Prezident “ADEX-2018” sərgisi ilə tanış oldu, XOK sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi- FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

Etikxeber.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlət başçısına sərgi barədə məlumat verdilər.

Bildirildi ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Qeyd edildi ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.

Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

xok-2

***

xok

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğuladılar və təbriklərini çatdırdılar. Xüsusi Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına, o cümlədən Formula-1 və hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatına və eləcə də digər mühüm yarışlara ev sahibliyi etməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirdi, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd etdi və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğuladı.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır – MEHRİBAN ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ermənistanın addımı danışıqlara xələl gətirmək məqsədini güdür – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir