Plenar iclaslarda – BÜDCƏ MÜZAKİRƏLƏRİ BAŞLANDI – YENİLƏNİB – (6)

VAHİD ƏHMƏDOV, QƏNİRƏ PAŞAYEVA YENƏ SƏRT DANIŞDILAR, BİR SIRA TƏKLİFLƏR İRƏLİ SÜRDÜLƏR…

Gövhər BAXŞƏLİYEVA: “Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlər əlyazmalar talanıb, digər ölkələrə aparılıb…”

Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, plenar iclas 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr olunub.

Qeyd edək ki, büdcə zərfi təkcə bu gün yox, həm də noyabrın 13-14-ü tarixlərində keçiriləcək plenar iclaslarda müzakirə olunacaq.

Müzakirələr başa çatdıqdan sonra səsləndirilən irad və təkliflərə baxılması, nəzərə alınması üçün hökumətə on gün vaxt veriləcək.

Onu da qeyd edək ki, büdcə müzakirələrinə ənənəvi olaraq hökumət üzvləri, o cümlədən, yeni Baş nazir Əli Əsədov qatılıb.

Ə.Əsədov hökumət başçısı kimi ilk dəfədir büdcə müzakirələrində iştirak edir.

İclası açan spiker Oqtay Əsədov 3 günlük büdcə müzakirələri ilə bağlı fikirlərini açıqlayır.

 

ali asad

budca-mm-2

ziyadddddd-1

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

***

Spiker bildirib ki, ölkədə bütün makroiqtisadi göstəricilərədə artım müşahidə olunur:

“Bu gün genişmiqyaslı struktur islahatları aparılır və yeni yanaşmalar tətbiq edilir. Bu il Ümumi Daxili Məhsulun (ÜDM) iqtisadiyyatda çəkisi 2, 5 faiz təşkil edib. Qeyri-neft sektorunun sürətlə artımı baş verir. Ölkənin valyuta 48,5 milyard dollar təşkil edib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb. Gələn il cari xərclərin həcmi 40 faiz artacaq. 2020- ci ilin dövlət büdcəsi də sosialyönümlü büdcə olacaq”.

***

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, dünyada, ölkəmizdə bir çox zəngin hadisələrlə yadda qalan 2019-cu il artıq sona yaxınlaşmaqdadır:

“Ötən bu dövr ərzində Azərbaycanda sözün əsl mənasında inkişaf, tərəqqi, çiçəklənmə baş verməkdədir. Dünyada, ətraf ölkələrdə hələ də maliyyə-iqtisadi böhranın, qarşıdurmaların, qlobal kataklizmlərin davam etməsinə, qloballaşmanın, qlobal risqlərin ölkələri, milli iqtisadiyyatları təhdid etməsinə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin olunub, iqisadi inkişaf təmin edilib, makroiqtisadi inkişaf qorunub-saxlanılıb. İlin əvvəllərindən, yanvar-fevral aylarından daha da geniş vüsət alan islahatlar prosesi ölkə həyatının bütün sahələrinə sirayət edib. Bütün istiqamətlərdə-siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatlar prosesi daha da dərinləşməkdədir. Bunu da təkcə biz iddia etmirik, söyləmirik, bunu beynəlxalq qurumları, reytinq mərkəzləri, nüfuzlu ekspertlər deyirlər, etiraf edirlər. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər.

Ötən müddət ərzində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə  aparılan çoxsaylı görüşlər də onu deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir. Konkret olaraq, “Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib. Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır.

Ölkədə həyata keçirilən maliyyə-kredit siyasətinin nəticəsidir ki, inflyasiya çox aşağı səviyyədədir. Bu yerdə onu da nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Ancaq bunlara baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, özü çox göstəricidir. Üstəlik əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.

 Eyni zamanda, bu dövr ərzində Azərbaycanın beynəlxalq aləmdə mövqelərini daha da möhkəmlənməkdə və genişlənməkdədir. Elə son bir ay ərzində baş verənlər-Azərbaycanın Türkdilli Dövlətlərin 7-ci Zirvə Görüşünə, həmçinin, BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünə yüksək səviyyədə və uğurla ev sahibliyi etməsi deyilənlərə əyani sübutdur. 10 il öncə Azərbaycanın özünün təşəbbüsü və iştirakı ilə yaratdığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 2011-ci ildən əməkdaşlıq etdiyi Qoşulmama Hərəkatının Zirvə Görüşlərinə tarixi ev sahbliyi etməklə, ölkəmiz həm özünün inkişaf səviyyəsini, tərəqqisini, həm qonaqpərvərləyini və sülhsevərliliyini, həm də dünyadakı yerini, rolunu və nüfuzunu nümayiş etdirdi. Dünya, beynəlxalq birlik bir daha güclü, dinamik və sıçrayışlı inkişaf yolunda olan, sabitlik və təhlükəsizlik adasına çevrilən Azərbaycana şahidlik etdi, onu bir daha yaxından tanıdı…”.

Z. Səmədzadə sonra deyib ki, ölkədə aparılan islahatlar, xüsusilə “kölgə iqtisadiyyatı” ilə mübarizə öz nəticələrini verir: “Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”. O, bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2%, qeyri-neft sektoru üzrə 7,6% olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% təşkil edib: “O cümlədən qeyri-neft sektoru üzrə artım 12,6% olub”. Komitə sədri qeyd edib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə isə 109,5% yerinə yetirilib: “Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9% artıb”. Onun dediyinə görə, Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha da çox artacaq: “Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri də artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin artması obyektiv zərurətdən doğur”. Z. Səmədzadə  bildirib ki, bu sahəyə bundan sonra diqqət yönəldiləcək: “Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltməsi istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.

***

Z. Səmədzadənin çıxışından sonra Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının səsr Vüqar Gülməmmədov çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov  isə  çıxışında qeyd edib ki, turizm sektorunda bu ilin 9 ayında turistlərin sayı 2,4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6 faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılıb. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində son illər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”. İqtisadiyyat nazir bildirib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: “Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarşısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsanın kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”. M.Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin maliyyə vəsaitlərinə çıxış etdirilməsi əhəmiyyətlidir: “Prezident tərəfindən uğurla həyata keçirilən siyasətlər, iqtisadiyyatın dayanıqlığının qorunub saxlanılması üçün görülən tədbilər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq”.

***

Hökumət rəsmilərinin çıxışlarından sonra büdcə ətrafında müzakirələrə başlanılıb.

Deputat Vahid  Əhmədov  bildirib ki, 2020-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilər nəzərə alınmaqla müsbətdir: “Bəzi məsələlərə diqqət yetirmək istərdim.  Bizdə sənaye parkları yaradılıb. Yeni nazir onları daha 3 il müddətinə vergidən azad etmək istəyir. Ancaq 7 il kifayət edərdi ki, həmin sənaye parkları effektiv işləsin və dövlətə vergi ödəsin. Bundan əlavə, satınalmalarla bağlı deyə bilərəm ki, bizdə  tenderler düzgün keçirilmir. Hətta burada korrupsiya faktları da aşkarlanıb. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Bununla yanaşı hesab edirəm ki, hökumət gəlir deklarasiyası ilə bağlı  sənədi  hazırlayıb təqdim etməlidir, o cümlədən maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır”.

***

Deputat Qənirə Paşayeva  çıxışında dövləti universitetlərinin tələbə yataqxanalarının tikilməsi məsələsinə toxunub.

O qeyd edib ki, kəndlərdən Bakıya oxumağa gələn tələbələr bu məsələdə ciddi çətinliklərlə üzləşirlər:

“Çünki kənd ailələrindən gələn uşaqların Bakıda kirayə ev tutmağa imkanı yoxdur. Bizim böyük universitetlərin hələ də yataqxanası yoxdur. Hesab edirəm ki, artıq bu məsələyə ciddi yanaşmaq lazımdır. Həmçinin təhsil kreditləri haqqında məsələ də öz həllini tapmalıdır. Bundan əlavə, 2020- c ildə Aliment Fondunun yaradılmasının artıq zəruri olduğunu diqqətinizə çatdırmaq istəyirəm”.

***

Müzakirələr zamanı millət vəkilləri Gövhər Baxşəliyeva və Eldar İbrahimov da çıxış ediblər.

“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlər əlyazmalar talanıb, digər ölkələrə aparılıb”-deyən G. Baxşəliyeva bildirib ki,  Füzulinin “Ərəb divanı” uzun onilliklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb: “Ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb. Xarici ölkələrdə Azərbaycana məxsus külli miqdarda əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olmalı, dünya kitabxanalarında mövcud olan əlyazmaları ölkəmizə gətirməliyik”.

***

Millət vəkili Fəzail Ağamalı bildirib ki, 2019-cu il ölkəmizin həyatında əhəmiyyətli hadisələrlə zəngin olub:

“Bu il kadr və struktur islahatları cəmiyyətimizə töhfə verməkdədir”. Millət vəkili bildirib ki, iqtisadi sferada artım, biznes fəaliyyətinin asanlaşdırılması, vergi ilə bağlı həyata keçirilən islahatlar 2019-cu ilin uğurları kimi qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, 2020-ci ilin büdcəsində təhsil xərclərinin 40 faizindən çox artması mühüm addımdır: “Növbəti ilin büdcəsində əks olunan rəqəmlər iqtisadi-sosial inkişafımızın daha da yüksəlməsinə səbəb olacaq, qeyri-neft sektorunun inkişafında daha da irəliləyişlərin əldə olunmasına imkan yaradacaq”. Ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığını deyən deputat söyləyib ki, orta və kiçik biznesin iqtisadi artımda rolunu yüksəltmək üçün onun maliyyələşməsi daha da artmalıdır: “Bu, ciddi uğurlara imkan yarada bilər”. F. Ağamalı çıxışı zamanı texniki peşə məktəblərinin əhatəsinin genişləndirilməsi, rayonlarda yeyinti, emal müəssisələrinin açılmasının vacibliyini qeyd edib. Deyib ki, bank pul krediti sistemində islahatların sürətləndirilməsi ən öndə duran vəzifələrdəndir: “Bu istiqamətdə işlər həyata keçirilsə də, bütün bunlar daha da artırılmalıdır. Azərbaycanda bank aktivləri 17 milyard manatdır, aktivləri artırmaq, faizləri aşağı salmaq əhəmiyyətli olardı”.

“Əhaliyə kommunal xidmətlər göstərən bir sıra şirkətlərin əlverişli şərtlərlə xarici investorlara ən azı 50 illik konsessiya müqaviləsi əsasında idarəetməyə verilməsi zərurətdir”.

Bunu çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, bu addım dövlət büdcəsinin yükünü azaldar: “Həmçinin hökuməti bu şirkətlərin borcunun qaytarmaq riskini qaldırar. Daha çevik və modern xidmət üçün imkan yaradar. Bununla da vətəndaş və dövlət qarşısında daha hesabatlı, şəffaf şikrətlərin meydana çıxmasına,iqtisadiyyatın liberallaşmasının sürətlənməsinə imkan yarada bilər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

AŞPA komitələrinin iclasları keçiriləcək – SƏMƏD SEYİDOV İCLASLARA QATILACAQ

Read Next

“Bu etimad mütləq deyil, bu gün var, sabah…” – PREZİDENT İCRA BAŞÇILARINA BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir