Prezident Zərif və Qarqaşı – QƏBUL ETDİ – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin olduğunu qeyd edərək, əməkdaşlığımızın mövcud səviyyəsinin məmnunluq doğurduğunu vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi-ticari əlaqələrin inkişafında Hökumətlərarası birgə Komissiyanın rolunu qeyd etdi və Komissiyanın eyni tərkibdə bundan sonra da fəaliyyətini davam etdirəcəyini vurğuladı.

İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif Prezident Həsən Ruhaninin səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Prezident Həsən Ruhaninin Qoşulmama Hərəkatının ölkəmizdə keçiriləcək XVIII Zirvə görüşündə iştirak etmək üçün yaxın günlərdə Azərbaycana səfər edəcəyini bildirərək səfər çərçivəsində dövlətimizin başçısı ilə görüşünün əlaqələrimizin daha da inkişafına töhfə verəcəyini dedi.

Cavad Zərif Qoşulmama Hərəkatının Bakı Zirvə görüşünün Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurla aparacağını dedi.

Prezident İlham Əliyev İran İslam Respublikası Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarının İran Prezidentinə çatdırılmasını xahiş etdi və Qoşulmama Hərəkatının Bakıda keçiriləcək Zirvə görüşü çərçivəsində Prezident Həsən Ruhani ilə görüşünü məmnuniyyətlə gözlədiyini bildirdi.

***

İlham Əliyev oktyabrın 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul etdi.

Qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın Prezident İlham Əliyevə dərin hörmət və ehtiram bəslədiyini qeyd etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf yolu ilə getdiyini deyən qonaq bütün bunlara dövlətimizin başçısının yüksək idarəçilik qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində nail olunduğunu diqqətə çatdırdı. O, 120 min nəfər BƏƏ vətəndaşının ölkəmizə turizm məqsədilə səfər etdiyini vurğulayaraq, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrildiyini bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin dost və tərəfdaş dövlətlər olduğunu qeyd etdi. Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyinin ölkənin inkişafı istiqamətində böyük baxışa malik olduğunu, şəhər quruculuğu, infrastruktur və digər meyarlar baxımından BƏƏ-nin nümunəvi inkişafa nail olduğunu dedi.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

 

Read Previous

“Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB

Read Next

“Elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir