“Qarabağ, muğam nə vaxtdan sizin olub?” – DEPUTATDAN KƏSKİN ETİRAZ

Kamilə ƏLİYEVA: “Onlar “bilməsələr” də, “unutsalar” da, bizlər-bu torpaqların qanunu sahibləri hər şeyi yaxşı bilirik, yaxşı xatırlayırıq, heç nəyi də unutmamışıq, unutmuruq”

Təxribatçılıq, fitnəkarlıq paşinyanlar ailəsinin ruhunda, qanında, canındır. Çevriliş yolu ilə küçədən hakimiyyətə gələn Nikol Paşinyan ilk gündən xələflərindən, qatı cinayətkarlar, əlləri Azərbaycan xalqının qanına bulaşmış Kocaryan və Sarkisyandan da “irəliyə” gedərək, Qarabağ məsələsinin həllində daha çox radikallıq, destruktivlik, sülh danışıqlarının pozulmasına, status-kvonun davam etməsinə yönəlik bir-birinin dalınca təxribatçı bəyanatlarla çıxış edir, Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edir, beynəlxalq hüququn normalarını ayaqlar altında tapdalayır, cəbhə, təmas xəttində qanların tökülməsinə bais olur.

Amma görünür Paşinyan ailəsinin ikinci üzvü, baş nazirin xanımı Anna Akopyan destruktivlikdə, dağıdıcılıqda, təxribatçılıqda həyat yoldaşını da ötür keçir. Heç bir hədd, əndazə gözləmir, elementar siyasi mədəniyyət və siyasi etiket qaydalarından belə çox-çox uzaqda dayanır. Əgər belə olmasaydı, o, sərsəm, məkrli, qana susayan bəyanat, fikir səsləndirməzdi.

Bunu Etikxeber.az-a açıqlamasına millət vəkili, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, belə ki, A. Akopyan BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı öz aləmində Qarabağ münaqişəsi ilə bağlı yeni “mədəni” fikir səsləndirib:

“O bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edir. Lakin sonra onun dediyimi kimi, illərdən gələn erməni geni qabarıb, işğalçılıq mahiyyətini ortaya qoyub. Deyib ki, əgər müharibə başlasa, Ermənistan yeni ərazilər işğal edəcək və azərbaycanlılar muğama qulaq asmaq üçün növbəti məkanlar arzulayacaqlar. İnsan nə qədər reallıq, məsuliyyət hissi itirmiş, nə dərəcədə siyasi etiket qaydalarından uzaq qalmış olar ki, bu cür avantürist, sərsəm fikir, bəyanat səsləndirər. Görünür, onlarda artıq ailəlikcə reallıq, məsuliyyət hissi, siyasi tərbiyə və mədəniyyət deyilən heç nə yoxdur. Axı, o, hansı üzlə və haqla belə təklif səsləndirir? Ona kim və kimlər bu haqqı verib? Mehriban xanım hara, o hara? Gör kim özünü kimə tay tutur?!

Eyni zamanda, Qarabağ, onun dilbər guşələri-dünyanın musiqi konservatoriyası Şuşamız, o cümlədən, Xankəndimiz, Ağdamımız, digər işğal altında olan yurd yerlərimiz nə vaxtdan erməni və Ermənistan torpağı olub ki, Paşinyanın həyat yoldaşı bu cür sərsəmləyir? Qarabağ nə vaxtdan onların torpağı, ərazisi olub? Onlar Ermənistana (qədim Azərbaycan torpaqlarına), o cümlədən, Qarabağa 19-cu əsrdə haradan gətirildiklərini, haradan köçürüldüklərini nə tez unudublar? Onlar “bilməsələr” də, “unutsalar” da, bizlər-bu torpaqların qanunu sahibləri hər şeyi yaxşı bilirik, yaxşı xatırlayırıq, heç nəyi də unutmamışıq, unutmuruq. Onlar Qarabağı, ona bitişik işğal altında olan ərazilərimizi ancaq yuxularında və xəyallarında görə bilərlər. Qarabağ, işğal olunmuş ərazilərimiz Azərbaycan xalqının əzəli-əbədi dədə-baba torpaqlarıdır, orada artıq ikinci erməni dövləti yaradıla bilməz.

Buna Azərbaycan xalqı imkan verməz və heç zaman da verməyəcək. Məqam gələcəyi təqdirdə də, yəni, sülh danışıqları bir nəticə verməsə, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu öz sözünü deyəcək – Aprel hadisələrində olduğu kimi. Və həmin əraziləri son qarışınacan erməni quldurlarından, erməni terrorcularından, erməni cəlladlardan azad edəcək, təmizləyəcək, üçrəngli bayrağını dalğalandıracaq. İkincisi, muğam dünyanın ən zəngin mədəniyyət, sənət hadisəsi olmaqla, Azərbaycan xalqına məxsusdur. Bunu bütün dünya qəbul və etiraf edir. Azərbaycan mədəniyyəti və ifaçılıq sənəti muğamlarımız və muğam ifaçılarımızn, korifeylərimizin sayəsində sərhədləri aşaraq dünyanın hər yerinə yayılıb, sevilib, şöhrətlənib. İndi insan nə qədər ağılsız, düşüncəsiz və rəzil bir durumda olar ki, muğamı heç bir aidiyyatı olmadığı halda öz adına-ermənilərin adına çıxar?! Bunu ancaq və ancaq akopyanlar, paşinyanlar, digər yanlar edə bilər. Çünki onlar üçün müqəddəs heç nə yoxdur, oğruluq, plagiatlıq, gözüdoymazlıq onların canında, qanındadır.Azərbaycan muğam bu gün özünün ikinci inkişaf və intibah dövrünü yaşamaqdadır”.

Millət vəkili qeyd edib ki,  ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və rəhbəri olduğu Heydər Əliyev Fondunun misilsiz xidmətləri sayəsində Azərbaycan muğamı daha gur şəkildə dünyaya səs salmaqda, insanları heyran etməkdə, riqqətə gətirməkdədir:

“Hər il ölkəmizdə möhtəşəm Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Festivalı keçirilir. Bunlar bir daha muğamın kimliyini, kimə, hansı xalqa mənsub olduğunu göstərir. Odur ki, Anna Akopyanın son fikirləri təxribat xarakteri daşımaqla, erməni mahiyyətinin, erməni xislətinin növbəti əyani ifadəsidir, təzahürüdür. Onlar bu cür xəstə təfəkkürlə çox da uzağa gedə bilməyəcəklər, dalana dirəcəklər, uçuruma yuvarlanacaqlar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Bakıdan, sənətdən getmək istəyirdim, darıxırdım…” – AYBƏNİZ HAŞIMOVANIN TƏLƏBƏLƏRİ İLƏ BİRLİKDƏ 4 SAATDAN ÇOX ÇƏKƏN MÖHTƏŞƏM SƏNƏT GECƏSİ – FOTOLAR

Read Next

AŞPA-nın 3 komitəsinin və Büro iclası başlayır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0