Prezident: “Mehriban Əliyeva uzun illərdir ölkəmizin həyatında fəal rol oynayır”

Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.

Etikxeber.az  AzTV-yə istinadən xəbər verir ki, dövlət başçısı deyib:

“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır və bu gün Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı 700 minə yaxınlaşır”.

Prezident  bildirib ki, M. Əliyeva 2005-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır və deputat kimi çox böyük işlər görüb:

“Təmsil etdiyi dairənin sosial, iqtisadi problemlərinin həlli işində çox böyük addımlar atıb. Seçicilərlə daim təmasdadır. Onun deputat kimi əsas fəaliyyəti seçicilərin problemlərinin həlli ilə bağlıdır. Eyni zamanda, deputat kimi Mehriban Əliyevanın çox geniş fəaliyyəti də var və bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb. 2004-cü ildən bu günə qədər Mehriban Əliyeva ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi altında nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilib. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə br çox önəmli layihələrə, proqramlara start veilib. Onların arasında xüsusilə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 3 ildə ölkəmizdə 3 mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib. Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərmişdir”.

Dövlət başçısı qeyd edib ki, Heydər Əliyev Fondunun xətti ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib: “Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır və Fondun fəaliyyəti məhz bu məqsədi güdür ki, ehtiyacı olan insanlara yardım etsin və imkan daxilində ən az müdafiə olunan vətəndaşlara öz dəstəyini göstərsin. Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı olan layihələri bizim mənəvi, tarixi, mədəni irsimizin qorunması işində əvəzolunmaz rol oynayıb. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması Heydər Əliyev Fondunun və Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olub. Azərbaycanda keçirilən muğam müsabiqələri artıq həyatımızın ayrılmaz hissələrinə çevrilib. Bu sadəcə olaraq sənət növü deyil. Bu, bizim mədəni sərvətimizdir və gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlər, ənənələr xüsusi rol oynayır. Bu baxımdan belə təşəbbüslər çox böyük ictimai məna daşıyır. Eyni zamanda, dünya miqyasında muğamın məhz Azərbaycan sənəti kimi təqdim olunmasında Heydər Əliyev Fondunun çox böyük rolu olmuşdur. Azərbaycanı dünyada təqdim etmək üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirilib. Çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa başlamışdır. Dünya artıq görür ki, Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Eyni zamanda, Azərbaycan xalqı öz tarixi köklərinə çox bağlı olan xalqdır. Mehriban Əliyeva Milli Olimpiya Komitəsinin üzvü və İcraiyyə Komitəsinin üzvüdür. Onun bu fəaliyyəti də təqdirəlayiqdir. Bir necə ölkəmizdə keçirilmiş qlobal tədbirin təşkilində Mehriban Əliyeva xüsusi rol oynayıb”.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva danışdı: “Yüksək etimada görə, dərin minnətdarlığımı bildirirəm”

Read Next

Birinci vitse-prezident vəzifəsində hamı Mehriban xanımı görürdü – NOVRUZ MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir