Prezident V Qlobal Bakı Forumuna dəvət olundu

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Afinada səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.

Görüşdə Mərkəzin İdarə Heyətinin üzvü, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Mərkəzin üzvü, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü Elsa Papadimitrio və Mərkəzin baş katibi Rövşən Muradov iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Etikxeber.az-a bildirilib ki, qəbulda bir sıra beynəlxalq və regional məsələlərlə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti və 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumu ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Prezident Prokopis Pavlopulosa Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, təşkilat Azərbaycan mədəniyyətinin, tarixinin, elmi-ədəbi irsinin dünyaya çatdırılmasında, həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası və millətlərarası dialoqun inkişafında böyük rol oynayır. İdarə Heyətində dünyanın tanınmış siyasi xadimlərinin və şəxsiyyətlərinin təmsil olunduğu Mərkəz bu liderləri bir araya gətirməklə, onların diqqətini və fəaliyyətini Azərbaycanın mədəni həyatına yönəldib. Onlar Azərbaycan mədəniyyəti, dini və milli tolerantlığı, zəngin, qədim dövlətçilik, birgəyaşayış, humanizm ənənələri ilə bağlı faktları bütün dünyaya çatdırır. Bundan başqa, təşkilatın dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərinin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə edərək həll yollarını tapmaları baxımından da böyük imkanlar yaratdığı diqqətə çatdırılıb. Bu mənada Mərkəzin təşkilatçılığı əsasında hər il yüzlərlə siyasətçi, dövlət xadimi və elm adamının iştirakı ilə baş tutan Qlobal Bakı Forumunun, həmçinin Mərkəzin müxtəlif ölkələrdə keçirilən ali səviyyəli toplantılarının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşdə, həmçinin 2017-ci ilin noyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü və UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannisin himayəsi ilə Yunanıstanda Mərkəzin Ali Səviyyəli toplantısının keçirilməsi müzakirə edilib. Xatırladaq ki, 2014-cü ildə də M.Vardinoyannisin himayəsi ilə bu ölkədə Mərkəzin Ali Səviyyəli toplantısı keçirilib.

Yunanıstan Prezidenti Prokopis Pavlopulos Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini təqdir edərək əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Prokopis Pavlopulos 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumuna dəvət olunub.

Etikxeber.az

Read Previous

Pulsuz psixoloji yardım alacaq şəxslərin kateqoriyası açıqlandı

Read Next

Masallını da yağış “iflic” etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir