PREZİDENT: “Bu kəmərlər bizim böyük sərvətimizdir…” – YENİLƏNİB

“Azərbaycanın 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı var. Enerji təhlükəsizlikdə mühüm rol oynayır. Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizlik məsələsidir”.

Etikxeber.az bildirir ki, APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışında deyib. O bildirib ki, tarixi neft-qaz kəmərləri yaradılmasaydı, Azərbaycan resurslarını dünya bazarlarına ixrac edə bilməzdi: “Azərbaycanın neft-qaz layihələri regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təməlidir. Bu layihələrin ölkələr arasında münasibətlərə də çox böyük təsiri var. Bu kəmərlər bizim böyük sərvətimizdir”.

Prezident qeyd edib ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi də uğurla həyata keçirilir: “Cənub Qaz Dəhlizinə 40 milyard dollar vəsait qoyulması nəzərdə tutulub, bu işlərin böyük əksəriyyəti həyata keçirilib. “Şahdəniz-2” layihəsinin icra səviyyəsi 93 faiz səviyyəsindədir. TANAP-ın icrası 70 faizdən yuxarı, TAP-da icra səviyyəsi 42 faiz səviyyəsindədir. Bu il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının Bakıda növbəti iclası keçirilib. Azərbaycan bu layihədə lider ölkədir. Bizim tərəfdaş ölkələr – Balkan ölkələri, ABŞ, Böyük Britaniya və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri Məşvərət Şurasının iclasında iştirak ediblər. Qəbul edilən qətnamədə Azərbaycanın lider rolu vurğulanıb”.

Dövlət başçısı bəyan edib ki, neft-qaz kəmərlərinin şaxələndirilməsi mühümdür:

“Marşrutların və mənbələrin şaxələndirilməsi vacibdir. Mənbələrə gəlincə, Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Azərbaycan böyük və yaxında yerləşən mənbədir. Ən önəmlisi, Azərbaycan dövlətinin güclü iradəsi və maliyyəsi var. Əgər Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində 4 layihəyə sərmayə qoymasaydı, heç bir investor sərmayə qoymazdı. Azərbaycan qazının Avropaya çıxarılması 10 ilin müzakirə mövzusu idi, ancaq heç bir nəticə vermirdi. 2012-ci ildə Azərbaycan Türkiyə ilə TANAP layihəsinə imza atdı və işlər başladı. Azərbaycan həm siyasi iradə ortaya qoyur, həm də maliyyə töhfəsini verir. Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli inkişafını təmin edəcək. Növbədə Böyük Abşeron qaz yatağı layihəsi var. Paralel olaraq Ümid, Babək layihələri icra edilir. Bu yataqlardan yaxın illərdə hasilat gözlənir. Yaradılan infrastruktur sayəsində Azərbaycanın tranzit rolu da artır. Xəzərin şərqindən resurslar Azərbaycan üzərindən dünya bazarına çıxarılır”.

***

“Təəssüf ki, müstəqilliyin ilk illərində neft-qaz sənayesi tənəzzülə uğradı, Abşeron yarımadası çirkləndirildi”.

Bunu da Azərbaycan prezidenti 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, müstəqilliyin ilk illərində anarxiya, xaos yaşanıb, vətəndaş müharibəsi olub, torpaqlarımız işğal edilib: “Belə olan halda Azərbaycan xarici investorlar üçün təhlükəli ölkəyə çevrilmişdi. Belə bir vəziyyətdə xalqımız Heydər Əliyevi dəvət etdi, prezident seçdi və ölkəmizdə inkişaf başladı. Bir neçə ildə ölkəmizdə sabitlik bərqərar oldu. O zaman iqtisadiyyat dağılmışdı, iqtisadiyyatın inkişafı üçün perspektiv yox idi. İqtisadiyyatı olmayan ölkə müstəqil ola bilməz. Bu gün bizim maliyyə resurslarımız var, müstəqil ölkə kimi səsimizi ucalda bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı ölkə idi, pulumuz yox idi, iqtisadiyyatımız asılı vəziyyətə düşmüşdü. Heydər Əliyevin neft strategiyasının əhəmiyyətini bir daha görürük. 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi tarixi müqavilədir. Həmin müqavilə imzalanmasaydı, Şahdəniz olmazdı, neft-qaz layihələri olmasaydı, bu gün Cənubi Qaz Dəhlizi olmazdı. Bizim pulumuz olmasaydı, heç kəs Cənub Qaz Dəhlizinə pul qoymazdı. Bu layihəyə 1 milyard dollar vəsait qoymuşuq. Biz neft və qaz sektorundan əldə edilən vəsaiti insan kapitalına yönəltdik”.

Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azəri-Çıraq-Günəşli üzrə müqavilənin müddətinin uzadılması istiqamətində iş aparılır : “Hazırda xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik. Bu yataqlarda böyük miqdarda ehtiyat qalmaqdadır. Onu da leyim ki, Şahdəniz üzrə müqavilə də məhz bu sərgilərin birində imzalanıb”.

Etikxeber.az

Read Previous

XİN Kiprin xarici işlər nazirinə etiraz etdi

Read Next

“Damazlıq heyvandarlıq”la bağlı məsuliyyət sərtləşdirilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir