Prezident Fransa Prezidenti Kabinetinin müşavirini və Aİ-nin xüsusi nümayəndəsini-QƏBUL ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırıb və Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirib.

Dövlət başçısı ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğulayıb.

Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd edib. İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Daha 1186 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

“Qalib Azərbaycan, torpaqlarına sahib çıxmağı bacaran bir xalqın böyük Vətəni, Cənubi Qafqazın və dünyanın parlayan ulduzudur”-JALƏ ƏLİYEVA 32 İL ÖNCƏ BAŞ VERƏNLƏRDƏN, 20 YANVARDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir