Polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli, İkinci Vətən Müharibəsi Şəhidi Rəşad Quliyevin-CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ, 40 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNACAQ, KEÇDİYİ 37 İLLİK ŞƏRƏFLİ HƏYAT VƏ HƏRB YOLUNDAN BƏHS EDİLƏCƏK…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidi, polkovnik-leytenant Rəşad Rəşid oğlu Quliyevin doğum günüdür.

Rəşad Quliyevin bu gün 40 yaşı tamam olur və bu, Şəhidin həm də Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, əslən Qubalı olan Rəşad Quliyev 1983-cü ilin sentyabr ayının 23-də Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

6 yaşında olarkən 36 yaşlı cavan atasını itirib.

Anası-anaları Mətanət xanım həmin vaxtdan, 1989-cu ildən Rəşada və iki bacısına həm analıq, həm də atalıq edib.

Rəşad həm aldığı tərbiyə nəticəsində, həm də atasının vəsiyyəti ilə hərbçi olub.

Ali təhsilli və peşəkar hərbçi kimi Aprel döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk günündən də ən qaynar, ən ağır nöqtələrdə olub və oktyabrın 6-da Cəbrayıl istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi isə bir gün sonra, oktyabrın 7-də İkinci Şəhidlər Xiyabanında-İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəsi, anası Mətanət Quliyeva isə Rəşad Quliyevin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunmasını istəyir və tələb edir.

Rəşad Quliyev həm də ailəli olub, orta məktəbdə oxuyan iki qız övladı-Dərya və İnci ailəsinə, Vətənə əmanət qalıb.

 Bir müddən öncə isə Onun haqqında çəkilmiş “Canavarın arzusu” adlı filmin təqdimatı keçirilib.

***

Bu gün saat 11:00-da Cənnətdəki üçüncü doğum günü ilə bağlı Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar oxunacaq.

Ziyarət zamanı həm də Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Şəhidin keçdiyi 37 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş yolundan danışılacaq.

Eyni zamanda, İkinci Fəxri Xiyabandakı mərasim zalında Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim təşkil olunacaq, adına çay-ehsan süfrəsi açılacaq.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-40 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tərtər rayonunun Canyataq kəndi yaxınlığında tərk edilmiş döyüş mövqeyinin-GÖRÜNTÜSÜ

Read Next

Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyinin-GÖRÜNTÜSÜ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir