Prezident türkiyəli naziri və FIDE prezidentini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

drokovic-ilya

Etikxeber.az xəbər verir ki, İlham Əliyev dekabrın 10-da həmçinin, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

***

Dövlət başçısı Bekir Pakdemirlini kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, onun ilk dəfə nazir kimi Azərbaycana səfərindən məmnunluğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi. Kənd təsərrüfatının inkişafına ölkəmizdə böyük önəm verildiyini deyən dövlətimizin başçısı bunun iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurların və təcrübənin Azərbaycan üçün böyük maraq doğurduğunu dedi.

Dövlət başçısı Bekir Pakdemirlinin Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumda iştirakının əhəmiyyətini vurğuladı və onun Azərbaycana bu səfərinin əməkdaşlığın perspektivlərinin səmərəli müzakirəsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Bakıda aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda keçirilən beynəlxalq forumun əhəmiyyətinə toxundu, ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini dedi və nümayəndə heyətinin tərkibinə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən iş adamlarının da daxil olduğunu bildirdi.

Söhbət zamanı kənd təsərrüfatı sahəsində çalışan Azərbaycan və Türkiyə iş adamlarının dekabrın 11-də Bakıda birgə biznes forumunun keçiriləcəyi və bunun əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətli olacağı vurğulandı.

Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

***

Dövlət başçısı, ilk növbədə, Arkadi Dvorkoviçi Beynəlxalq Şahmat Federasiyasının prezidenti kimi yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev Arkadi Dvorkoviçin bu vəzifəyə seçilməsindən sonra qısa bir zaman ərzində Azərbaycana səfərinin önəmini qeyd edərək, bunu ölkəmizin şahmat ənənələrinə diqqət və hörmət əlaməti kimi dəyərləndirdi.

Dövlət başçısı Arkadi Dvorkoviçin səfəri zamanı Azərbaycanla FIDE arasında əməkdaşlığın perspektivləri, ölkəmizin dünya şahmat ailəsində fəal iştirakı və qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən şərəf duyduğunu dedi. O, ölkəmizin FIDE-yə verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun təşkilatın fəaliyyətində daim hiss olunduğunu vurğuladı. Arkadi Dvorkoviç, eyni zamanda, Azərbaycan nümayəndəsinin FIDE-nin vitse-prezidenti vəzifəsinə seçilməsinin əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycanda idmana, o cümlədən şahmata dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi vurğulandı.

Söhbət zamanı Arkadi Dvorkoviç “Skolkovo” Fondunun sədri kimi rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əməkdaşlığa önəm verdiyini, artıq telekommunikasiya sahəsində birgə işlərin aparıldığını dedi və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Etikxeber.az

Read Previous

Siyasi fəaliyyətinə görə heç kim təqib olunmur… – VİTSE-SPİKER

Read Next

Lətifə Əliyeva, Nübar Novruzova, Mehriban Abdullayeva, Vaqif Əsədov… – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir