Salehi Əmiri mübadilə etdilər.

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin müavini (hökumətlərarası komissiyanın həmsədri) Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri (hökumətlərarası komissiyanın həmsədri) xanım Fərzanə Sadiq mübadilə etdilər.

***

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

***

Biz (Azərbaycan və İran – red.) ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı deyib ki, istər BMT olsun, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı, digər təşkilatlar çərçivəsində bizim nümayəndələrimiz daim bir-birinin yanındadır.

15:45

***

Biz bu regionda mədəni, dini etiqad, fikir, siyasət və proqramlar baxımından çox sayda müştərək məqamlara malikik və biz bu müştərəkliklərlə fəxr edirik.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.

İran Prezident bildirib:

“Biz çalışacağıq ki, əlaqələrimizi güclü şəkildə davam etdirək. Biz bir çox məsələlərdə bir-birimizin təcrübəsini öyrənə bilərik”.

16:05

***

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu.

Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edildi.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı.

Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

***

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İran dostluq, qardaşlıq münasibətlərinin inkişafına öz dəyərli töhfəsini verəcək.

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.

Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik. Biz bütün məsələlərə səmimi şərait əsnasında öz fikirlərimizi bildirmişik. Əsas məsələ ondan ibarətdir ki, hər iki tərəf Azərbaycan-İran əlaqələrinin inkişafına çalışmalıdır və çalışır. Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.

Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi ənənəvi olaraq dəstəkləyirik. Bu barədə bu gün də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.

Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm regional təhlükəsizlik məsələləri önəmli rol oynayır, – bu barədə fikir mübadiləsi aparılmışdır, – eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gözəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər verildi. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Birinci mərhələdə hörmətli Prezidentlə təkbətək və məhdud tərkibdəki görüş əsnasında fikir mübadiləsi aparılmışdır. Yəni, məramımız, məqsədimiz birdir – Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bunun üçün yenə də deyirəm, müvafiq göstərişlər verildi və əminəm ki, bu göstərişlər yerinə yetiriləcək.

Prezidentin səfərinə qədər çox fəal təmaslar həyata keçirilirdi, yüksəkvəzifəli şəxslər qarşılıqlı səfərlər edirdilər, həm Prezidentin səfərinə hazırlıq məqsədilə, eyni zamanda, konkret layihələrin icrası üçün. Bütün bu işlərdə əməyi olan vəzifəli şəxslərə öz təşəkkürümü bildirmək istəyirəm. Səfər doğrudan da çox yaxşı hazırlanıb, çox yaxşı sənədlər ərsəyə gəlib. Əminəm ki, qəbul edilmiş qərarlar bizim əlaqələrimizi uzun illər bundan sonra yüksələn xətlə aparacaq.

Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək, böyük fayda verəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun – bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq.

Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.

Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəlalardan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu istiqamətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu.

Mən yenə də Prezident Pezeşkiana “Xoş gəlmisiniz!” deyirəm, mənim dəvətimi qəbul edib Azərbaycana səfər etdiyi üçün təşəkkürümü bildirmək istəyirəm.

Onunla birlikdə gələn bütün qonaqlarımıza da “Xoş gəlmisiniz!” deyirəm. Əminəm ki, səfəriniz uğurlu, nəticələr də çox gözəl olacaq. Sağ olun.

x x x

Sonra İran Prezidenti bəyanatla çıxış etdi.

17:30

***

Aprelin 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər.

19:30

***

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.

Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.

İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.

Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.

İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.

Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.

Etikxeber.az

Read Previous

Cənnətdəki beşinci doğum günündə-ŞƏHİD ELMƏDDİN YUSİFOVUN MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS TƏŞKİL EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Çalışacağam ki, Azərbaycanda növbəti dəfə daha çox qalım və burada olanda heç zaman özümüzü yad ölkədəki kimi hiss etmirəm…Elə bil ki, sanki Təbrizdəyəm, Ərdəbildəyəm… Sanki doğulduğumuz, böyüdüyümüz, yaşadığımız İran Azərbaycanındayıq…”-PEZEŞKİAN – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir