Post-pandemiya dövründə kənd təsərrüfatına dövlət dəstəyi gücləndirilməlidir-EKSPERTİN BAXIŞI

Pandemiyanın iqtisadiyyata neqativ təsirlərinin minimumlaşdırılması üçün 2020-ci ildə Azərbaycan hökuməti tərəfindən biznesə müxtəlif təyinatlı dəstək proqramları həyata keçirilsə də, ötən ildə ümumi daxili məhsul (ÜDM) 4,3%, o cümlədən qeyri-neft-qaz ÜDM-i 2,3 faiz, əhalinin hər nəfərinə düşən ÜDM isə 5,0 faiz azalıb.

2020-ci ildə 2019-cu ilə nisbətən qeyri-neft ixracı faktiki qiymətlərlə 8 faiz, müqayisəli qiymətlərlə 17,9 faiz azalıb.

Qeyri-neft ixracat məhsullarının əsasən kənd təsərrüfatı məhsullarından ibarət olduğunu nəzərə alsaq, azalmanı şərtləndirən amillərdən biri də pandemiya ilə əlaqədar məhdudiyyətlərin (sərhədlərin bağlanması, daşınmaların ləngiməsi və sair) tətbiqi səbəbindən kənd təsərrüfatı məhullarının dəyər zəncirində fasilələrin mövcudluğu olub. 2019-cu illə müqayisədə 2020-ci ildə meşə fındığı ixracı 8,5%, xurma 26,5%, çay isə 0,5% azalıb.

Pandemiyaya qədər Azərbaycanda kənd təsərrüfatı davamlı və yüksək artım tempi nümayiş etdirib və bu, əsasını kənd təsərrüfatı məhsulları təşkil edən qeyri-neft ixracatında da müşahidə olunub. Belə ki,  2017-ci ildə qeyri-neft ixracı 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. 

İstehlak xərcləri komponentinə gəlincə, DSK-nın son məlumatına əsasən, 2020-ci ildə ötən ilə nisbətən faktiki qiymətlərlə əhalinin mal alınması və xidmətlərə xərcləri 5 faiz azalıb. Bu da ÜDM-də istehlak xərcləri komponentinin də neqativ rolunu göstərir.

Əvvəlki illə müqayisədə ötən il əsas kapitala yönəldilmiş vəsaitlər qeyri-neft-qaz sektorunda 13,3 faiz aşağı düşüb. Bu, ÜDM-in azalmasında əhəmiyyətli rol oynayan faktorlardan hesab oluna bilər. Nəhayət, dövlət xərcləmələrinə gəlincə, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2020-ci ildə 2019-сu ilə nisbətən dövlət büdcəsinin xərcləmələri 8,2 faiz artıb.

Xərclərin artımını şərtləndirən başlıca faktorlaran biri də pandemiya olub. Belə ki, pandemiyaya görə, büdcənin səhiyyə, sosial müdafiə və sosial təminat xərcləri əvvəlki illərlə müqayisədə kəskin artıma məruz qalıb. 2020-ci ildə bəzi bitkiçilik məhsullarının istehsalında 2019-cu illə müqayisədə məhsuldarlıq aşağı düşüb. Bura dənlilər və dənli-paxlalı bitkilər, buğda, paxlalılar, arpa, sair dənli birkilər, meyvə və giləmeyvə və üzüm istehsalı daxildir.

Məhsuladarlığın aşağı düşməsi ilə yanaşı, əkilən və becərilən sahələrin azalması da diqqət çəkib. Ümumilikdə bitkiçilikdə dənlilər və dənli-paxlalı bitkilər üzrə əkin sahəsi 82,9 in hektar, buğda üzrə 81,6 min hektar azalıb. Bundan əlavə çəltik və paxlalılar əkilən sahələrdə də 2019-cu illə müqayisədə azalma qeydə alınıb. Dən üçün günəbaxan, şəkər çuğunduru, tərəvəz və bostan məhsulları əkilən sahələrin sahəsi də 2019-cu illə müqayisədə aşağı düşüb.

2017-2020-ci illər üzrə iqtsiadiyyata investisiya qoyuşulunun sahələr üzrə bölgüsünün müqayisəsi göstərir ki, ötən il aqrar sektora sərmayə yatırımları da azalıb. Cəmi kapital qoyuluşlarının  azalması ilə yanaşı, kənd təsərrüfatının payına düşən sərmayələrin azalmasının səbəblərindən biri də pandemiya hesab oluna bilər. Əsas kapitala yönəldilmiş ümumi vəsaitin sektorlar üzrə bölgüsündə də ötən il kənd təsərrüfatının payı azalıb və 2017-ci ildən sonra ən aşağı səviyyəyə düşüb. 

2020-ci ilin iqtisadi yekunlarının təhlili göstərir ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində  qərarlaşmış tendensiyaların, o sıradan evdə qalma və  sosial izolyasiyanın tətbiqinin  ən çox ziyan vurduğu sektorlardan biri də kənd təsərrüfatıdır. Pandemiyaya qədər yüksək artımlar nümayiş etdirən aqrar sektorda ötən il müşahidə olunan 2 faizlik artım buna əyanı misaldır. Halbuki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2017-ci ildə 4,2 faiz,  2018-ci ildə 4,6 faiz, 2019-cu ildə  7,2 faiz artıb. 

Kənd təsərrüfatı istehsalının xarakterik xüsusiyyətlərinə görə, aqrar bölmədə nəzərdə tutulan sahə fəaliyyətlərini alternativ vasitələrlə, məsələn, məsafədən idarə olunmaqla əvəz etmək mümkün deyil. Bu fəaliyyətlər xüsusilə də əkinçilikdə daha çox canlı əmək resursları və hərəkət azadlığı tələb edir. Lakin ötən il bəzi hallarda sərbəst hərəkət imkanlarının məhdudlaşdırılması və xüsusilə də, yay aylarında müşahidə olunan quraqlıq nəticəsində kənd təsərrüfatının birkiçilik bölməsi daha çox neqativ təsirlərə məruz qalıb. Nəticədə ötən il bitkiçilikdə məhsul istehsalı cüzi səviyyədə, cəmisi 0,8 faiz artıb.

Heyvandarlıqda artım səviyyəsi 3,1 faiz təşkil etsə də, bu sektorda da pandemiyadan qaynaqlanan başqa çətinliklər müşahidə olunub. Belə ki, heyvandarlığın əsas məhsulu olan ət və süd  istehsalının xərclərinin artmasına baxmayaraq, ətin qiymətində ucuzlaşma müşahidə olunub ki, bu da heyvandarlıq  sahəsinin rentabellik göstəricilərini pisləşdirib. Bunun başlıca səbəblərindən biri pandemiya dövründə kütləvi tədbirlərin (toy və yas mərasimlərinin) qadağan olunması, ictimai iaşə müəssisələrinin (kafe və restoranların), otel və əyləncə mərkəzlərinin məhdudiyyətlərlə fəaliyyət göstərməsi ilə əlaqədardır.

Həmin müəssisələrin ət və ət məhsullarına olan tələbatın ödənilməsində əhəmiyyətli rolunu  nəzərə alsaq, aqrar sektorun istehsal potensialına bu səbəbdən yaranan çətinlik ciddi təsir göstərib. Bir çox heyvandarlıq fermaları satışa çıxardıqları istehsal məhsullarından yetərincə gəlirlər əldə edə bilmədiklərindən yüksək yem xərclərinin ödənilməsində ciddi çətinliklər yaşayıb.

Pandemiya dövründə kənd təsərrüfatı istehsalçılarının qarşılaşdığı çətinliklərdən biri də onların istehsal etdikləri məhsulların təchizatçılara çatdırılması sahəsində müşahidə olunub. Paytaxt və respublika tabeli bəzi şəhərlərə (Gəncə, Sumqayıt və başqaları) minik maşınlarına giriş məhdudiyyətlərinin təbiqi  tədarük olunan məhsulların vaxtında bazarlara daşınması və tədavülə təqdim edilməsi sahəsində problemlər yaradıb. Problemin həllinə münasibətdə Nazirlər Kabinetinin cavab tədbirləri operativ və adekvat olmayıb.

Bütün bunların nəticəsində pandemiya dövründə kənd təsərrüfatı məhsullarının dəyər zənciri pozulub və bu da istehsalçıların gəlirlərinə və aqrar bölmədə məşğulluğa mənfi təsir göstərib. Dəyər zəncirinin qırılması malların yalnız daxili bazara deyil, həmçinin xarici bazarlara çatdırılmasında da müşahidə edilib. Bunun nəticəsində də Azərbaycanın 2020-ci ildə ixracatdan yalnız neft gəlirləri deyil, qeyri-neft gəlirləri də azalıb.

Sadalanan problemləri nəzərə alsaq, post-pandemiya dövründə xüsisilə ailə kəndli təsərrüfatlarının, mikro və kiçik kənd təsərrüfatı istehsalçılarının güzəştli mikrokreditlərə əlçatanlığı təmin edilməli, kredit üçün müraciət qaydaları sadələşdirilməli, proses mümkün qədər şəffaf və hesabatlı aparılmalıdır. Pandemiyadan daha çox təsirlənən təsərrüfatları müflis olmaqdan qurtarmaq üçün onlara əvəzsiz qrantların verilməsinə başlanılmalıdır.

Kənd təsərrüfatında institutsional və struktur islahatları davam etdirilməli, aqrar sektorun idarəolunmasına müasir bazar institutları cəlb edilməli, inzibatçılıq minimumlaşdırılmalı, kənd təsərrüfatı istehsalçıları və fermerlər üçün elektron xidmətlərdən istifadə imkanları genişləndirilməlidir. Eyni zamanda, daxili bazarın qorunması üçün çevik idxal siyasəti yeridilməli, mövsümi tariflər vasitəsilə bazarda haqsız rəqabət aradan qaldırılmalı və sağlam rəqabət dəstəklənməlidir.

Aqrar  sektorun ixracat imkanlarının artırılması üçün məzənnə siyasətinə yenidən baxılması, ixracatın kreditləşdirilməsi üçün pul-kredit və faiz dərəcəsi alətlərindən effektiv istifadə olunması da mümkündür.

Qalib TOĞRUL,

Ekspert

Etikxeber.az

Read Previous

Fevralın 1-dək ölkə ərazisində ictimai nəqliyyat-İŞLƏMƏYƏCƏK

Read Next

Vətən sevdalıları-Fatehlər və ya BİR QƏDƏR GEÇİKMİŞ YAZI…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir