Qalibiyyət səfəri-QƏNİRƏ PAŞAYEVA YAZIR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə 16 noyabr tarixli möhtəşəm səfəri öz ismarıncları ilə əbədi yaddaşlara köçəcək.

Bu səfər 44 günlük müzəffər hərbi və siyasi-diplomatik yürüyüşümüzün, “qələbə “twit”ləri”nin, “Xalqa Müraciətlər”in məntiqi davamı, inkişafı və ümumiləşdirməsidir; bu səfər – gələcəyə baxışımızın ifadəsi, təntənəsidir.

Hərbi geyimli ali dövlət rəhbərliyinin işğaldan azad edilmiş torpaqlara səfəri, səfərdən yayılan anlamlı görüntülər, verilən ismarınclar dosta da, düşmənə də yetir.

Dost sevinir, düşmən xar olur. O düşmən ki bugün xaos, nihilizm, qeyri-müəyyənlik girdabındadır. O düşmən ki öz xalqına danışdığı yalanları ayaqları altına yığmaq mümkün olsa, başı qara buludlara dəyər.

Bəli, məhz qara buludlara!

Onlardan fərqli olaraq, Azərbaycan Ali Baş Komandanının başı üstündə “Çingiz Xanın Ağ buludu”nun dolaşdığına inanıram. İnanıram ki, yüzillər keçsə də, zəfər ruhu, qalibiyyət eşqi, böyük gələcəyə böyük baxışlar eyni mahiyyətdə, eyni dərəcədə qalır.

Bugün Azərbaycan qalibdir! Müzəffər Ali Baş Komandanın işğaldana zad edilmiş torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandırması Milli Dirçəliş Günümüzə ən gözəl töhfəydi!

Bu il ilk dəfədir ki Milli Dirçəliş Günümüzü adınalayiq qarşılayır, keçiririk. Şuşada, işğal altındakı digər şəhər və rayonlarımızda bayrağımız dalğalanmadıqca, milli dirçəlişimiz kəm qalırdı, ürəklə keçirə bilmirdik bayramları…

Füzuliyə səfər zamanı, yol boyu bölgələrdə yaşayan sakinləri salamlamaqçün maşından enən Prezident İlham Əliyevin əhali tərəfindən necə coşqu və izdihamla qarsalandığını gördük.

Ali dövlət rəhbərliyimizin respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq; ancaq bu səfərki coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağın və bugünki sevincin təcallasıydı.

Qalib Ordunun şanlı Ali Baş Komandanını izdihamla qarşılayan vətəndaşların sevincinin məzmunu, dərinliyi və üfüqü bir başqaydı… Qalib Prezidentə xalqın ehtiramı ürəyimizi qabartdı, qürurdan gözümüz yaşardı.

Vətəndaşımıza, bütün dünya azərbaycanlılarına Tarixi Qələbə hissləri yaşadan Prezidentə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın Tarixi Qələbədən sonra bölgələrə ilk səfəriydi.

Ali dövlət rəhbərliyinin Qələbədən sonra Bakı daxilində getdiyi ilk ünvansa yaralı hərbçilərimizin müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəz olmuşdu. Bu İLKlər xalqımıza necə ilklər yaşatmış rəhbərin xalqcanlılığını, vətəncanlılığını bir daha sübut edir.

Beləliklə, Prezident öz sevincini öz əsgəri ilə, öz xalqı ilə bölüşdü.

Məhz xalqın dəstəyinə arxalanan İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub. Rəhbər öz xalqına, xalq öz rəhbərinə bağlı olanda xarüqələr yaranır.

Sevgi, səmimiyyət təntənəsiydi Füzuli görüşü! Bu görüş, bu səfər Füzuli babamızın ruhunu şad etdi, Allahın xeyir mələyi Cəbrayılın alxışını qazandı (inşallah). Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan 44 günlük Azərbaycan Böyük Vətən Müharibəsini haqlı olaraq, Xeyirin Şər üzərində qələbəsi kimi xarakterizə etdi.

Ermənistan hərbi-siyasi rəhbərliyinin təlimatları və demək olar, bütün təbəqələrdən olan ermənilərin təmsilçiliyi ilə dağıdılmış, viran edilmiş el-obalarımızı, yurd yerlərimizi nişan verən, göstərən Azərbaycan Prezidentinin, “sanki burdan vəhşi qəbilə keçib” sözləri tarix kitablarına, ədəbi-bədii əsərlərə köçəcək, yaddaşlara yazılacaq, unudulmayacaq…

Prezidentin Füzuli və Cəbrayıl səfəri qələbənin nidasıdır. “Qarabağ Azərbaycandır və Nida” deyimi səsləndirildiyi vaxtdan milli şüara çevrildi, dillər əzbəri oldu, nəhayət hökmə çevrildi, Azərbaycan Dəmir Yumruğu ilə təsdiq və təsbit olundu.

Bəs bu müharibənin fərqli sonucları nəyi ifadə edir? O, hansı ismarınclarla tarixləşəcək? 27 il boyu “qalib ədası”ndan əziyyət çəkən yoxsul və cırtdan Ermənistanda Baş nazir öz vətəndaşından, xalqından gizlənir, “feysbuk baş nazirliyi” ilə məşğul olur. Paşinyan yaşının-başının ən böyük yanlışını Azərbaycan xalqına, Azərbaycan dövlətinə, şəxsən dövlət başçısı İlham Əliyevə münasibətdə etdi.

“Qarabağ Ermənistandır və Nöqtə”, “Azərbaycan danışıqları “Artsax”la aparmalıdır” sərsəmləmələri, bizim əziz Şuşada sərxoş rəqsləri, ultimativ “7 şərt”i və s. ilə öz aqibətini müəyyənləşdirdi Paşinyan. Paşinyanın öz soyadını dəyişib Peşmənyan qoyacaq qədər peşman olması lazımdır.

Müdafiə naziri Tonoyanın ağzı ilə “Yeni müharibə – yeni ərazilər” tezisi ilə çıxış edən Ermənistan siyasi və hərbi rəhbərliyi, budur, öz torpaqlarını azad etmiş Azərbaycanın Ali Baş Komandanının coşqulu səfərini izləyir. Bu səfər işğalçıya göz dağıdır.

Qalibiyyət bayrağımızın həm mənəvi cəhətdən həm faktiki olaraq qaldırılması, eləcə də, Xudafərin körpüsünün ziyarəti öz rəmziliyi və mahiyyəti ilə qəlbimizə fərəh bəxş etdi.

Bayraq önündə diz çökən Müzəffər Ali Baş Komandan, Qarabağda hansı bayrağın dalğalanmalı olduğunu ömürlük möhür vururmuşcasına nümayiş etdirdi. İşğalçıya diz çökdürən Ali Baş Komandan “şəhidimin son örtüsü” müqəddəs bayrağımız önündə diz çökdü, bayrağımızı öpdü, gözünün üstünə qoydu və sonra göylərə qaldırdı.

Müqəddəs dövlət bayrağı önündə diz çökərək onu öpmək və gözünün üstünə qoymaq ənənəsini Ulu öndər Heydər Əliyev qoyub.

Bu gün – Milli Dirçəliş Günümüzü adına, mahiyyətinə uyğun qeyd etdiyimiz bir vaxtda, 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Sovetində üçrəngli bayrağımızı dövlət bayrağı kimi rəsmiləşdirən, bu rəsmiyyəti ümumrespublika miqyasında da gerçəkləşdirməkçün Azərbaycan Ali Sovetinə müraciət edən böyük dövlət və siyasət xadimini xatırlamaya bilmərik.

Onun layiqli davamçısı bu gün müqəddəs dövlət bayrağımızı işğaldan azad etdiyimiz torpaqlarda qaldırır! Dövlətçilik irsi davam və inkişaf edir.

Milli Dirçəlişimiz mübarək olsun! Milli Dirçəlişdə xidməti olmuş, hazırda haqq dünyasında olan bütün soydaşlarımızın, həmvətənlərimizin ruhuna şadlıq diləyirəm!

DÖVLƏTİMİZ VAR OLSUN!

Etikxeber.az

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Etikxeber.az

Read Previous

“Bir çox evlər su altında qalıb, mənim özümün valideynlərimlə birgə yaşadığım evə də yağış suları dolub…”-ELDƏNİZ SƏLİMOV XAÇMAZLILARA SƏSLƏNDİ, ONLARI SƏBRLİ OLMAĞA ÇAĞIRDI, YARANMIŞ VƏZİYYƏTİN ARADAN QALDIRILACAĞINA ƏMİNLİYİNİ BİLDİRDİ – FOTOLAR

Read Next

“Hərənin öz müharibəsi var-dini savaş ayrı, Katalikosluq tacını götürmək ayrı…”-ZAHİD ORUCUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir