Prezident milli mətbuatın 145 illiyi ilə bağlı Sərəncam imzaladı-MƏTBUAT ŞURASI MİNNƏTDARLIQ BİLDİRDİ – YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılıb ki;

– koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etsin;

– jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

***

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” bu gün imzaladığı Sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsidir. Sərəncam dövlət başçımızın ənənələrə sadiklik kursunun müstəsna göstəricisidir”.

Bunu isə Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov bildirib.

O, sonra qeyd edib:

“Buna görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını Ümummilli liderimiz Heydər Əliyev qoymuşdu. O, 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi haqqında” Fərman imzalamışdı. Mətbuat tariximizin əsas məqamlarının əhatəli və ardıcıl şəkildə yer aldığı həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi. Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi. Yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymət nümunəsi kimi yadda qaldı. Prezidentin bu gün imzaladığı sərəncam 145 illik yubileyin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyini söyləməyə ali təminatdır. Bu, hər birimizi sevindirir. Eyni zamanda onu da bildirim ki, yubiley sərəncamı keçilmiş yola nəzərdir, milli mətbuatımızın inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin yada salınması, onların bizə miras qoyduqları irsə sahibliyi gücləndirmək, o irsi yaşatmaq baxımından vacib istinad mənbəyidir. Sənəddə koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrün şərtləri daxilində məsələyə diqqət yetirmək vəzifəsi müəyyənləşir. Bir daha Azərbaycan mətbuatına, onun tarixi missiyasına verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Şura Prezident Sərəncamından irəli gələn vəzifələrin həllinə dəstək olmağa hazırdır”.

Etikxeber.az

Read Previous

Parlamentin iclası-BAŞLADI VƏ BAŞA ÇATDI…-YENİLƏNİB – (2)

Read Next

556 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir