“Atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik…” – İLHAM ƏLİYEV – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

İlham Əliyev  həmçinin, oktyabrın 10-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə çox şadam. Mən bizim Vyanadakı görüşümüzü xatırlayıram, çox səmərəli və çox ümidverici idi. Ümidvaram ki, Azərbaycana səfəriniz çox uğurlu olacaq, biz sıx əməkdaşlığımızı davam etdirəcəyik. Mən cənab Prezidentlə, Baş Nazirlə görüşümü xatırlayıram. Bildiyiniz kimi, çox səmimi və mehriban görüş idi. Düşünürəm ki, bu, çox mühüm şəxsi təmas idi. Biz bir daha ölkələrimiz arasındakı əməkdaşlığa verdiyimiz böyük əhəmiyyəti və tərəfdaşlığı genişləndirməyə hazır olduğumuzu qeyd etdik.

Siz də bildiyiniz kimi, ölkənizdən olan bir çox şirkətlər müxtəlif sahələrdə bizim tərəfdaşlarımızdır. Mənim Baş Nazirə dediyim kimi, onlar Azərbaycandakı tikinti layihələrində mühüm rol oynayıblar. Onlar yeni memarlıq üslubu baxımından, eləcə də infrastruktur sahəsində çox yaradıcıdırlar. Mən, həmçinin şadam ki, hazırda biz sizin məsul olduğunuz nəqliyyat sektorunda əməkdaşlığın fəal mərhələsindəyik və bizim hazırda Avropa ilə Asiyanı birləşdirmək planlarımız həyata keçirilir. Biz bu istiqamətdə yaxşı nəticələrə, yaxşı irəliləyişə nail olmuşuq. Şərq-Qərb dəhlizi fəaliyyət göstərir. Biz Çindən, Mərkəzi Asiyadan yüklər qəbul edirik və sizin burada Azərbaycanda infrastrukturla bağlı gördüyünüz bütün işlər hazırda iqtisadi tərəfdaşlıq və birlik işinə xidmət edir.

Bildiyiniz kimi, Azərbaycan nəqliyyat sektoruna böyük həcmdə investisiya yatırıb. Altı beynəlxalq hava limanı, müasir dəmir yolu sistemi, yeni magistral yollar, Xəzər dənizində ən böyük dəniz limanı, əlbəttə ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi və həmçinin bu il biz artıq Şimaldan Qərb istiqamətində gedən yükləri qəbul etməyə başlamışıq. Beləliklə, indi söhbət Şimal-Qərb dəhlizindən gedir. Azərbaycan bu layihədə çox mühüm rol oynayır, çünki biz Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində iştirak edirik. Nəqliyyat sektoru gələcək iqtisadi inkişafın hərəkətverici qüvvəsi olacaq sahələrdən birinə çevrilir. Mən bilirəm ki, bizim dəmir yolları qurumumuz avstriyalı həmkarları ilə yaxşı təmaslar qurub. Bunlar çox ümidverici addımlardır. Əminəm ki, Azərbaycana səfəriniz ərzində bütün bu məsələlər geniş şəkildə müzakirə ediləcək və biz atmalı olduğumuz yeni addımları müəyyənləşdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas RAYXHARDT dedi:

-Cənab Prezident, dostcasına dediyiniz sözlərə görə Sizə təşəkkür edirəm. Ötən dəfə biz Vyanada görüşmüşdük. O vaxt mən nazir müavini idim, indi nazirəm, lakin mövzular dəyişməyib. Biz hələ də iqtisadi sahələrimizi yaxınlaşdırmağa və birgə layihələri inkişaf etdirməyə çalışırıq. Ötən dəfə Vyanada müzakirə etdiyimiz kimi, vəzifəmiz bəzi layihələrlə bağlı konkret ideyaları inkişaf etdirmək və Avstriyanın dünyada məşhur texnologiya şirkətlərini Azərbaycana gətirməkdir. Bir qədər sonra biz Sizə bəzi konkret ideyaları təqdim etmək istəyirik. Bizim burada kiçik, lakin rəqabət qabiliyyəti çox yüksək olan biznes nümayəndə heyətimiz var. Bizim bu gün və sabah ikitərəfli görüşlərimiz olacaq.

***

Prezident İlham ƏLİYEV dedi:

-Əminəm ki, səfəriniz uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlığımız davam edəcək.

Bildiyiniz kimi, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir. Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə – həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük.

Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz.

Türkiyənin Təhsil naziri Ziya SELÇUK dedi:

-Təşəkkür edirəm. Zati-alinizin bizi qəbul etməsindən böyük məmnunluq duyuruq. Çox minnətdaram, sağ olun. Cənab Prezidentimizin salamlarını çatdırmaq istərdim.

Prezident İlham Əliyev: Sağ olun. Mənim də salamlarımı çatdırın.

Ziya Selçuk: Prezidentimiz Sizə olan dost münasibətini hər zaman ifadə edir. “Bir millət, iki dövlət” şüarının daim vurğulandığı və bu məsələnin əhəmiyyəti barədə danışıldığı da Sizə məlumdur.

Zati-alinizin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərarı Türkiyədə böyük bir sevinc hissi yaradıb. Bunu, cənab Prezident, Sizə çatdırmaq istəyirəm. Mükəmməl səviyyədə olan əməkdaşlığımız hamımızı sevindirir. Həm vətəndaşlarımızın ünsiyyətinin artması, həm tələbələrin Türkiyəyə təhsil almağa gəlmələri, həm də Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi hamımızı çox məmnun edir.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Prezident İlham Əliyev bildirdi ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirdi.

Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Ölkənin hər yerində “Qarabağ Azərbaycandır” sədasını eşidirik” – VİTSE-PREMYER

Read Next

“Bu, Azərbaycanı Rusiyanın bir hissəsinə çevirmək, təsiri altına düşmək üçün deyil” – STM-İN SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir