Prezident Şamaxı və İsmayıllı rayonları ilə bağlı bir neçə Sərəncam imzaladı – YENİLƏNİB

Ölkə prezidenti İlham Əliyev Şamaxı rayonunun Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,9 milyon (yeddi milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

SARANCAM

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev həmçinin,  “Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamla Şamaxı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Son dövrdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində Şamaxıda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilib. Sərəncamda qeyd olunur ki, rayonda Müalicə-Diaqnostika Mərkəzi, Şəhər İncəsənət Təhsil Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 48 mənzilli 3 yaşayış binası inşa edilib, Şamaxı Olimpiya Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şamaxı Cümə Məscidi, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər Şahmat Məktəbi, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, 44 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Habelə şəhərin içməli su təchizatı sistemi yenidən qurulub, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, iri istehsal müəssisələri yaradılıb, 16 mindən çox yeni iş yeri açılıb. Bundan başqa, turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilib, ən müasir tələblərə cavab verən mehmanxana və istirahət mərkəzi tikilib. Rayonun Dəmirçi kəndində müasir turizm infrastrukturu, Arxeologiya Muzeyi, 620 hektar sahədə Şamaxı Safari Parkı yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Prezident bununla yanaşı, “Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında” Sərəncam imzalayıb.

Göstərilir ki, Şamaxı rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

***

Prezident eyni zamanda,  “İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Qeyd olunur ki, İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Sərəncamda qeyd olunur ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İsmayıllı rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş vəsait 74,8 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 75,9 dəfə artıb, Olimpiya İdman Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, Peşə Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 88 mənzilli 3 yaşayış binası inşa edilib, 42 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bununla yanaşı, İsmayıllı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, 110/35/10 kV-luq “İsmayıllı” elektrik yarımstansiyası və ümumi gücü 3,2 MVt olan 2 su elektrik stansiyası istismara verilib, xalçaçılıq müəssisəsi, “Buta-Qrup” MMC-nin aqroparkı və digər iri sənaye, kənd təsərrüfatı və emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Prezident  bununla bərabər, “İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat ayrılıb.

Xatırladaq ki, avqustun 25-də Prezident İlham Əliyevin iştirakı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı açılıb. Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı dövlətimizin başçısının diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsi olaraq Horadiz, Şəmkir, Quba və Xaçmazda xalça emalatxanaları tikilərək istifadəyə verilib və bu sahədə işlər davam etdirilir.

Prezident bundan savayı, İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında 
Sərəncam imzalayıb. 

Sərəncamda qeyd olunur:

1. İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Etikxeber.az

 

Read Previous

Zərdabdan olan tələbə təhsil haqqını ödəyərək, MDU-da qeydiyyatdan keçdi – DEPUTAT

Read Next

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk 3 iştirakçının adı bəlli oldu – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir