QƏZZAFİNİN PULLARI İLƏ YAŞAYAN DEMOKRATLAR – Prezidentliyə namizəd yazır

Günlər öncə Belçikanın Eoruclear bankında Müəmmər Qəzzafinin adına olan 16 milyard avro dəyərində pulun böyük bir hissəsinin oğurlandığı haqda məlumatlar yayıldı.

Xəbərdə deyilirdi ki, həm qiymətli kağızlara yatırlmış vəsaitlərin, həm də nəğd şəkildə yerləşdirilmiş valyutanın 11 milyard avrosu harasa qeyb olub və yerində cəmi 5 milyard avro pul qalıb.Məlumatı heç də sarı media deyil, nüfuzlu Le Vif jurnalının yayması yağmalama əməliyyatının gerçəkliyinə şübhə yeri qoymurdu.

2011-ci ildə Liviyada bədəvi ərəbləri ayağa qaldıran NATO qırıcıları sonda demokratiya tanklarını Benqaziyə yeridəndə cümhuriyyətin lideri ölkəsində qaçıb zorla özünə gizli bir sığınacaq tapdı.Qərbin informasiya nəhəngləri, BBC və CNN –də hər gün xalqdan oğrulanan pulların Avropa banklarına yatırılmasından, Sarkozinin seçki kampaniyasına göstərilən yardımlardan, xalqın səfil günündə yaşaması müqabilində özünü gənc qızlarla əhatə edən inqilab başçısının rok ulduzu kimi bəzənib səhnəyə çıxmasından bəhs edən çarxlar təkrar-təkrar beyinlərə yeridlirdi.

Onlarla ölkədə sınaqdan çıxarılan “devrim planı” Panaqavk raketlərindən daha öldürücü gücə malik olduğundan 42 illik xanimanı iki ay içərisində yerlə-yeksan etdilər.Tarixən qum krallarını qəbul etməyənlər, qan karxanalarını sazlayıb təzədən tayfa davalarına çıxdılar.Dəvədən avtobilə düşənlər üçün orta əsrin qaranlığına qayıtmaq toy-bayram idi. Neyləmək olar, hökm Allahındır..

Quduzlaşmış kütlə səhra cənnətini ən azı 4 klan arasında əbədi davam edən qanlı müharibələrə dəyişməyə razılıq veribsə,bir kimsə onların qarşısını ala bilməz.Halbuki o vaxt milləti savaşdan xilas etmək üçün hərəkətə keçməli olan BMT sülh konvoyu göndərəkdənsə, qərar çıxarıb Liviyanın pullarını Belçika banklarında dondurdu.Pan gi Munun aldığı məvacibin hardan gəldiyini bilən yox idi.Ona görə də bütün dünyada azadlıq carçılarının və ərəb müstəmləkəçiliyinə son qoyulacağını iddia edənlərin yalnız bir məşğuliyyəti vardı:o da xalqdan oğurlandığı iddia olunan, halbuki xaricə əlverişli investisiya kimi yönəldilən vəsaitlərinin taleyi nə olacaq?

Cavab göz qabağındadır- 11 milayrd avronu oğurlayıblar. Landormatın gücünə bir baxın.Amma Qərbin hərbi-siyasi mərkəzi Brüsseldəki fırıldağın miqyası heç kəsi təəccübləndirmir. Aman tanrı, necə ola bilər, məzlum insanlara, Tripolidə can bazarında olum-ölüm mübarizəsinə çıxanlara çatmalı olan sərvətə qoca qitənin aristokratları, anqlo-saks dünyasının zənginləri necə göz tikə bilər?

Yox, inanılmazdır, ədalət mücəssiməsi olan parlamentlər, media quruluşları və hakimlər adını “Qəzzafinin pulları” qoyduqları əmanətləri toxunulmaz olaraq saxlayacaqlar.Axı heç kəs onlardan əlavə faiz istəmir, hərçənd ki, ötən 7 ildə qiymətli kağızlar bazarında yetim ərəbin səhmləri qat-qat bahalanıb axı. Bəli-bəli, Strasburq və Berlin indi ayağa qalxıb diktatorun əzazilliyinə və sərvət düşkünlüyünə misal kimi böyütdükləri avro-dollar piramidasını dünyanın gözü qarşısında dəvələrə yükləyib göndərəcəklər “qara qitə”nin özünə.Yoxsa, elə çıxar ki, demokratiyanın qiyməti, yaxud bədəli, o da olmasa bir ölkəni işğal etməyin qəniməti budur.Hə, göy satan afrikalını, asiyalını hökumətinin üstünə qaldırmağa 1 milyon xərcləyirsən,əvəzində gör nə qədər sərvətə yiyələnisən.Əcəb siyasi biznesdir.Hər sent əmanət bir bomba olub düşür liviyalıların öz başına. Amma nə olsun, diktatura cənnəti demokratiya cəhənnəmindən pisdirsə , qoy onda hər kəs xaosda yaşasın.

Yaxşı-yaxşı baxın, bir vicdanlı televizya kanalı belə ərəblərin oğurlanan, itən pullarından danışmır.Bəlkə onları da Qəzzafinin pulları ilə susdurublar.Əvəzində siz zəngin lordların, konqresmenlərin yaxasında böyük dövlət qurucularının qızılı statuası ilə yüksək tribunalardan mənəvi təmizlik və siyasi bakirəlik haqda alovlu nitqləri dinləməli olursuz. Məgər, Obama inqilabın baş ideoloqu kimi xanım Klintonla birgə qələbə raportlarını verəndə əlifba sırası ilə A-dan Z-yədək hər yerə hürriyyət çələngi taxacaqlarını vəd etməmişdilər?!

Cəmi 20 min dollar pulun üstündə bir ölkəyə az qala sanksiya tətbiq etməyə çalışırlar ki, aman qoyma diktatura qalıqları gəlib onların ərazisində lobbi və ələ alma fəaliyyəti aparır. Qəzzafi öləndən sonra isə ən azı 150 milyard avronu Strasburqun həndəvərində əridiblər, CNN-də isə qul kimi satılan bədəvi ərəbinə göz yaşı tökürlər ki, baxın, 21-ci əsrdə hələ də köləlik qalır. Çox əcaib mənzərədir.Azadlıq bəzən diktatura qədər ikrah doğurur..

İndi əsas sual budur: daha neçə ərəb dövlətinin pulunu xərcləyib onlara gün ağlamaq olar?

Səud krallarının tabutunun altına girən avroliderləri, məsələn, elə  Devid Kemeronu görəsən, belə əyilməyə vadar edən nədir?

Yoxsa,hamı bac-xərac verib inqilabdan canını qurtarır?

Krallar ölüblər,cənablar..Lakin onların pullarını xərcləyən demokratlar hələ yaşayır..

Axı pulyuyan camaşırlar ərəb qanını avrolardan və dollarların üstündən necə təmizləməyi yaxşı bilir.

Zahid ORUC,

Millət vəkili-prezidentliyə namizəd

Etikxeber.az

Read Previous

Azərbaycan və Türkiyə komandaları qalib gəldilər: 3-0 və 5-1 – FOTOLAR – YENİLƏNİB

Read Next

ABŞ-da silahlı şəxs özünü və girovları öldürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir