Prezident Qətərin Baş nazirinin müavinini və Türkiyəli naziri-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirildi. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulandı. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edildi.

Söhbət zamanı, həmçinin post-pandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib.

Vedat Bilgin Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunaraq, Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunuldu.

Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olundu.

Etikxeber.az

Read Previous

“Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Qoy Azərbaycanın dövlət müstəqilliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir