“Qarabağ məsələsində Türkiyənin mövqeyi qəti və birmənalıdır” – FUAT OKTAY İLHAM ƏLİYEVLƏ GÖRÜŞDƏ BƏYAN ETDİ – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı.

Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi.

Dövlət başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.

fuattt

Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.

Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

Dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

 

Read Previous

“Filankəs çörək verən adamdı” ifadəsi hər adama deyilməz” – RAMİZ HƏSƏNOĞLU YAZDI

Read Next

Sinif otağının tavanı çökdü, şagirdlər ölümdən döndü -İLK DƏRS GÜNÜNDƏ – 21-Cİ ƏSRDƏ GORANBOY RAYONU BOLUSLU KƏND MƏKTƏBİNİN DURUMU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir