“Qafqazın sülh, əmin-amanlıq, sabitlik regionuna çevrilməsi mesajı və ya…”-ZİYAD SƏMƏDZADƏ YAZDI – (BEŞİNCİ-SONUNCU HİSSƏ)

Prezident İlham Əliyevin qələbələr marafonu

(Sonuncu-beşinci hissə)

Prezidentin Qafqazın sülh, əmin-amanlıq, sabitlik regionuna çevrilməsi barədə mesajı

 Azərbaycan müstəqillik əldə etdiyi 29 il ərzində üzvü olduğu, əməkdaşlıq, tərəfdaşlıq etdiyi bütün regional və beynəlxalq qurumlarda, birliklərdə daim öz səmimiyyəti, öz sülhsevər niyyətləri və bu yöndə konkret əməli addımları, töhfələri ilə seçilib, fəqlənib.

 27 ildən çoxdur ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) tam-bərabərhüquqlu üzvüdür. Bu illər ərzində düşmən və təcavüzkar Ermənistan istisna olmaqla, Rusiya da daxil bütün MDB üzvləri ilə əsl dostluq, qonşuluq, əməkdaşlıq, tərəfdaşlıq, müttəfiqlik münasibətlərinə malikdir.

İstər qardaş və dost türk cümhuriyyətləri, istər yaxın və böyük qonuşumuz Rusiya, istər yaxın qonşumuz və strateji müttəfiqimiz Gürcüstan, istər Ukrayna, istər Belarus, istərsə də Moldova ilə bütün sahələrdə və məsələlərdə səmimi, konstruktiv əməkdaşlıq, tərəfdaşlıq mövcuddur.

Ölkəmizin müxtəlif zamanlarda Gürcüstana, Belarusa və Moldovaya təmənnasız yardımları, maliyyə dəstəkləri Azərbaycanın MDB ölkələri ilə əlaqələrə necə böyük önəm verdiyinin və səmimiyyətinin göstəricidir.

 Bu məsələdə isə həm Ulu Öndər Heydər Əliyevin, həm də onun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin xidmətləri əvəzsiz və müstəsnadır. Məhz onların uzaqgörən və müdrik siyasətləri nəticəsində əlaqələrin, münasibətlərin belə bir səviyyəyə qaldırılmasına, sülh və təhlükəsizlik üçün fundamental bazanın yaradılmasına nail olunmuşdur.

 Bu baxımdan, ölkə Prezidentinin bir necə gün öncə MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak və bir saata qədər davam edən çıxışı tarixi hadisə sayıla bilər. Çünki bu çıxışda, bu nitqdə elə bir məsələdə olmadı ki, toxunulmamış qalsın.

Ölkə Prezidenti dünyada, bölgəmizdə və ətrafımızda yaşanan bütün hadisələrə, 44 günlük İkinci Vətən Müharibəsi ilə son qoyulmuş erməni işğalına, 32 illik qanlı Qarabağ münaqişəsinin sona çatdırılmasına, dünyanı bütövlükdə başına götürən, lərzəyə salan koronavirus pandemiyasına və digər məsələlərə bir-bir, geniş və məzmunlu şəkildə toxundu, öz birmənalı mövqeyini yenidən ortaya qoydu.

 “Sentyabrın 27-də, ermənilərin xaincəsinə hücumundan sonra mən Ali Baş Komandan kimi “İrəli!” əmrini verdim. Biz öz xalqımızı, öz ölkəmizi müdafiə etməli idik. Bizim əməliyyatlar nəticəsində 44 gündən sonra düşmən kapitulyasiya etdi. Bu müddət ərzində biz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdik.

 Noyabrın 8-də isə haqlı olaraq, Qafqazın incisi və Azərbaycan xalqının qəlbi hesab edilən Azərbaycanın qədim Şuşa şəhəri erməni işğalından azad olundu. Bununla da, əslində, hərbi əməliyyatlara son qoyuldu, çünki Şuşa şəhərinin alınmasından və azad edilməsindən sonra erməni ordusunun hər hansı müqaviməti tamamilə mənasız idi və hərbi əməliyyatların davam etdirilməsi böyük insan itkisinə səbəb ola bilərdi.

Çünki erməni ordusu darmadağın edilmiş və mənəvi cəhətdən sarsıdılmışdı, onun bir hissəsi mühasirədə idi”-deyən dövlət başçısı bir daha bəyan etdi ki, noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin fəal iştirakı ilə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatının mətni razılaşdırıldı.

 “Düşünürəm ki, bu gün siyasi nizamlamaya çıxmağımızda Rusiya Prezidentinin çox böyük rolu olub. O, daim əlaqədə idi, xüsusən noyabrın 9-da atəşin dayandırılması üçün çox səmərəli və fəal işləyirdi”-deyərək, ölkə Prezidenti qeyd etdi ki, sentyabrın 27-dən noyabrın 10-na qədər olan dövrü götürsək,  münaqişə hərbi-siyasi metodlarla həll edildi.

 Həmçinin, Rusiya Prezidenti kütləvi informasiya vasitələrinə müsahibəsində növbəti dəfə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, ilk belə bəyanat deyil və çox mühüm bəyanatdır. Özü də o, Ermənistanda 10 noyabr tarixli bəyanatın şərtlərinə yenidən baxmağa çalışan revanşçı qüvvələr üçün vacibdir.

 Azərbaycan Prezidentinin dediyi kimi, təəssüf ki, bu cür qüvvələr var və bu, həmin bəyanatın yerinə yetirilməsinə mane olmağa çalışanların hamısı üçün çox ciddi siqnaldır.

 Artıq Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə də biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir və regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq.

 Həmçinin, Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir ki, bu barədə də birgə bəyanatda deyilir ki, bu mərkəz vəziyyətin monitorinqini həyata keçirəcək. Bunun özü də çox vacib və önəmli məqamlardan, bölgədə sülh, təhlükəsizliyin növbəti təminatlarından biridir. Azərbaycan dövləti Qafqazda sülhü, əmin-amanlığı bundan sonra da qorumaq, dinc qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətindədir.

Prezident İlham Əliyev dekabrın 10-da mətbuata bəyanatında demişdir:

“Ənənəvi Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi var. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi var. Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni, bütün bu işbirliyi platformalarını biz ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa və öz əsassız iddialarından əl çəkərsə və gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər”.

 Bəli, bütün bunlar Azərbaycanın MDB də daxil olmaqla, bütün qurumlarla səmimi və əsl tərəfdaşlıq münasibətləri qurmasının, onlara töhfələr verməsinin növbəti əyani təsdiqdir.

Azərbaycan sözdə deyil, əməldə, konket addımlarda özünü göstərən, öz töhfələrini verən əsl tərəfdaş, əsl müttəfiqdir.

Heç təsadüfi deyil ki, Rusiyanın aparıcı kütvləvi informasiya vasitələri axırıncı toplantını geniş və obyektiv işıqlandırmaqla, Azərbaycanın, onun Liderinin gücünü etiraf etməkdədirlər.

Hətta, Rusiyanın məşhur nəşrlərindən biri açıq şəkildə İlham Əliyevi MDB məkanın lideri adlandırmışdır.

Bütün bunlar bir daha İlham Əliyevin Liderlik bacarığından və qabiliyyətdən, xarizmasından xəbər verir. Belə bir Liderlə fəxr edir və öyünürük.

 Allah Azərbaycanımızı və Ali Baş Komandanımızı qorusun!

Ziyad SƏMƏDZADƏ,

Milli Məclisin deputatı, akademik

Etikxeber.az

Read Previous

Biganəlik və laqeydlik…-QAZİLƏRİMİZDƏN BİRİNİN PROBLEMİ ARTIQ NƏZARƏTƏ GÖTÜRÜLDÜ – YENİLƏNİB

Read Next

“Dedi ki, “komandir, onsuz da yuxudan doymaq olmur, yorğun deyiləm, bir azdan yataram”…”-FƏRƏC KƏRİMLİ ŞƏHİD RAMİN NURƏHMƏDOVDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir