“Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir” – ƏLİ ƏHMƏDOV – YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının(YAP) qərargahında “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib.

Etikxeber.az  xəbər verir ki, tədbirdə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, deputatlar, rəsmi şəxslər və partiya üzvləri iştirak ediblər.

Konfransı açıq elan edən Ə. Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi:

“Bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə k,i faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Ə. Əhmədov vurğulayıb ki, ölkə Prezidenti “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyub: “Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirib”.

Ə. Əhmədov əlavə edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: “Lakin təəssüflər olsun ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyini müdafiə edən yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.

***

“Prezident İlham Əliyevin “Valday” klubunda qətiyyətli bəyanatı biz – Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdi”.

Bunu isə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev söyləyib.

Onun dediyinə görə, ölkə başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi: “Bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik”.

T.Gəncəliyev qeyd edib ki, ermənilərə ikinci böyük zərbə Aşqabadda – MDB-nin zirvə toplantısında vuruldu:

“Bütün bunların sayəsində Azərbaycanın haqq səsi bütün dünyanın diqqətinə çatdırıldı. Cinayətkar ünsürlər bu qətiyyətli bəyanatlardan dərs götürməli, tezliklə qüvvələrini işğalda olan torpaqlarımızdan çıxarmalıdırlar. Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu Azərbaycan respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul edib, bayrağımız altında yaşamağa razılıq verməkdir. Ölkə başçısının bəyanatı erməni icmasına da ünvanlanır ki, onlar yuxudan ayılsınlar, işğalçı rejimdən qurtularaq, Azərbaycan ərazilərinin suverenliyi çərçivəsində bizimlə bir yerdə yaşamağın vacibliyini anlasınlar. Əks halda hər keçən gün onları daha da uçuruma aparır”.

Etikxeber.az

 

Read Previous

“Barış pınarı”na görə – TÜRKİYƏDƏN AZƏRBAYCANA TƏŞƏKKÜR

Read Next

Məmmədyarov-Çavuşoğlu “buluşma”sında nələr müzakirə olundu? – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir