Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qubadlı rayonunun Çardaqlı kəndindən və Sumqayıt şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emil Vaqif oğlu İsgəndərovun doğum günüdür.
Emil İsgəndərovun sabah 34 yaşı tamam olur.
Bu, Şəhidin həm də Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı zuyarət olunacaq, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Emil İsgəndərov 1990-cı ilin avqust ayının 5-də dünyaya gəlib.
Ailədə 3 qardaşdan biri, evin böyük övladı olub.
Orta məktəbi bitirdikdən sonra, 2008-2010-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını hərb ilə bağlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında fəaliyyətə başlayıb.
Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin Giziri olub.
İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa istiqamətlərində döyüşüb.
Emildən başqa digər qardaşları-İsgəndər İsgəndərov və Əli İsgəndərov da müharibədə iştirak ediblər.
Atası Vaqif İsgəndərov isə Birinci Qarabağ Savaşının iştirakçısı olub.
Emilin şərəfli döyüş yolu 38 gün çəkib və noyabrın 4-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 12-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra iki medalla təltif olunub.
O, həm də ailəli, iki oğlan atası olub.
2017-ci ildə ailə həyatı quran Emilin İbrahim və Nicat adlı oğlan övladları ailəsinə, Vətəninə əmanət qalıb.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az