Prezident Füzulidədir – Ön xətdə əməliyyat şəraiti ilə tanış oldu – FOTOLAR -YENİLƏNİB

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı mərhum dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verdi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verildi. Bildirildi ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

Sonra Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının – Xalça Kombinatının açılışı oldu.

İlham Əliyev kombinatın açılışında iştirak etdi.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlət başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

***

İlham Əliyev sonra Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak etdi.

 

Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.

***

İlham Əliyev eyni zamanda,  Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə tanış oldu.

Dövlət başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

***

 İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait ilə də  tanış oldu.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.

Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim etdi.

Dövlət başçısı hərbçilərlə görüşdü və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış etdi.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

ilya-fuz-1ilya-fuz-3

ilya-fuz-5

ilya-fuz

Etikxeber.az

Read Previous

Silahlı Qüvvələrdə irimiqyaslı təlimlərin birinci mərhələsinə start verildi – FOTOLAR

Read Next

“Belə bir plan var…” – NOVRUZ MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir