QARA QARAYEVİN KÖNÜL NƏĞMƏSİ- Akademik yazır

Onlar hamısı tanınmış, Azərbaycan musiqisi tarixində sözünü demiş, izini qoymuş bəstəkarlardır. 
Arif Məlikov da, Vasif Adıgözəlov da, Hacı Xanməmmədov da, Adil Bəbirov da, Tofiq Bakıxanov da, Xəyyam Mirzəzadə də, Firəngiz Əlizadə də, Polad Bülbülüoğlu da, Oqtay Zülfüqarov da və neçə-neçə başqaları. 

Tələbələri az olub Qara Qarayevin. Təxminən 70 civarında. Amma təqribən hamısı yaxşı bəstəkar kimi alınıb, hərəsi bir bənzərsiz tərzdə böyük Ustadın dərslərini və adını yaşadıb, yolunu davam etdirib və etdirməkdədir.Qara Qarayev ömrü boyu məşğul olduğu heç bir işə ürəksiz yanaşmayıb, nə edibsə, yüksək peşəkarlıq, ciddilik onunçün birinci meyara çevrilib.

Hər addımına, hər əməlinə, yazdığı və söylədiyi hər kəlməyə bu cür vasvası, dəqiq münasibət, dürüst səmt götürmək onun şagird, tələbə seçimində də əsas yer tutub. Ona görə də bəyənib sinfinə qəbul etdiyi tələbələrinin hamısı həyatda və sənətdə öz yerini tapıb.
Həm də Qara Qarayev onların heç birini irəlicədən öz içərisində nəzərdə tutduğu qəlibə, düstura görə istiqamətləndirməyib.
Baxıb ki, hansınında hansı qabiliyyət daha üstündür, hansının ürəyi musiqinin hansı səmtinə daha maildir, hansının istedadı hansı sahədə daha çox parlaya bilər, onu elə o tərəfə də yönəldib.
Qara Qarayev elə ailədən çıxmışdı, elə tərbiyə almışdı və yolunun başlanğıcından elə müəllimlərlə rastlaşmışdı ki, daxilən daim intizamlı, səfərbər olmaq uşaqlığqdan onun həyat tərzi idi.
Məşhur alim, akademik Sergey Kapitsanın bir silsilə müdrik, dillərdə dolaşan fikirləri var ki, biri də budur: “Kostyum kişini intizama kökləyir, onu daxilən mütəşəkkil edir. BBC diktorları vaxtilə son xəbərləri smokinq geyərək oxuyurmuşlar. Baxmayaraq ki, heç onları görən yox idi”.
Qara müəllim səliqəli, zövqlü adam idi, dəblə də geyinərdi, amma heç də həmişə əyninində kostyum olmazdı, gödəkçədə gəzməyi də xoşlardı. Di gəl, daxili intizam, daxilən mütəşəkkillik, daxili özünənəzarət onda fitrətən elə güclü idi ki, sanki elə anadangəlmə smokinqdə idi.
Sergey Kapitsanı anmışkən, o, Qara Qarayevlə dost idi.
Bu musiqiçi, o, fizik. Zahirən iki fərqli qütb.
Lakin ikisi də mahiyyətcə filosof idi, hər ikisi dərin idi, universal, ensiklopedik bilikli idi, ona görə söhbətləri tuturdu, ünsiyyətləri də mütəmadi idi.

qara qarayev-2

– Hətta ruhən yaxınlıq və qohumluqlarını müştərək bir layihədə də ifadə etmək üzərində çalışırmışlar.
Rənglərlə musiqinin təsadüfi yox, məntiqi rabitəsini əlvan işıq effektləriylə nümayiş etdirəcək bir qurğu yaratmaq üzərində xeyli müddət fikir mübadilələri aparırmışlar.
…Qara Qarayevin sənəti də, şəxsiyyəti mənə görə hələ sonacan kəşf edilməmiş bir qitə kimidir.
Hələ biz nəhəng aysberqin yalnız üst qatından agahıq.
Hələ biz onu əsl möhtəşəmliyi ilə tam təsəvvür etmirik.
Hələ onun barəsində Bethovenlər, Baxlar, Mosartlar… kimi dünya dolaşan kitabların yazılacağı,filmlərin çəkiləcəyi günlər qarşıdadır!
…Əngin zəkası, hüdudsuz istedadı, Allahın Qara Qarayevə bəxş etdiyi qabiliyyətlər öz yerində, o həm də mərd, sədaqətli bir insan etibarlı sirdaş, dəyanətli dost idi.
1948-ci ildə Qara Qarayev 30 yaşında olsa da, artıq SSRİ-nin ən qüdrətli bəstəkarlarından sayılırdı və həmin dövrün ən ali təltifi hesab edilən Stalin mükafatının ikiqat laureatı idi.
Müəllimi Dmitri Şostakoviç isə üçqat Stalin mükafatı laureatı.
Həmin il Qara növbəti dəfə Moskvadaymış, təbii ki, gələn kimi burada olmasını dostlara-tanışlara da xəbər veribmiş, istəkli müəllimi Dmitri Şostakoviçə də.

Bir gün mehmanxana otağındakı telefonu zəng çalır: 
– Qarik, təcili bizə gələ bilərsənmi?
Müəlliminin səsindəki təşviş, pərişanlıq onu bərk narahat edir və niyəsini soruşmadan dərhal dillənir:
–Əlbəttə, Dmitri Dmitriyeviç, bu dəqiqə çıxıram.
Müəlliminin tanış mənzilinə daxil olanda görür ki, Şostakoviç harasa getməyə hazırlaşan adam kimi geyimli-kecimli əyləşib, stolun yanında da ağzı açıq balaca çamadan. 
Gözucu baxır ki, çamadana dəyişik üçün alt paltarı, üzqırxan, diş fırçası, yəni ezamiyyətə hazırlaşan bir adamın götürəcəyi zəruri şeylər yığılıb.
Dmitri Şostakoviç özü dillənir:
– Bir neçə saat mənimlə birlikdə qala bilərsənmi? Xəbər almışam ki, deyəsən bu gün məni aparacaqlar.
Bilməyənlər bilsin ki, Sovet İttifaqında kütləvi siyasi repressiyaların müdhiş dalğası 1937-dən sonra bir də yenidən 1948-də kükrəmişdi və SSRİ boyu onlarca ziyalı, sənət xadimi “xalq düşməni” damğası ilə həbslərə atılmışdı, sürgün edilmişdi. 
Və bu gedişatda heç kəsə aman yox idi. 
Bu amansız rejim ad-sanı, şöhrəti vecinə alan deyildi, 3 yox, 5 Stalin mükafatı olanı da 5 dəqiqəyə məhv edə bilərdi. Əslində elə Qaranın digər müəllimi Üzeyir Hacıbəyli də 1948-ci ildə ən ciddi şəkildə hədəfdəydi. O da, Səməd Vurğun da həbsin lap astanasındaydılar. Elə həmin mümkün yaxın fəlakətin sarsıntıları Üzeyir bəyin şəkərini şiddətləndirir, səhhətini tam laxladır və 1948-in noyabrında ömür yolu vaxtsız qırılır.
…Şostakoviçlə Qara oturub dərdləşirmişlər və Tofiq Quliyev Qara müəllimin dilindən həmin böhranlı saatlarda nələrdən danışdıqların da mənə söyləmişdi. Üzücü saatlar bir-bir ötür, gecə düşür, həyəcan daha da artır. 
Çünki adətən o bədbəxtlik bayquşları qurbanlarını aparmaqçün elə gecə yarı təşrif gətirərdilər.
Səhəri səksəkəli ürək döyüntüləri ilə, dirigözlü açırlar. 
Nədirsə, gələn olmur. 
Bəla sovuşur…
Və ustadına həyatının ən ağır anlarında ona hayan olmuş Qara təhlükənin ötüb keçməsinə əmin olndan sonra yüz ilin yorğunu kimi qalxıb yollanır mehmanxanaya…

İndi, XXI əsrin insanına, o əcaib əyyamlardan xəbərsizlərə Qara Qarayevin həmin dəhşətli gecədəki əməlinin arxasında hansı mərdliyin, hansı qəhrəmanlığın dayandığını dolğunluğu ilə qavramaq çətindir.
Elə qəddar zamanmış ki, dövlətin siyasi etibarsızlıqda suçladığı, xəyanətkar damğası vurduğu insanlar dərhal təcrid vəziyyətinə düşürmüş. Onların halı başqalarının yaxınlaşmağa çəkindiyi tauna mübtəla olmuşların, yaxud hürkərək adamların uzaq qaçdığı, ikrahla “toxunulmazlar” adı qoyulmuşların vəziyyətindən də pis olurmuş.
Sovetin gözündən düşənlərə salam vermək, qayğı göstərmək, əl tutmaq elə dövlətin siyasətinin əleyhinə getmək, “xalq düşməni”nə rəğbət kimi dəyərləndirilirmiş. Və belələrinin də eyni taleyi yaşaması üçün qərarın qəbul edilməsi də cəza orqanlarının əlində su içmək kimi asanmış. Böyük olmaqçün və tarixdə, ürəklərdə, minnətdar yaddaşlarda yaşamaqda davam edən uca şəxsiyyətə dönməkçün seçdiyin sənətdə, tutduğun yolda qabil, istedadlı olmaq hələ azdır.

Gərək həm də böyük insan ola biləsən!
Ya bəlkə elə böyük insan olmaq da parlaq isdedadlılığın ayrılmaz tərkib hissəsidir?
Əgər belədirsə, bunun ən bariz örnəklərindən biri elə dahi Qara Qarayevdir ki var!
…20 yaşında bəstələdiyi “Ürək nəğməsi” ona ilk geniş şöhrəti gətirdi, onu milyonlara tanıtdı.
Sonra onillər boyu bir-birindən qüvvətli neçə-neçə gözəl əsərlər yazdı.
Hərəsinin tamam başqa adı.

Ancaq ilk şərəf çələnglərini ona nəsib edən həmin nəğmənin adı Qara Qarayevin bütün misilsiz yaradıcılığına yaraşan bir ünvan kimi həmişəlik qaldı. Qara Qarayevn solmaz irsi bu millət və insanlıq üçün hər zaman sevimli bir könül nəğməsi kimi dogma olacaq!..

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

“Gəncəlilər yaxşı bilirlər ki…” – MİLLƏT VƏKİLİ YAP-IN QƏRARINDAN DANIŞDI

Read Next

“Allah heç kəsi övladının sağlamlıgı ilə imtahana çəkməsin!” – ƏMƏKDAR ARTİST – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir