Qardaşı da, özü də Birinci Qarabağ Savaşı Şəhidi olan əslən Laçınlı, bir övladı Vətənə əmanət qalan-KƏRƏM ZEYNALOVUN BU GÜN ANIM GÜNÜDÜR, ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 32 İL KEÇİR…MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Laçın rayonundan olan Birinci Qarabağ Savaşı Şəhidi Kərəm Əyyub oğlu Zeynalovun Anım günüdür.

Bu gün Kərəm Zeynalovun Əbədiyyətə uğurlanmasından 32 il keçir.

Anım Günü ilə bağlı bu gün-7 avqust 2024-cü il tarixində Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Məktəblilər, uşaqlar tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarətdən sonra Saray qəsəbəsində-Şəhidin ailəsinin, tək övlad anası Atlas xanımın yaşadığı evdə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib, həyat yoldaşı Atlas xanıma və ailəli, iki övlad anası olan tək qızı Elmira xanıma Allahdan səbr və dözüm arzulanıb.

Anım mərasimində Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidi Səbuhi Həsənquliyevin anası, yüzlərlə Şəhidə şeirlər həsr etmiş şairə Maisə xanım Şəhid Kərəm Zeynalova həsr etdiyi şerini səsləndirib.

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü Raziyə Kamilqızı, tanınmış ictimai fəal, hər zaman Şəhid ailələrinin yanında olan Arzu Əliyeva, Şəhid Elşad Əliyevin anası Flora Əliyeva və digərləri çıxış edib, Kərəm Zeynalov da daxil olmaqla, cəmi Şəhidlərimizin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından söz açıblar.

Anım mərasiminin sonunda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin Anım mərasimində ailə üzvləri, Bakı Sumqayıt şəhərlərindən olan Birinci və İkinci Vətən Müharibəsi Şəhidlərinin ailələri, Şəhid anaları, Şəhid xanımları, din xadimləri, ziyalılar və media mənsubları iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Kərəm Zeynalov 1967-ci il yanvarın 11-də Laçın rayonunun Yuxarı Fərəcan kəndində dünyaya gəlib.

O, kənd orta məktəbində tam orta təhsil alıb.

Keçmiş sovet ordusunda həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğulub böyüdüyü Laçın rayonu Fərəcan kəndinə qayıdıb.

İlk əmək fəaliyyətinə Laçın rayonu Səfiyan sovetliyində yerləşən sovxozda briqadir vəzifəsindən başlayıb.

Lakin erməni silahlı qüvvələrinin ölkəmizə qarşı başladığı elan olunmamış müharibə qeyrətli Vətən övladları kimi onu da əlinə silah götürməyə məcbur edir.

1991-ci ildə müdafiə qrupu yaranıb, Kərəm o qrupa qoşulub və kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Onun döyüş yolu Şuşanın Turşsu kəndindən, Laçın və Kəlbəcər rayonlarından keçib.

1992-ci ilin avqustun 3-də Laçın rayonu uğrunda gedən “Qızartı” döyüşündə yaralanan Kərəm Zeynalov səkkiz yaralı ilə birlikdə Bakı hospitalına gətirilib, beynindən əməliyyat olunub.

Ancaq həkimlərin səylərinə baxmayaraq yarası dərin olduğundan Kərəm Zeynalovun həyatını xilas etmək olmayıb.

Kərəm Zeynalov avqustun 7-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

1990-cı ilin dekabr ayında Kərəm Zeynalov Atlas xanımla ailə qurub və Elmira adlı bir qız övladları dünyaya gəlib.

Elmira xanım hazırda ailəlidir.

Ötən il dünyaya gələn övladına atasının-Kərəm Zeynalovun adını verib.

Qeyd edək ki, Kərəm Zeynalovdan 2 il sonra, 1994-cü ildə isə iki övlad atası olan qardaşı Salman Zeynalov da Şəhidlik məqamına ucalıb.

Hər ikisinin də məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsınlar!

18:50

***

FOTOLAR:

19:40

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rafael Hüseynov “Şərəf” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir-MSK SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir