“Qanundan heç kəs boyun qaçıra bilməz!”-DEPUTAT BİR DAHA MƏLUM TOY MƏSƏLƏSİ VƏ ONUN ƏTRAFINDA YAŞANANLARDAN BƏHS ETDİ

Son günlər sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi videosu geniş müzakirələrə səbəb oldu.

İnsanlar haqlı olaraq ölkədə elan edilən xüsusi karantin rejiminin tələblərini pozaraq toy mərasimi düzənləyən şəxslərin cəzalandırılmasını tələb etdilər.

Çünki pandemiya ilə əlaqədar ölkədə bu gün yüzlərlə adam övladının toyunu təxirə salıb.

Toysuz gəlin gətirən onlarla valideyn var. Toy mərasimində iştirak edən şəxslər isə ən azı üzrxahlıq etmək əvəzinə, daha kəskin mövqe nümayiş etdirdi.

Bu da onların daha çox haqlı qınağa tuş gəlməsinə səbəb oldu. Ən azı ona görə ki, “qanun mənə şamil edilə bilməz”, yaxud “virus mənə yoluxa bilməz” düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir.

Maraqlıdır ki, qapalı məkanda təşkil olunan toy mərasimində iştirakçılardan heç kim tibbi maskadan istifadə etməyib.

Halbuki Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər.

Prezident hər dəfə hamının qanun qarşısında bərabər olduğunu deyir, xəbərdarlıq edir, heç kimin immuniteti olmadığını bildirir.

Özü, ailə üzvləri şəxsi nümunə göstərir. İctimai etirazların nəticəsi özünü çox gözlətmədi: akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev bu gün məhkəmə qarşısına çıxarıldı və 15 sutka müddətinə inzibati həbs edildi.

Bundan başqa, həmin toyda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzova da partiya tərəfindən töhmət verildi. Toyda iştirakı barədə görüntülər yayılanlar cəzalandırıldı.

Daxili İşlər Nazirliyi toyla bağlı əlavə araşdırma aparıldığını bildirib.

Maraqlıdır, bu toyda iştirak edən digər şəxslər kimlərdir?

Abel Məhərrəmovun şəninə “tost” dediyi Ramiz Mehdiyev dövlətin qanunlarını pozmağın, cəmiyyətin bu qədər gərgin vaxtında “həmişəki güzəştlərlə” yaşamağın “dövlətçilik ənənələrinə” zidd olduğunu bilir axı?!

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb.

Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir:

“Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz. Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

Məsələ ilə bağlı “Report”un əməkdaşı Abel Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

Abel Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib:

“Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb… Mən evdə istirahət edirəm. Sağ olun!”

Bu şəkildə ironiya və xalqımızda əsəb və qıcıq yaradacaq hallar qətiyyən, yolverilməzdir!

Cənab Prezidentimizin mövqeyi hər bir halda bəllidir, qanundan heç kəs boyun qaçıra bilməz!

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Nə əldə edirlər? Kəmfürsətlik? Qisasçılıq?”-TANINMIŞ EKSPERT BAHAR MURADOVANIN MÜDAFİƏSİNƏ QALXDI

Read Next

“Polad Həşimov əsgərə sovet ordusundan qalma yanaşmanı darmadağın edən əsl türk sərkərdəsiydi…”-SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir