“Qamışoba”, “Sorabad”…haradan çıxdı?” – TAHİR RZAYEV – YENİLƏNİB – (1)

Yeni təklif olunan kənd adları da narazılıq yaratdı

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iyunun 5-də keçirilən iclasında 15 rayonun 25 ərazi vahidinin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb.

arif-rahimzade

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri Arif Rəhimzadə bildirib ki, zaman-zaman Azərbaycanın bölgələrində yer, kənd adlarının dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gəlir, qanunvericilikdə müvafiq dəyişikliklər edilir:

“Biz isə belə hesab etdik ki, bu məsələni hər dəfə müzakirə etməkdənsə, bir dəfə müzakirə edək. Ona görə də indi 15 rayonda kənd adlarında dəyişikliklərin edilməsi ilə bağlı belə bir geniş qanun layihəsi müzakirələrə təqdim edilib. Bu dəyişikliklərə əsasən də 25 ərazi vahidinin, 13 inzibati ərazi dairəsinin adının dəyişdirilməsi nəzərdə tutulur. Yəni, inzaibati ərazi vahidinin adında dəyişiklik edilirsə, o zaman həmin dairəyə daxil olan inzibati ərazi vahidinin adında da dəyişikliklər edilməlidir”.

Toponimiya komissiyasının sədri, akademik İsa Həbibbəyli isə deyib ki, dəyişikliklər məsələsi ilə bağlı həm yerli icra hakimiyyəti orqanları və yerli ziyalılarla geniş, hərtərəfli müzakirələr aparılıb:

“Çünki bir çox kənd, yer adları sovetlər dövründə dəyiçdirilərək,  bolşeviklərin, kommunistlərin adları ilə adlandırılıb: məsələn, Qasım İsmayılov, Əzizbəyov, Ağamaloğlu və ya “Kommuna”. Ona görə də bu adlar dəyişdirilməlidir”.

***

Millət vəkili Tahir Rzayev öz növbəsində  dəyişikliklərdə təklif olunan bəzi adlara etirazını bildirib:

“Məsələn, burada bir kəndin adı “Qamışoba” adlandırılır. Bu, nə deməkdir? Bu ad haradan götürülüb? Və yaxud, “Kəhrizli”ni götürək. Axı, bu adda Azərbaycanda bir neçə kənd var, indi təzə “Kəhrizli”yə nə ehtiyac var? Yaxşı olmazdım ki, yeni adlar həmin elin-obanın keçmişinə, tarixinə, təbii sərvətlərinə uyğunlaşdırılsın, yaxud da, Milli Qəhrəmanlardan birinin adı ilə adlandırılsın?! Daha sonra “Şorabad”ı götürək…”Şorabad”ı bizə başa salsınlar ki, nə deməkdir?”.

İ. Həbbibəyli də cavabında bunları deyib:

“Qamışoba”nın adı “Kamışovka”dır. Biz də belə məsləhət bildik ki, “Qamışoba” olsun, əslində isə “Qamışlı” kimi nəzərdə tuturduq, amma sonda bu varianta üstünlük verdik. Yaxud da, “Şorabadı” götürək. Sovetlər dövründə “o” hərfi “”a” hərfi ilə dəyişdirilərək, yəni, Şura hökumətinin şərəfinə “Şurabad” adlandırılıb. Amma kənd tarixən “Şorabad” adlandırılıb, yerli insanlar hər zaman “Şorabad” deyiblər… Yəni, bizi adların gözəlliyi deyil, mahiyyəti maraqlandırır”.

azer-badamov

Millət vəkili Azər Badamov isə hələ çox yer-kənd adlarının dəyişdirilməsinə ehtiyac olduğunu söyləyib:

“Hələ də bir çox yer-kənd adlarımız var ki, adlarının dəyişməsini gözləyir”.

***

Arif Rəhimzadə: “Xalq düşməni” deyilik ki?!

“Sovet hakimiiyəti Azərbaycan xalqına divan çəkdi…Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?! Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada”Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

Bunu da müzakirələrin sonunda komitə sədri A. Rəhimzadə deyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

“Onda gəlin yazaq ki, dərman satan mağaza…” – AKADEMİKDƏN ETİRAZ

Read Next

“Kürdüstan dövləti”ni qanlı gölməçələrdə inşa etmək istəyi…” – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir