Prezidentliyə namizədlər bu gündən İctimai Teleradioda efirə çıxacaq- MSK SƏDRİ – YENİLƏNİB

MSK sədri: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

“Bu gündən namizədlərin təşviqat kampaniyası başlayıb. Prezidentliyə namizədlər bu gündən İctimai Televiziya və Radioda efirə çıxacaqlar”.

Etikxeber.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycan Prezident seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilmiş seminar-müşavirədə deyib.

O, qeyd edib ki, radio efirində namizədlərin çıxışı təxminən saat 19:00-da, televiziyalarda isə saat 22:00 radələrində olacaq, lakin dəqiq vaxt müəyyən olunacaq. MSK sədri bildirib ki, 5600-ə yaxın seçki məntəqəsində səsvermə keçiriləcək və seçicilərin ümumi sayı 5 milyon 300 mindən çoxdur: “Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və həmin məntəqələr elə seçilib ki, Azərbaycanın bütün regionlarını əhatə edir”. M. Pənahov əlavə edib ki, dünyanın istənilən nöqtəsindən veb-kameralar vasitəsilə həmin məntəqələrdə səsvermə zamanı bütün prosesləri izləmək mümkün olacaq. MSK sədi seçkilərdə kifayət qədər beynəlxalq və yerli müşahidəçilərin qeydə alındığını da diqqətə çatdırıb və bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da seçkiləri müşahidə edəcək: “Artıq DTİHB-nin uzunmüddətli missiyası fəaliyyətə başlayıb, qurumun 280 nəfər qısamüddətli müşahidəçisi gələcək”. MSK sədri həmçinin,seçkilərdə baş verən proseslərin ictimaiyyətə düzgün çatdırılmasında KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: “Xaricdən maraqlı tərəflər KİV vasitəsilə ölkənin daxili işinə müdaxilə etmək cəhdləri edir. İndiyə qədər KİV-lər bu cür hallara yol verməyib və inanıram ki, bu seçkilər zamanı da KİV nümayəndələri özlərini bölgələrdə xalqına xidmət edən bir qurumun nümayəndəsi kimi hiss edəcəklər”.

***

ALI HASSANOV

Prezidentin köməkçisi: Debatların müddəti 21.00-23.00 arasında müəyyənləşdiriləcək

“Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır”. 

Bunu isə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O, qeyd edib ki, Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək:
“Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi”. Onun sözlərinə görə, KİV-rin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir. Prezidentin köməkçisi deyib ki, KİV namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır: “Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-in rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-də namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər”.

Prezidentinin köməkçisi qeyd edib ki, namizədlərdən biri prezidentdir: “KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“AZƏRBAYCANLI ARZUSU” İLƏ… – Deputatın yazısı

Read Next

Prezident seçkiləri ilə bağlı KİV-lərin monitorinqi aparılır – AMAŞOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir