Prezident Xankəndidə oldu-AÇILIŞLARDA İŞTİRAK ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub.

Etikxeber.az xəbər verir ki, Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına hoteldə yaradılacaq şərait barədə məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 5 min kvadratmetrə yaxın olan hotel beş mərtəbə və zirzəmi qatından ibarətdir. Hoteldə müxtəlif tipli 44 otaq olacaq. Burada ən müasir iaşə məkanları – “lobby lounge”, kafe, açıq və qapalı restoranlar da fəaliyyət göstərəcək.

“Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Bulud” hotelində 50 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.

Xankəndinin mərkəzində yerləşən “Bulud” hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Bu təhsil ocağı böyük tarixə malikdir və 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib. Məktəbin səmərəli fəaliyyətinin təmin edilməsinin zəruriliyi nəzərə alınaraq Xankəndi sakinlərinin böyük bir qisminin müvəqqəti məskunlaşdığı Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamına əsasən 300 şagird yerlik yeni bina tikilib.

Bildirildi ki, Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir.

Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub.

Dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Xankəndi Dövlət Dram Teatrının binası 1932-ci ildə Azərbaycan Hökuməti tərəfindən tikilib istifadəyə verilib. 1949-cu ildə binanın konstruksiyasına müəyyən əlavələr olunub. Bina sovet dövrü memarlığının əsas elementlərini özündə əks etdirir.

Teatrın binası XX əsr abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.

Mədəniyyət Nazirliyinin və digər qurumların mütəxəssisləri tərəfindən 2023-cü ilin noyabrında Xankəndi şəhərində yerləşən mədəniyyət müəssisələrinin monitorinqi aparılan zaman teatrın binasına da baxış keçirilib.

Məlum olub ki, işğal dövründə bina istismar üçün yararsız vəziyyətə salındığına görə əsaslı təmirə ehtiyacı var.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.

Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb.

Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir.

Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.

Etikxeber.az

Read Previous

İlham Əliyev yenidən Ağdamda-BİR SIRA TƏMƏLATMA VƏ AÇILIŞ MƏRASİMLƏRİNDƏ – FOTOLAR – YENİLƏNİB – (6)

Read Next

Mehriban Əliyevadan Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi ilə bağlı-PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir