Prezidentdən Qəbələ ilə bağlı – İKİ SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında
Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Qəbələ rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sənaye məhsulunun həcmi 40,2 dəfə, əsas kapitala yönəldilmiş vəsait 92,1 dəfə, o cümlədən tikinti quraşdırma işləri 99,2 dəfə artmış, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, Heydər Əliyev Konqres Mərkəzi, Mədəniyyət Mərkəzi, “ASAN xidmət” mərkəzi inşa edilmiş, müasir turizm və mədəniyyət obyektləri istifadəyə verilmiş, 45 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X40 MVA gücündə “Qəbələ” yarımstansiyası yenidən qurulmuş, Qəbələ Dekorativ Qızılgüllər İstixanası, xalçaçılıq və digər iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qəbələ şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qərara alıram:

1. Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Prezident həmçinin, Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisi və avtomobil yolunun bərpası işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Etikxeber.az

Read Previous

Əliyev Qəbələdən – AĞDAŞA GETDİ – FOTO – YENİLƏNİB – (3)

Read Next

Əli Həsənov Vəzirova məktubundan, QURBAN MƏMMƏDOVLA FOTOSUNDAN YAZDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir