Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəbələdə Şəhidlər Xiyabanının önündəyəm.
Xiyabanın yerləşdiyi küçəyə Ali Baş Komandanımız cənab İlham Əliyevin tövsiyəsiylə general Polad Həşimovun adını veriblər.
Mən də Polad generalımızı anmaq üçün burdayam.
Anır və fikirləşirəm ki, hər əsgərdən general çıxmadığı kimi, hər general da əsgər olmağı bacarmır.
Məncə, generalın əsgər olması, əsgərin generallığa yüksəlməsindən daha çətin, elə həm də daha şərəflidir.
Ona görə çətindir ki, yüksəlməyə çoxu cəhd edir, amma yüksələnlərin böyük əksəriyyəti yüksəlməmişdən öncəki sadəliklərini qoruyub saxlaya bilmirlər. Nahaq deməyiblər ki, hər kəsin əsl kimliyi o, rütbə, vəzifə əldə edəndə, əli pula çatanda daha aydın meydana çıxır.
Biz rusların “O əsgər pisdir ki, general olmaq istəmir” məsəlini tez-tez işlədirik. Əslində isə bu, doğru yanaşma deyil.
General olmaq istəməyən əsgər yox, əsgər olmaq, özünü əsgərin yerinə qoymaq istəməyən general pisdir.
Birgə xidmət etdiklərinin haqqında dediklərindən bəlli olur ki, Polad general əsgər olmağı bacaran, onlarla səngərdə çiyin-çiyinə savaşan generalıydı, əsgərin generalıydı.
Polad Həşimov əsgərə sovet ordusundan qalma yanaşmanı darmadağın edən əsl türk sərkərdəsiydi.
Əsgər onun üçün tapşırıq, əmr subyekti yox, döyüş yoldaşı, silahdaşı, doğması, balasıydı.
O, şəhid olanda yazmışdım ki, əsgər üçün generallıqdan yüksək rütbə, general üçünsə şəhidlikdən uca məqam yoxdur.
Polad Həşimov indi o uca məqamdadır və Mübariz İbrahimov kimi artıq bir rəmzdir.
Mübariz öz şəhadətiylə bu xalqa Qarabağsızlığı həzm etdirməyin mümkünsüzlüyünü göstərdisə, Polad generalımız dövlətimizin və ordumuzun işğal altındakı bütün torpaqlarını düşməndən azad edəcəyini, belə bir əzmimizin və qüdrətimizin olduğunu müjdələdi.
Bəli, Polad Həşimov kimi generallarımız Azərbaycan dövlətinin və ordusunun qüdrətini təcəssüm etdirir.
Belə biri ancaq qüdrətli dövlətin ordusunda yetişə bilər. O orduda ki, elə generalın yetişməsini şərtləndirən mənəvi atmosfer var.
Xatırlayıram ki, sovet ordusunda bəzi zabitlərin təşəxxüslə “çest imeyu” demələri hazırlıqlı əsgərlərdə istehza yaradırdı.
Çünki onlar zadəgan tərbiyəsi görən və ağlr döyüş sınaqlarından keçənlərlə çoxu uşaq evlərindən hərbi təhsil almağa göndərilənlərin zabit şərəfi anlayışına yanaşmalarının ən yaxşı halda dağla təpə qədər fərqləndiyini bilirdilər.
Polad Həşimov öz varlığıyla zabit şərəfinin nə olduğunu və şərəfli zabitin necə olduğunu da orta qoydu.
Örnək varsa, öyrənmək də var. Əminəm ki, ordumuzun gənc zabitləri məhz Polad general kimi zabit şərəfini hər şeydən uca tutmağa çalışacaqlar.
Şəhadətə qovuşmasından 40 gün ötən generalımızın ruhu qarşısında baş əyirəm!
Əminəm ki, qanı yerdə qalmayacaq, zabit şərəfini onun kimi yüksək tutan oğullarımızın xidmət etdiyi Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı haylardan son qarışınadək təmizləyəcək!
Sahib ALIYEV,
Millət vəkili
Etikxeber.az