“Qarabağ uğrunda mübarizə apararkən yalnız Qarabağdan danışmalı deyilik: Bunun ən gözəl üsulu odur ki, Qarabağ mübarizəsi ilə bərabər Azərbaycanı dünyaya təqdim etmək potensialını ortaya qoymaq lazımdır”-SƏMƏD SEYİDOV

 Azərbaycanın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz diplomatik müstəvidə  uğurlu siyasət aparır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Hesab edirəm ki, biz Qarabağ uğrunda mübarizə apararkən yalnız Qarabağdan danışmalı deyilik. Bunun ən gözəl üsulu odur ki, Qarabağ mübarizəsi ilə bərabər Azərbaycanı dünyaya təqdim etmək potensialını ortaya qoymaq lazımdır. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfə, cəmiyyətimizin inkişafı, mədəniyyətimiz, təhsilimiz də təqdim olunmalıdır. Hər bir məsələdə Qarabağ amili var”-deyən S. Seyidovun sözlərinə görə, pandemiyaya qarşı mübarizə və Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə təşəbbüsü humanitar məsələdir. Azərbaycan dünyanı narahat edən humanitar məsələ ilə bağlı mühüm təşəbbüs irəli sürüb. Yəni, Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt nahaq addımlar ata bilməz. Bunun əksini iddia edənlər isə ölkəmizə qarşə qərəzli münasibətdə olanlardır.

“Ona görə də, bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində hörmətimizi çox gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir.

Bütün bunlar Qarabağ məsələsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə isə, cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir.

Prezident İlham Əliyevin həyata keçirdiyi  diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur”-deyə, S. Seyidov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Yazılı mətbuatdan, qəzetlərdən daha çox elektron informasiya vasitələrinə, saytlara diqqət artırılmalı, onlara daha çox maliyyə ayrılmalıdır”-FƏZAİL AĞAMALI KİVDF-NİN SON ADDIMINI TƏNQİD ETDİ

Read Next

513 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir