Prezident Qarayevə daha bir vəzifə verdi- Turizm Şurasının sədri təyin etdi

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında  Fərman verib.

Etikxeber.az-ın məlumatına görə, Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının və “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsi üç ay müddətində yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətlərini həyata keçirsin.

4. Müəyyən edilsin ki, “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin saxlanması və fəaliyyətinin təmin edilməsi xərcləri onun fəaliyyətindən əldə edilən gəlirlər (o cümlədən aldığı kreditlər, qrantlar, habelə işlərin görülməsindən, xidmətlər göstərilməsindən daxilolmalar və s.) hesabına maliyyələşdirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılacaq publik hüquqi şəxsin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılmasını və zəruri maddi-texniki təminat məsələlərini həll etsin;

5.5. bu Fərmanın 3-cü hissəsinə əsasən yaradılacaq publik hüquqi şəxsin ilkin dövrdə fəaliyyətini təmin etmək üçün nizamnamə fondunun formalaşmasını təmin etsin;

5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

8. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumları bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Turizm Şurasına lazımi kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.

***

Şuranın sədri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Şuranın üzvləri:

İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Arif Məmmədov – Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Rafiq Cəlilov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Fərhad Tağı-zadə – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

Bədəl Bədəlov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

Əsgər Ələkbərov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

İlqar Mustafayev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi.

Etikxeber.az

Read Previous

“Fənərbağça” klubu heyətini gücləndirir…

Read Next

Çeşidli və tarazlaşdırılmış yeməklərlə qidalanan insanlar daha rahat yatırlar…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir