Prezidentlə birinci vitse-prezident Qubada bır sıra açılışlara qatıldı – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak etdilər.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla – müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlət başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə “Azərxalça”-nin bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi – Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.

Sonra dövlət başçısı filialın xalçaçıları ilə görüşdü.

***

İ. Əliyev həmçinin, Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.

Hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.

Quba rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi də Prezident İlham Əliyevin 2013-cü, 2014-cü, 2015-ci və 2016-cı illərdə imzaladığı müvafiq sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu il həyata keçirilməsi nəzərdə tutulan “40 yol layihəsi”nin icrası istiqamətində işlər uğurla davam edir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qubanın bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6 metrdir. Layihə çərçivəsində müxtəlif diametrli 27 suötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, biraşırımlı, dəmir-beton konstruksiyalı dörd körpü inşa edilib.

Sonra dövlət başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Etikxeber.az

Read Previous

Azərbaycan vətəndaşlarının neçə faizi hökumətə etibar edir? – SORĞU VƏ RƏYLƏR

Read Next

“Həkimlər Ülviyyənn sağalması üçün əllərindən gələni edir…” – QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir