Qadınların çəkisi artmaqdadır… – ZİYAFƏT ƏSGƏROV – FOTO

İyunun 21-də Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüşdə Türkiyənin baş ombudsmanı, Rusiya Federasiyasının Dağıstan və Tatarıstan respublikalarının, həmçinin Moskva şəhərinin, Bolqarıstanın, Gürcüstanın, Pakistanın, Rumıniyanın, Əfqanıstanın, Makedoniya Respublikasının və Serbiyanın insan hüquqları üzrə müvəkkilləri, Ombudsman aparatlarının rəhbərləri iştirak ediblər.

Hər il ölkəmizdə Ombudsmanların Bakı Beynəlxalq Konfransının keçirildiyini deyən Ziyafət Əsgərov bildirib ki, builki konfrans 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi kimi mühüm hadisələrlə üst-üstə düşür.

ziko-ziya

O, qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması və onların icra mexanizmlərinə xüsusi diqqət yetirilir:

“Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra bir sıra beynəlxalq təşkilatların tamhüquqlu üzvü olub. Azərbaycan insan hüquqları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsinə xüsusi əhəmiyyət verir. 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu Konstitusiyanın üçdəikisi insan hüquqlarına həsr olunub. Eyni zamanda, insan hüquqlarının reallaşdırılması mexanizminin daha da təkmilləşdirilməsi ilə bağlı Ombudsman İnstitutu təsis edilib. Həmçinin müvafiq dövlət proqramları, qanunlar qəbul olunub”.

Ziyafət Əsgərov hüquq bərabərliyinin hazırda bütün dünyada çox vacib məsələlərdən biri olduğunu deyib.

Qeyd edib ki, hələ 1918-ci ildə Azərbaycanda demokratik cümhuriyyət qurulanda ilk olaraq hüquq bərabərliyi əsas amil, prinsip kimi götürülüb, qadınlarla kişilərə bərabər hüquqlar verilib.

Azərbaycanda “Gender bərabərliyi haqqında” qanunun qəbul edildiyini söyləyən MM sədrinin birinci müavini diqqətə çatdırıb ki, ölkəmizdə irqindən, dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər münasibət sərgilənir:

“İstər parlamentdə, istər dövlət idarəetməsində, istərsə də bələdiyyələrdə qadınların iştirak çəkisi artmaqdadır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Axı, onlara kim belə bir ixtiyar verib?” – MİLLƏT VƏKİLİ

Read Next

Danimarka-Avstraliya – 1:1, Fransa-Peru-1:0, Argentina-Xorvatiya -0:3 – YENİLƏNİB – (9)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir