“Qərbi Azərbaycana-Göycəyə, Zəngəzura, İrəvana dönmək hər birimizin arzusudur, amma…” – MUSA QULİYEV “QƏRBİ AZƏRBAYCAN RESPUBLİKASI” HAQQINDA İLK DƏFƏ DANIŞDI…

Bu cür layihələr, addımlar güclü olması, tarixdə bir iz qoyması üçün mütləq şəkildə dövlətlə bağlı olmalıdır, dövlət orqanları ilə razılaşdırılmalıdır, bu yöndə siyasət dövlət siyasəti səviyyəsində aparılmalıdır. Yoxsa, hərə bir qeyri-hökumət təşkilatı, bir vətənpərvər insan, şəxs kimi hansısa bir fond və ya hərəkat şəklində bunu elan edəcəksə, onun arxasında bir güc olmayacaq. Yən, biz bunu əgər dövlət səviyyəsində etmək istəyəcəyiksə, dövlətin bu sahə ilə məşğul olan qurumları var, onlarla birlikdə hərəkət etməliyik.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Qərbi Azərbaycan bölgəsinin tanınmış və nüfuzlu simalarından olan Musa Quliyev (Urud) bugünlərdə Türkiyədə elan olunmuş “Qərbi Azərbaycan Respublikası”na münasibətini bildirərkən deyib.

“Diasporla İş üzrə Dövlət Komitəsi bu işlə məşğul ola bilər, Xarici İşlər Nazirliyi bununla məşğul ola bilər. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi bu işi görə bilər. Hər halda bu arzuda olan vətəndaşlar, yaxud da, qeyri-hökumət təşkilatları birləşib bunu hər hansı bir dövlət orqanı ilə məsləhətli şəkildə həyata keçirsə, daha davamlı, daha praktik olar”-deyən komitə sədri eyni zamanda, bildirib ki, o yerlərin, o torpaqların Azərbaycana mənsub olmasını daim sübut etməliyik, dünyaya göstərməliyik, bunları unudulmağa qoymamalıyıq, hədəfimiz oraya dönmək olmalıdır.

“Bunun hamısını qəbul edirəm, dəstəkləyirəm. Amma parakəndə şəkildə, hər hansı bir qeyri-hökumət təşkilatının, yaxud, şəxsin və ya hər hansı bir ictimai hərəkatın gücü ilə bu işlər həll olunası deyil və davamlı da ola bilməz. Qərbi Azərbaycan torpaqlarının itirilməsi ilə bağlı ötən əsrdən bu yana 30 ildən çoxdur ki, dəfələrlə belə təşkilatların yaranmasını görmüşük. Onların da demək olar ki, heç biri uğur qazanmayıb. Sadəcə, Qaçqınlar Cəmiyyəti indiyə kimi davam gətirir. Millət vəkili Əziz Ələkbərlinin rəhbərlik etdiyi təşkilat bu illər ərzində davamlı fəaliyyət göstərib. Həmin cəmiyyət də əsasən daxili məsələlərlə, qaçqınların sosial problemləri və oradakı torpaqların, ərazilərin tarixi etimologiyası, toponimlər və sairlə məşğul olub, kifayət qədər də faydalı işlər görüblər. Amma belə böyük səslənən adlar yazmaqla böyük işlər görmək mümkün olmur.

Ona görə düşünürəm ki, belə məsələlərdə mütləq dövətin müvafiq qurumları ilə məsləhətləşmək və birgə koordinasiyalı şəkildə hərəkət etmək daha faydalı olar. Biz bir az da realist olmalıyıq. Bu gün əsas davamız Qarabağ davası olmalıdır və Qarabağdakı, işğal altındakı torpaqlarımızı azad edəndən sonra, təbii ki, o məsələlərə biz baxacağıq, ciddi önəm verəcəyik. Cənab Prezidentin də dəfələrlə bu barədə çıxışları, çağırışları olub, yəni, İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycan torpaqları olması ilə əlaqədar olaraq. Heç şübhəsiz ki, biz bunu həm beynəlxalq ictimaiyyətə, həm də öz daxili ictimaiyyətimizə daim xatırlatmalıyıq, tanıtmalıyıq. Bu yerlərə dönmək hər birimizin arzusudur, amma bunlar yenə deyirəm sistemli bir dövlət siyasəti səviyyəsində aparılsa, daha yaxşı olar”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

19:43, 12 may

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bu, beynəlxalq birliyin Azərbaycan Prezidentinə olan dərin hörmət və ehtiramını artırdı…”-EKS-DEPUTAT, SABİQ İCRA BAŞÇISI YAZIR

Read Next

Millət vəkilindən növbəti çağırış: “DEYİLƏNLƏRƏ, QƏRARLARA, QAYDALARA, NORMALARA ƏMƏL VƏ RİAYƏT ETMƏK LAZIMDIR”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir