17 il öncə imzalanan Sərəncam və fikir varisliyi-MM-İN KOMİTƏ SƏDRİ YAZDI

Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, zəngin və təkrarolunmaz mədəniyyətimizi bizim qürur mənbəyimiz kimi xarakterizə edərək, öz mədəniyyətimizi, mədəni irsimizi qorumağın vacibliyini vurğuladı.

Görüşdə “Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir” deyən, bu mövzuya həmişə xüsusi diqqət və qayğı ilə yanaşan dövlət başçımızın hələ 17 il bundan öncə imzaladığı mühüm bir Sərəncamın bugün 17-ci ildönümüdür.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 17 il bundan öncə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdır.

12 yanvar 2004-cü il tarixli Sərəncama uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatı, eləcə də lüğət və ensiklopediyalar silsiləsindən ümumi tirajı 9 milyondan artıq kitab nəşr edilərək ölkə kitabxanalarına göndərilmişdir.

Bu, oxucu tələbatının köklü şəkildə qarşılanması, özəlliklə kiril qrafikalı ədəbiyyatı oxumaqda çətinlik çəkən yeniyetmə və gənclər üçün ciddi önəm daşıyır.

Ayrıca, Azərbaycan ədəbiyyatının, milli düşüncəni, xəlqi təfəkkürü əks etdirən sanballı əsərlərin latın qrafikalı əlifba ilə nəşr edilərək gənc nəslə çatdırılması özlüyündə bir hadisəydi.

Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikalı əlifba ilə nəşr edilmiş bədii və elmi ədəbiyyata tələbatının qarşılanması yönündə çox önəmli addım atılmış oldu.

Dövlət başçısının daha sonrakı sərəncamları ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxanalar şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu yetərincə zənginləşdirmiş oldu.

Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı hər il dövlət hesabına latın qrafikasında çap olunması vacib hesab edilən ictimai önəm daşıyan əsərlərin siyahısı müəyyənləşdirilir və gün üzü görür.

Dünya ədəbiyyatından dilimizə çevrilən örnəklər arasında klassik, çağdaş müəlliflər, o cümlədən Nobel mükafatçıları ilə yanaşı, dünya antologiyasından toplular da işlənib.

Bir sözlə, Prezidentin 17 il öncə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı yeni dövr mədəniyyət tariximizdə özünəməxsus yerə sahib hadisədir.

Dövlət başçısının ədəbiyyata, gənc nəslin vətəpərvərlik ruhunda, xəlqi və bəşəri duyğularla tərbiyələnməsi istiqamətində həyata keçirdiyi işlər bizlər üçün örnək təşkil edir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə PAŞAYEVA,

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri

Etikxeber.az

Read Previous

“Makron ikinci dərəcəli siyasətçi qismində Rusiya Prezidentinin əlinə oynamaqdan başqa heç nə qazanmadı…”-SAHİB ALIYEV

Read Next

“Üçtərəfli görüş və imzalanan birgə bəyanat ölkəmizin, xalqımızın maraqlarına tam uyğundur…Müharibə də, status da geridə qaldı”-ELDAR İBRAHİMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir