“Prezidentin gənc kadrlarla bağlı məsələni vurğulaması…” – DEPUTAT

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirildi. Qeyd edim ki, bu, 2019-cu il ərzində keçirilən sayca üçüncü və yeni formatlı bir müşavirədir. Hər bir müşavirədə olduğu kimi, son müşavirədə də ölkə Prezidenti tərəfindən ölkənin son 9 aydakı sosial-iqtisadi yekunlarına, ölkəni başına götürən və hər gün genişlənən, dərinləşən islahatlar prosesinə, həmçinin, qarşıya çıxan problemlərə, həllini gözləyən məsələlərə, o cümlədən, buraxılan səhvlərə, qarşıda duran vəzifələrə geniş şəkildə toxunuldu, hər bir məsələ barədə ayrıca əhatəli, məzmunlu fikirlər bildirildi, önəmli tapşırıqlar verildi. Hər dəfə olduğu kimi, bu müşavirə də sözün əsl mənasında tarixi bir müşavirəyə, tarixi hadisəyə çevrildi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, son müşavirədə ən çox diqqətçəkən məqamlardan biri  ölkədə aparılan kadr islahatları, xüsusilə, gənc kadrların irəliyə çəkilməsi ilə bağlı məsələ oldu.

“Çox məmnunluqa və qürur hissi ilə qeyd etmək istərdim ki, Ulu Öndərimizin dövründən başlayaraq, Azərbaycanda gənclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Dövlət gənclər siyasəti Azərbaycan dövlətinin ən ali, prioritet məsələlərindən birinə çevrildi. Bu yöndə istər Ümummilli Liderin dövründə, istərsə də, cənab Prerzidentin 16 illik hakimiyyəti dövründə çox böyük addımlar atıldı, böyük məsafə qət edildi, bir çox fərman və sərəncamlar imzalandı, qanunlar, Dövlət Proqramları qəbul edildi.

Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin inkişafı, dövlət idarəçiliyində, ali qanunverici orqanda, yerli özünüidarə orqanlarında və sair, irəliyə çəkilməsi, mühüm vəzifələrin icrasına cəlb edilməsi yönündə gərəkən nələr mümkündürsə, edilməyə, reallaşdırılmağa cəhd edildi və deyim ki, burada da  çox müsbət, uğurlu nəticələr əldə edildi. Bu gün demək olar ki, bütün sahələrdə, dövlət sektorundan tutmuş özəl sektorunacan hər yerdə gənclərə böyük diqqət, qayğı, etimad göstərilməkdədir.

Ancaq Azərbaycan dövləti, xüsusilə, dövlət başçısı bunlarla kifayətlənməyi düzgün, yetərli saymır, bu yöndə atılan addımların daha da sürətləndirilməsinin gərəkliliyini, zəruriliyini önə çəkir. Dövlət başçısı son müşavirədəki çıxışında da bir daha gənclər, gənc kadrların irəliyə çəkilməsi məsələsini xüsusilə qabardaraq, yeni hökumət qarşısında bir çox vəzifələr qoyduğunu, yeni Baş nazir-hörmətli Əli Əsədovu bu vəzifəyə təyin edərkən, ona bu yöndə bir çox vəzifələr tapşırdığını bəyan etdi.

musavira-ilya-5

kamilla-13

Ölkə Prezidenti “Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük…”-deyərək, Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin inkişafının, tərəqqisinin, onlara güvənilməsinin və etimad göstəriilməsinin prioritet məsələlərdən biri olaraq qaldığını, bu məsələnin heç zaman gündəmdən çıxmadığının və çıxmayacağının anonsunu bir daha vermiş oldu.

Bəli, hər bir dövlətin, hər bir xalqın,  hər bir cəmiyyətin və toplumun inkişafı, tərəqqisi onun layiqli, savadlı, müasir  dünyagörüşlü, peşəkar kadrlarından və bu məsələdə öncül yerlərdən biri tutan gənclərindən daha çox asılıdır. Bu, hər zaman belə olub, indi də belədir, sabah da, gələcəkdə də belə olacaq. Savadlı, bilikli, elmli, dünyagörüşlü, mədəniyyətli gəncliyi olmayan dövlətin, toplumun da uğurlu inkişafı, parlaq gələcəyi ola bilməz.

Odur ki, dövlət başçısının bu məsələyə yenidən və növbəti dəfə yer ayırması, bu məsələnin Azərbaycan dövləti üçün öncəlik təşkil etməsini öz tarixi çıxışı ilə bir daha vurğulaması çox əlamətdar və çox təqdirəlayiq hadisədir. Deməli, gələcəyimiz, sabahımız əmin əllərdədir…”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

K.HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Gənclər işə cəlb edilməlidir, köhnə təfəkkürlə hara gedə bilərik?” – PREZİDENTDƏN ƏLİ ƏSƏDOVA TAPŞIRIQ

Read Next

“Heç kim islahatlara mane olmağı, əngəlləməyi bacarmayacaq…” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir