Polşa Voleybol Federasiyası: Azərbaycan Avropa çempionatına yüksək ev sahibliyi edəcək

“Biz Azərbaycana qələbə üçün yollanacağıq. Yer aldığımız qrupda Azərbaycan, Almaniya və Macarıstan komandalarına qarşı mübarizə aparacağıq. Avropa çempionatının gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən demək olar”.

Etikxeber.az bildirir ki, bu sözləri Polşa Voleybol Federasiyasının vitse-prezidenti Yatsek Sek gələn il Azərbaycanın və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

Polşa millisinin əsas hədəfinin qrupu birinci pillədə başa vurmaq olduğunu qeyd edən vitse-prezident vurğulayıb: “Komandamız çalışacaq ki, qrupda birinci yeri tutaraq növbəti mərhələdə “C” qrupunun favoriti olan Rusiya millisi ilə üz-üzə gəlməsin. Azərbaycan millisi doğma azarkeşlər önündə çıxış edəcək. Bu, onlar üçün üstünlük hesab oluna bilər. Almaniya millisi isə çox təhlükəli rəqibdir. Sabit çıxışı ilə hər zaman diqqət mərkəzində olur. Macarıstan voleybolçularını da xüsusi vurğulamaq lazımdır”.

Yatsek Sek bildirib ki, turnirin püşkatma mərasimi yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimin keçirildiyi Heydər Əliyev Mərkəzi isə olduqca möhtəşəmdir. Bakı çox gözəl və müasir şəhərdir. Əminliklə deyə bilərəm ki, Azərbaycan yarışa yüksək səviyyədə ev sahibliyi edəcək.

Azərbaycan millisinin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirən Polşanın qadın voleybolçulardan ibarət yığmasının baş məşqçisi Yatsek Navrotski komandasının birinci Avropa Oyunlarındakı uğuruna da toxunaraq qeyd edib: “Azərbaycan ilə bağlı xoş təəssüratlarımız var. Birinci Avropa Oyunlarının gümüş medalına sahib olduq. Gərgin idman mübarizəsi şəraitində keçən final görüşündə Türkiyəyə uduzduq. Qrupda yer alan rəqiblərimizin hər üçü bizə tanışdır. Onlarla dəfələrlə qarşılaşmışıq. Rəqiblərin oyununu müzakirə edib, öz taktikamızı quracağıq”.

Qeyd edək ki, Azərbaycan millisi “A” qrupunda Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə mübarizə aparacaq. “B” qrupunda Gürcüstan, İtaliya, Xorvatiya və Belarus yığmaları yarışacaq. Rusiya, Türkiyə, Bolqarıstan və Ukrayna milliləri “C”, Serbiya, Niderland, Belçika və Çexiya yığmaları isə “D” qrupunda güclərini sınayacaqlar.

Çempionata ev sahibliyi edən Azərbaycan və Gürcüstan, həmçinin “Avro-2015”in mükafatçıları Rusiya, Niderland, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mötəbər yarışa birbaşa final mərhələsindən başlayacaqlar. İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus çempionata ikinci seçmə mərhələdən, Çexiya, Ukrayna və Macarıstan isə pley-offdan qoşulacaqlar.

Etikxeber.az

 

Read Previous

Ərdoğan: “Səfirin qatili FETÖ-nün üzvü olub…”

Read Next

Müəllim və valideynlərin müraciətlərinə baxılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir