“Qarabağ iqtisadi rayonunun yaradılması o deməkdir ki, bolşeviklərin “kəşf”i olan “Dağlıq Qarabağ” anlayışı tarixin əbədi zibilliyinə atılır”-SAHİB ALIYEV – MİLLƏT VƏKİLLƏRİ PREZİDENTİN SON FƏRMANINDAN DANIŞDILAR

Eldəniz SƏLİMOV: “Qarabağ iqtisadi rayonunun yaradılması “Dağlıq Qarabağ” məhfumunun da birdəfəlik cəhənnəmə getməsindən, gorbagor olmasından xəbər verir. Bununla da mesaj verilmiş olur ki, artlq dağlı-aranlı bütöv Qarabağ və Qarabağlı vahid Azərbaycan var”

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanı heç şübhəsiz ki, günün reallığından doğan bir addımdır, amma strateji hədəflidir. Strateji hədəfli deyərkən təkcə iqtisadiyyatı nəzərdə tutmuram. Fikrimcə, bu Fərmanla regionlarda indikindən fərqli, bir tərəfdən daha təmərküzləşmiş, digər tərəfdən isə bələdiyyələrin rolunun qat-qat artacağı yeni bir idarəçiliyin himi qoyulur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev dilə gətirib.

“Detallara varmadan deyim ki, Fərman həm də geosiyasi mahiyyətlidir, ikinci Qarabağ savaşının meydana çıxardığı üstünlüyün daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir. Qarabağ iqtisadi rayonunun yaradılması o deməkdir ki, bolşeviklərin “kəşf”i olan “Dağlıq Qarabağ” anlayışı tarixin əbədi zibilliyinə atılır. Şərqi Zəngəzur iqtisadi rayonunun niyə yaradıldığı və nə anlam daşıdığı isə heç kəsə sirr olmasın gərək.Sonda onu da deyim ki, mənə görə, Fərmanın məhz bu gün imzalanması da təsadüfi deyil. Ermənistanda kimin nə yaratmasından asılı olmayaraq regionda proseslər məhz Azərbaycanın maraqlarına uyğun şəkildə getməlidir, gedəcək!”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Digər millət vəkili Eldəniz Səlimov da ölkə Prezidentinin son Fərmanını olduqca müsbət və təqdirəlayiq addım kimi dəyərləndirib.

Qeyd edib ki, belə bir Fərmanın məhz indiki məqamda ortaya qoyulması, imzalanması Azərbaycanın növbəti inkişafından, növbəti böyük hədəflərindən xəbər verir.

Onun sözlərinə görə, əgər indiyə kimi ölkədə 10 iqtisadi rayon var idisə, son Fərmanla onların sayı 14-ə qaldırılmış oldu.

Eyni zamanda, ən mühüm məqamlardan biri Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasıdır.

“Bildiyiniz kimi, 10 noyabr bəyanatında və ondan sonra ölkə Prezidentinin bütün çıxışlarında Zəngəzur dəhlizinin açılması məsələsi özünün əksini tapmaqdadır. Bu, ölkə Prezidentinin, 44 günlük müharibə ilə 32 illik münaqişəni başa çatdırmış, düşməni qarşısında diz çökdürmüş, onun üzrərində tarixi Qələbə və Zəfər qazanmış Qalib Azərbaycanın dəmir iradəsinin, qətiyyətinin, cəsarətinin nəticəsidir. 27 sentyabra qədər bəzilərinə Qarabağın azadlığı, torpaqlarımızın düşməndən azad edilməsi xəyal kimi görünürdü, ancaq ölkə Prezidenti, Rəşadətli Azərbaycan Ordusu, İgid Azərbaycan Əsgəri bu xəyalı gerçəkliyə, reallığa çevirdi.

Təəssüflər olsun ki, indi bəzən Zəngəzur dəhlizinə də xəyal kimi yanaşanlar var, ancaq onlar bilsinlər ki, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi ilə çox yaxın zamanlarda bu məsələ də reallaşacaq, Azərbaycan daha bir Qələbə və Zəfərinə imza atacaq. Kimsənin də buna şübhəsi olmasın. Odur ki, Zəngəzur dəhlizi məsələsi aktual şəkildə gündəlikdə olduğu bir məqam və dönəmdə Şərqi Zəngəzur adlı iqtisadi rayonun yaradılması Azərbaycanın nə qədər qətiyyətli və cəarətli olduğunu göstərir. Yəni, bununla bir daha mesaj verilmiş olur ki, Zəngəzur dəhlizinin də açılması, reallaşması an məsələsidir və bu, mütləq olacaq, gerçəkləşəcək.

Eyni zamanda, əvvəlki dövrlərdən fərqli olaraq, yəni, Yuxarı və Aşağı və ya Dağlıq və Aran Qarabağ bölgüsü olmadan bütövlükdə Qarabağ iqtisadi rayonunun yaradılması “Dağlıq Qarabağ” məhfumunun da birdəfəlik cəhənnəmə getməsindən, gorbagor olmasından xəbər verir. Bununla da mesaj verilmiş olur ki, artlq dağlı-aranlı bütöv Qarabağ və Qarabağlı vahid Azərbaycan var. Ona görə son Fərman olduqca vacib, olduqca əhəmiyyətli, olduqca önəmli və gələcəyə hesablanmış bir Fərmandır”-deyə, millət vəkili daha sonra bildirib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda iqtisadi rayonların sayı artırıldı-ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU YARADILDI – FƏRMAN

Read Next

Daha 127 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir