“Polis və məhkəmə orqanlarının fəaliyyəti ilə əlaqədar şikayətlərin sayı az deyil…” – PREZİDENT ADMİNİSTRASİYASI

Polis orqanlarının fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlər az deyildir. Bunlar istintaqın aparılması, dələduzluq, böhtan və şantaj, məişət zorakılığı, yol polisinin fəaliyyəti və sair məsələlərlə bağlıdır. Bütövlükdə polisin fəaliyyətinə dair daxil olan şikayətlərin sayı Bakının Xəzər, Nərimanov, Nizami, Sabunçu, Suraxanı, Yasamal rayonları, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri, həmçinin Ağstafa, Goranboy, Göyçay, Göygöl, Lerik, Masallı, Neftçala, Sabirabad, Siyəzən, Tərtər, digər şəhər və rayonlardan nisbətən çox olmuşdur.

Etikxeber.az xəbər verir ki bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov deyib.

O, deyib ki, məhkəmə orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin sayı da az deyil:

“Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılaraq yol verilən pozuntular 100-dən artıq hakimin və məhkəmə sədrinin diqqətinə çatdırılmış, belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülmüşdür.

2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olmuşdur. Həmçinin apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az deyildir.

Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalmışdır. Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ açan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində sahibkarlıq fəaliyyəti barədə mübahisələrin həllinin tezləşdirilməsində mühüm addımlar atılıb, o cümlədən sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb.

Ötən il Ədliyyə Nazirliyi tərəfindən məhkəmə qərarlarının icrası sahəsində də böyük işlər görülmüş, bütövlükdə fiziki və hüquqi şəxslərə əvvəlki illə müqayisədə 50 faizdən çox – 1,74 milyard manata yaxın vəsait ödətdirilmişdir ki, bunun da 143 milyon manatdan çoxu alimentlərdən ibarətdir. Təsirli tədbirlərdən biri də bu olmuşdur ki, məhkəmə qərarlarının icrasına maneçilik törədən və icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4 min 712 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2 min 808 nəfər həbs edilib, 493 nəfər barəsində cinayət işi açılıb.

Prokurorluq orqanları haqqında şikayətlər daha çox Bakı şəhərinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Səbail rayonlarından, Gəncə, Lənkəran, Mingəçevir, Şəki şəhərlərinin, Abşeron, Ağcabədi, Ağdam, Beyləqan, Cəlilabad, İmişli, Kürdəmir, Quba, Lerik, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daxil olmuşdur.

Prezident Administrasiyasına müraciət edən müəlliflərin bir qisminin məsələlərinə dəfələrlə baxılıb müvafiq cavab verilsə də, onlar hər il israrla çoxsaylı müraciətlər göndərməkdədirlər. Onların bir çoxunun şikayətləri qanunun tələblərinə uyğun olaraq araşdırıldığına baxmayaraq, həmin şəxslərdən Administrasiyaya illərdən bəri müxtəlif mövzularda çoxsaylı müraciətlər daxil olur.

Ağdamdan Rasim Hüseynov, Səxavət İbayev, Bərdədən Zahid Mikayılov, Biləsuvardan Tacəddin Əliyev, Binəqədidən Roza Hümbətova, Zərbani Ağayeva, Füzulidən Ceyhunə Quliyeva, Goranboydan Qinyaz Süleymanov, Göygöldən Nübar Qafarova, Laçından Xanlar Tarverdiyev, Lənkərandan Nazim Məmmədov, Lerikdən İlham İbadov, Masallıdan Əlizaman Bədirov, Mingəçevirdən Vaqif Hüseynov, Yaşar və Sahibə Rəsulovlar, Nərimanovdan Kamran Rəcəbov, Rəşad Səlimli, Ülviyyə Baxşiyeva, Saatlıdan Rəsul Ağayev, Sabunçudan Nəcəf Cəfərli, Aleksandra Smolyaninova, Bahar Əhmədova, Şəmkirdən Sakit İsmayılov, Sumqayıtdan Ceyhun Əlizadə, Vaqif Əliyev, Suraxanıdan Rəşid Rzayev, Aygün Əmiraslanova, Tərtərdən Cəfər Hüseynov, Elçin Məmmədov, Ucardan Şahlar Ələkbərov, Xətaidən Svetlana Quliyeva, Yasamaldan Əzizağa İmanov, Yelena Yusupova, Sevil Səfərova, digər şəhər və rayonlardan başqaları keçən il də müxtəlif mövzularda çoxsaylı müraciətlər göndərmişlər.

Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də vardır. Belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər. Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərmişdir…”.

Etikxeber.az

Read Previous

125 saylı Dairənin 5 namizədi MSK-ya -ŞİKAYƏT ETDİ

Read Next

Vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 793 nəfərə-XƏBƏRDARLIQ EDİLİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir