Prezident daha iki səfirin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da həmçinin Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

10:33

***

Prezident İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

Səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirdi, Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək, bununla bağlı artıq iki mühüm tədbirin – Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğuladı və bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini dedi, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirdi.

İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirdi, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd etdi ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir.

Xanım Mariela del Karmen Sagel Rosas bu baxımdan ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırdı.

Səfir, eyni zamanda, ölkələrimiz arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

12:30

***

İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

Səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək, Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxundu. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olmuşdur. İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladı.

Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına çatdırdı, onun Azərbaycana səfərini ehtiramla xatırladı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş etdi.

Səfir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirdi.

Etikxeber.az

Read Previous

Bakı və bəzi rayonlarda yağış yağacaq-SABAH

Read Next

Ermənistanın öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir-ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir