“Qarabağ” – “Kukesi” – 3:0 – FOTO – YENİLƏNİB -(3)

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” bu gün Albaniyanın “Kukesi” komandası ilə qarşılaşacaq.

Etikxeber.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da canlı yayımlanacaq oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşün baş hakimi Peter Kraloviç olacaq.

Ona Miroslav Benko, Erik Veiss kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Patrik Hrçka yerinə yetirəcək.

Onu da qeyd edək ki, səfərdə keçirdiyi ilk oyunda qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma meydanda azarkeşlər önündə qələbə qazanmağa çalışacaqlar.

Ağdam təmsilçisi bu görüşdə yeni transferləri – Con Delarj və İnnosent Emeqaranı da meydana çıxara bilər.

“Qarabağ” komandası “Kukesi” səddini keçəcəyi təqdirdə BATE (Belarus) – HİK (Finlandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Məğlub olan komanda isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) matçında üstün olan klubla qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Oyunun slovakiyalı baş hakim Peter Kraloviç idarə edəcək.

Xatırladaq ki, dünən UEFA Çempionlar Liqasının üç oyunu keçirilib.

Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan Moldovanın “Şerif” klubu evdə Makedoniyanın “Şkendiya” komandasını sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da “Şkendiya” mərhələ adlayıb.

İlk oyunda İsrailin “Hapoel” komandasını beş cavabsız qolla darmadağın edən Xorvatiyanın “Dinamo” klubu cavab oyununda məhsuldar heç-heçə (2:2) sayəsində adını növbəti mərhələyə yazdırıb.

Slovakiyanın “Spartak” klubu Trnavada Polşanın “Legiya” komandasına 0:1 hesabı ilə uduzub. Lakin ilk görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Spartak” iki oyunun nəticəsinə görə bu turnirdə mübarizəni davam etdirəcək.

***

Qarşılaşma başlayıb.

Hesab hələlik açılmayıb-0:0.

***

Oyunun ilk hissəsi Ağdam təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.

İlk hissədə yeganə qol qarşılaşmanın 24-cü dəqiqəsində vurulub. Belə ki, cərimə meydançasında İnosent Emeqaraya qarşı kobudluğu hakim 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirib.

Topa yaxınlaşan Dani Kintana fürsəti əldən verməyib – 1:0.

***

Oyunun ikinci hissəsi başlayıb.

***

Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən ağdamlılar 52-ci dəqiqədə rəqibin sayca azlıqda qalmasından məharətlə istifadə edərək hesab arasındakı fərqi iki topa çatdırıblar. Rəqib komandanın heyətində Alba Ala qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Dani Kintana qonaqların qapısına təyin olunan 11 metrlik ikinci cərimə zərbəsini də dəqiq yerinə yetirib – 2:0.

Lakin bu da oyunda sonuncu qol olmayıb.

Görüşün əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış “Qarabağ” komandası “Kukesi” nin qapısına üçüncü dəfə yol tapıb. Ağdamlıların yeni transferi Çin Delarj oyunda son nöqtəni qoyub.

Beləliklə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn “Qarabağ” növbəti mərhələyə vəsiqə qazanıb.

Ağdamlıların növbəti mərhələdə rəqibi Belarusun “BATE Borisov” komandası olacaq.

Etikxeber.az

 

Read Previous

Balayevlə Mustafayev “Şərəf”, Əzizbəyli isə “Şöhrət”lə təltif edildi – SƏRƏNCAM

Read Next

Yol qəzasında 9 nəfər öldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir